REGİONLAR


Prezident İlham Əliyev: Pambıqçılıq sahəsində gələcək planlarımızı nəzərə alaraq indidən tədbirlər görməliyik

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Müxtəlif sahələr üzrə konkret proqramlar, layihələr icra edilib, böyük vəsait, texnika ayrılıb. Subsidiyalarda düzəlişlər edilir. İndi subsidiyalar fermerləri stimullaşdıracaq. Bu il bu sahədə bir sınaq ili idi. Əminəm ki, yaxşı nəticələr olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Hazırda 24 rayonda pambıqçılığın inkişafı uğurla gedir

Pambıqçılıqla bağlı işlərin uğurla aparıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Sabirabad rayonunda müşavirə keçirildi. İndi 24 rayonda pambıqçılığın inkişafı uğurla gedir. Bu il 100 min ton pambıq tədarük edilməlidir, gələn il 250-300 min ton, ondan sonrakı illərdə daha da çox. Biz çalışmalıyıq ki, sovet dövrünün ən yaxşı illərində istehsal etdiyimiz səviyyəyə yavaş-yavaş yaxınlaşaq. Bu, iş yerləri deməkdir. Təkcə bu il pambıqçılıqda 70 minə yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artırsaq bu sahədə 100 mindən çox, bəlkə də 150 min insan işlə təmin ediləcək”.

Yeni pambıqtəmizləmə zavodları tikilməlidir

“Burada da gələcək planlarımızı nəzərə alaraq indidən tədbirlər görməliyik. Mənə verilən məlumata görə, bizim pambıqtəmizləmə zavodlarımızın həcmi 300-350 min tondur. Biz bu rəqəmə ola bilər 2018-ci ildə, bəlkə də tez çatacağıq. Ona görə, bizdə yeni pambıqtəmizləmə zavodları tikilməlidir. Artıq İqtisadiyyat Nazirliyinə göstərişlər verilib, özəl sektor da, əlbəttə ki, bu işə qoşulmalıdır. Onların harada qurulması üçün yerlər müəyyən edilməlidir ki, biz sonra vaxt itirməyək”, - deyə dövlətimizin başçısı bildirib.

Pambığın yeni alış qiyməti bu sahədə işləyənlərin gəlirini iki dəfə artıracaq

Subsidiyaların verilməsində də ciddi addımların atıldığını vurğulayan Prezident İlham Əliyev deyib ki, bu yaxınlarda əlavə vəsait ayrıldı. Ondan əvvəl pambığın alış qiyməti 40 qəpikdən 50 qəpiyə qaldırıldı: “Yəni, biz bunu ona görə edirik ki, o ağır sahədə işləyənlər daha yaxşı pul alsınlar. On qəpik artım artıq orada işləyənlərin gəlirini iki dəfə artıracaq. Eyni zamanda, biz indi elə bir mexanizm işləmişik ki, bu, kəndliləri, fermerləri stimullaşdıracaq və onlar özləri buna daha böyük maraq göstərəcəklər.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.