RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə tanış olub VİDEO

A+ A

Xaçmaz, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, Bayraq Meydanının və Bayraq Muzeyinin binasının inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2015-ci ildə başa çatdırılıb. Bayraq Meydanında və muzey binasında inşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilib.

Ümumi ərazisi bir hektar olan Bayraq Meydanında hündürlüyü 85 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 240 kvadratmetr olan fəvvarə tikilib, 5360 kvadratmetr sahədə yaşıllıq salınıb, dekorativ ağac və gül kolları əkilib, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.

Ərazidə tikintialtı sahəsi 320 kvadratmetr olan 1 ekspozisiya zalı, 2 köməkçi açıq eyvan və diametri 11 metr olan günbəzdən ibarət Bayraq Muzeyi inşa edilib.

Muzeydə tariximizin ayrı-ayrı dövrlərinə aid eksponatlar, bayraqlar, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur. Burada müstəqillik dövrümüzün tarixi hadisələrinə geniş yer verilib. Bütün bunlar həm Xaçmaz gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır