RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olub VİDEO

A+ A

Qəbələ, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olub.

Layihələrin təqdimatı zamanı dövlətimizin başçısına məlumat verildi ki, “Şinkar Holdinq” MMC tərəfindən aparılan layihələndirmə və tikinti işləri çərçivəsində 2,5 hektar ərazidə 226 nömrədən ibarət yeni “Qafqaz Akva Lənd” otelinin inşası həyata keçirilir.

Tikintisi davam etdirilən infrastruktur layihələrindən biri də “Qafqaz Daymond Akvapark”dır. Bu layihə çərçivəsində müxtəlif təyinatlı hovuzlar şəbəkəsi qurulacaq. Hovuzların ümumi su tutumu 5 min 470 kubmetr olacaq. Bundan əlavə, ərazisi 350 min kvadratmetr olan, “Qəbələnd” əyləncə mərkəzi və “Aqva Lənd” otelinin yaxınlığında dağların bənzərsiz gözəlliyinə açılan mənzərəli bir ərazidə yerləşən “Qəbələ Qolf Villaları” qonaqlara xoş və maraqlı istirahət imkanı təqdim edəcək.

“Qəbələ Qolf Villaları” ərazisində 66 villa inşa edilib. Ərazidə üçmərtəbəli, 24 mənzilli iki bina, SPA və əyləncə mərkəzi, uşaq bağçası da var. Layihənin əsas özəlliyi ərazidə qolf sahələrinin olmasıdır. Burada 72 hektar ərazidə qolf sahəsi salınır. Qolf məşq sahəsi, qolf klub da azarkeşlərin istifadəsinə hazırlanır.

Dövlətimizin başçısı görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır