İQTİSADİYYAT
Prezident İlham Əliyev: TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 19-da Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə mətbuata birgə bəyanatında deyib.
Enerji sahəsində əlaqələrin nəinki iki ölkə və bölgə, dünya üçün də böyük önəm daşıdığını bildirən dövlətimizin başçısı qeyd edib ki, “İyirmi sentyabr bizim üçün tarixi bir gündür. Çünki 20 il bundan öncə məhz sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır. İyirmi ildən sonra biz artıq XXI əsrin layihəsinə start veririk. Əlbəttə, bu layihənin uğurla həyata keçirilməsində Türkiyə və Azərbaycan tərəfinin rolu xüsusi əhəmiyyət daşıyır”.
Prezident əmin olduğunu bildirib ki, Trans-Anadolu, Trans-Adriatik və “Şahdəniz-2” layihələrinin uğurlu icrası nəticəsində bölgədə əməkdaşlıq üçün yeni şərait yaradılacaq. Bu layihələr həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək və burada iştirak edəcək ölkələrin sayı kifayət qədər çoxdur. Beləliklə, Türkiyə və Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığa da öz töhfəsini verəcəkdir.