İQTİSADİYYAT
Prezident İlham Əliyev: Sənayenin inkişafına xüsusi diqqət göstəriləcəkdir və göstərilir
Bakı, 6 fevral (AZƏRTAC). Bu il sənaye ilidir. Sənayenin inkişafına xüsusi diqqət göstəriləcəkdir və göstərilir. Texnoparkların yaradılması prosesi sürətlə gedir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bildirmişdir.
Prezident demişdir ki, bölgələrdə - Gəncədə, Sumqayıtda, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, hər bir şəhərdə xüsusi sənaye yerləri, sənaye zonaları yaradılmalıdır. Çünki iqtisadiyyatımız, sənaye potensialı, əhali artır. Bu artım çox müsbət haldır, iqtisadi inkişafımızın təzahürüdür. Ancaq bizim iqtisadi imkanlarımız, sənaye imkanlarımız buna uyğun olmalıdır. Ona görə hər bir şəhərdə, yəqin ki, şəhərlərin kənarlarında xüsusi sənaye zonaları ayrılmalıdır. Orada dövlət hesabına infrastruktur, kommunikasiya xətləri çəkilməlidir, yeni müəssisələrin tikilməsi üçün imkanlar yaradılmalıdır ki, sahibkarlar gedib özləri üçün iş qursunlar.