RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Mekan İşanquliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mekan İşanquliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı qardaş türkmən və Azərbaycan xalqlarının əsrlərdən bəri dostluq və əməkdaşlıq etdiklərini vurğuladı. Prezident İlham Əliyev bu gün müstəqil Azərbaycanın və Türkmənistanın dövlətlərarası əlaqələri fəal şəkildə möhkəmləndirdiklərini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan tərəfi əlaqələrimizin siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə möhkəmləndirilməsində maraqlıdır. Hazırda ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir və nümunəvi xarakter daşıyır.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı və ümidvar olduğunu bildirdi ki, Mekan İşanquliyev diplomatik fəaliyyəti dövründə ölkələrimizin bir-birinə daha da yaxınlaşması və əlaqələrin bütün istiqamətlərdə inkişafı işinə öz töhfəsini verəcək.

Səfir Mekan İşanquliyev Prezident İlham Əliyevə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını çatdırdı. O, səfir təyin olunduğu vəzifədə qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi. Xalqlarımız arasında tarixən mehriban qonşuluq əlaqələrinin mövcud olduğunu deyən Mekan İşanquliyev siyasi, iqtisadi, diplomatik, ticarət və mədəni sahələrdə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün bütün lazımi potensialın olduğunu vurğuladı. Səfir qeyd etdi ki, nəqliyyat sahəsi əməkdaşlığımızın əsas istiqamətidir. Ölkələrimizin coğrafi yerləşməsinin bu işə xidmət etdiyini deyən səfir bildirdi ki, tarixən ticarət yolları bizim ölkələrimizdən keçib. Mekan İşanquliyev ölkələrimizin müvafiq qurumları arasında beynəlxalq əməkdaşlıq məsələlərinin fəal müzakirə olunduğunu bildirdi. Səfir vurğuladı ki, əməkdaşlığın fəallaşdırılması üçün əsas amil Türkmənistan və Azərbaycan prezidentləri arasında keçirilən görüşlərdir. Sentyabrın 17-də Türkmənistanda Asiya Oyunlarının açılacağını deyən səfir Türkmənistan Prezidentinin və xalqının Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirdə iştirakını səbirsizliklə gözlədiklərini dedi.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin fəal inkişaf etdiyini deyərək, yüksək səviyyədə görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində önəmini qeyd etdi və bildirdi ki, ölkələrimizin müvafiq qurumları, o cümlədən dövlət və özəl şirkətlər arasında da əməkdaşlıq əlaqələrin bu səviyyəsinə uyğun olmalıdır. Dövlətimizin başçısı Türkmənistanda Asiya Oyunlarının keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

Dövlətimizin başçısı Türkmənistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin