SİYASƏT
Prezident İlham Əliyev: Referendumun nəticələri bizim siyasətimizə xalq tərəfindən verilən böyük dəstəkdir
Bakı, 1 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2016-cı ildə keçirilən referendumun nəticələrini xalqın dövlət tərəfindən yürüdülən siyasətə böyük dəstəyi kimi qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, referendumun azad və şəffaf şəkildə aparıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Bütün exit-pollar referendumun rəsmi nəticələrini təsdiqləmişdir. Beynəlxalq müşahidəçilər də qeyd etmişlər ki, referendum azad, şəffaf şəkildə həyata keçirilmişdir, heç bir pozuntu olmamışdır və Azərbaycan xalqının iradəsi referendumun nəticələrində öz əksini tapmışdır. Referendumun nəticələri bizim siyasətimizə xalq tərəfindən verilən böyük dəstəkdir”.
Prezident İlham Əliyev bu dəstəyə və inama görə Azərbaycan xalqına minnətdarlığını bildirib. “Bir daha Azərbaycan xalqını əmin etmək istəyirəm, bütün səylərimi qoyacağam ki, bundan sonra da dövlətimizin, xalqımızın maraqları layiqincə qorunsun”, - deyə dövlətimizin başçısı vurğulayıb.