RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu yaxınlarda Varşavada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü və ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi ilə bağlı danışmaq fürsəti əldə etdiklərini məmnunluqla vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini dedi. Prezident İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırımın ilk xarici səfərinin Azərbaycana etməsinin önəmini də qeyd etdi. Birgə layihələrin vaxtında icra olunmasına toxunan dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin və dostluğunun getdikcə daha da möhkəmləndiyini və artıq bir çox sınaqlardan çıxdığını qeyd edərək bildirdi ki, xalqlarımız və digər ölkələr bu birliyin və qardaşlığın möhkəm və sarsılmaz olduğunu görürlər. Ölkələrimizin bundan sonra da bir-birinin yanında olacağını deyən Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana bu səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində növbəti addım olacağına əminliyini ifadə etdi.

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevin NATO-nun Varşava Zirvə toplantısında iştirakının və keçirdiyi görüşlərin önəmini vurğuladı. Mövlud Çavuşoğlu Türkiyə ilə Rusiya arasında əlaqələrin düzəlməsində verdiyi güclü dəstəyə görə ölkəsi və xalqı adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Türkiyənin xarici işlər naziri son vaxtlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların yaxşı nəticələr verdiyini dedi və bu uğurların ölkəsində sevinclə qarşılandığını qeyd etdi. Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin mükəmməl olduğunu vurğulayan Mövlud Çavuşoğlu xüsusilə son bir ildə əlaqələrimizin daha sıx şəkildə inkişaf etdiyini dedi.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır