REGİONLAR
Prezident İlham Əliyev Ulu Öndərin sosial-iqtisadi siyasətini layiqincə davam etdirir
Şamaxı, 22 dekabr, Adil Ağayev, AZƏRTAC
Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Ümummilli Liderimizin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə açıq dərslər davam edir.
AZƏRTAC xəbər verir ki, dekabrın 22-də keçirilən növbəti dərsdə şəhər 10 nömrəli tam orta məktəbinin 40 şagirdi iştirak edib.
Tarix müəllimi Anar Xıdırovun apardığı dərsdə “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusu tədris olunub. Dərs prosesində Ulu Öndərin Azərbaycanda bazar iqtisadiyyatına keçidi sürətləndirən fəaliyyəti, milli neft strategiyası, iqtisadiyyatın liberallaşdırılması və özəlləşdirilməsi, aqrar sahədə islahatların aparılması, sosial siyasət sahəsində gördüyü böyük işlər konkret faktlarla, ətraflı şərh olunub.
Eyni zamanda. məktəblilərə Prezident İlham Əliyevin Ulu Öndərimizin sosial-iqtisadi strategiyasının layiqli davamçısı kimi fəaliyyəti barədə də məlumat verilib. 2004-cü ilin oktyabrında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan və Gürcüstan hissəsinin birləşdirilməsi, 2006-cı ilin iyulun 13-də kəmərin rəsmi istifadəyə verilməsi, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, 2004-2012-ci illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, yoxsulluğun səviyyəsinin 7 dəfə azalması, 2003-cü ildə işsizlik səviyyəsinin 49 faizdən 2013-cü ildə 5 faizə düşməsi, ölkə iqtisadiyyatının şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunun inkişafı barədə məlumatlar məktəblilər tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlər, həmçinin 2013-cü ildə Azərbaycanın ilk peyki olan “Azərspace-1” fəzaya çıxarılması, ölkəmizdə kosmik sənayenin yaradılması kimi faktları diqqətlə dinləmişlər.
Açıq dərsin sonunda məktəblilərə Heydər Əliyev Mərkəzi, burada sərgilənən fotoşəkil və digər sənədlər barədə geniş məlumat verilib.