RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Uruqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Uruqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Enrike Delqado Xenta fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Enrike Delqado Xenta etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafında son vaxtlar müsbət irəliləyişlərin olduğunu deyən dövlətimizin başçısı Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvay nümayəndə heyətinin fəal iştirakının önəmini vurğulayaraq Uruqvay nümayəndə heyəti ilə görüşünü məmnunluqla xatırladı. Uruqvay nümayəndə heyətinin bu Forumda ənənəvi olaraq iştirak etdiyini bildirən Prezident İlham Əliyev bunun ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün də yaxşı imkanlar yaratdığını dedi. Son vaxtlar Azərbaycan-Uruqvay əlaqələrinin inkişafında yaxşı dinamikanın olduğunu vurğulayan dövlətimizin başçısı münasibətlərimizin möhkəmləndirilməsində səfirin fəaliyyətinin də çox böyük əhəmiyyət daşıdığını bildirdi.

Səfir Enrike Delqado Xenta Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin ölkəsinin Prezidentinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini dedi. Uruqvaylı diplomat kifayət qədər yeni olan ikitərəfli əlaqələrimizi daha da inkişaf etdirmək niyyətində olduqlarını vurğuladı.

Dövlətimizin başçısı Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uruqvay dövlətinin başçısına çatdırmağı xahiş etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır