REGİONLAR
Prezident İlham Əliyev: Pambıq istehsalçılarına verilən pul əhəmiyyətli dərəcədə artırılmalıdır
Bakı, 27 yanvar, AZƏRTAC
Bitkiçilikdə böyük inkişaf var. Keçən il kənd təsərrüfatının inkişafı daha çox bitkiçiliklə bağlı idi. Hesab edirəm ki, biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq. Çünki bu, həm insanları işə cəlb edir, - pambıq tarlalarında çox insan işləyəcək, maaş alacaqdır, - eyni zamanda, bu, valyuta gətirən məhsuldur. Biz həm xam pambığı satmalıyıq, həm də ki, onu ipliyə, daha sonra tekstilə çevirib ixrac etməliyik. Bu, mütləq olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda deyib.
Pambıqçılara verilən pulun artırılmalı olduğunu bildirən dövlətimizin başçısı deyib: “Mənə verilən məlumata görə, indi bir kiloqram pambıq üçün insanlara 42 qəpik ödənilir. Hesab edirəm ki, bu, çox azdır. Bu, əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Pambıqçılıq sürətlə inkişaf etməlidir, həmçinin tütünçülük və çayçılıq. Bu sahədə də bizim böyük ənənələrimiz var. Sovet dövründə nə qədər pambıq yığılırdı - 1 milyon ton. Çay, tütün. Biz bu sahələri canlandırmalıyıq”.