Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər VİDEO

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin 

bəyanatı

-Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, parlament seçkilərindən sonra Siz ilk səfəri Azərbaycana – qardaş ölkəyə edirsiniz. Fürsətdən istifadə edərək bir daha rəhbərlik etdiyiniz partiyanın parlament seçkilərində qazandığı böyük qələbə münasibətilə Sizi Azərbaycan xalqı adından təbrik edirəm. Parlament seçkilərindən sonra ilk rəsmi səfəriniz bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu göstərir.

Eyni zamanda, bu yaxınlarda Antalya şəhərində keçirilmiş G20 Zirvə görüşü münasibətilə Türkiyəni təbrik etmək istəyirəm. Minnətdarlığımı bildirmək istəyirəm ki, Türkiyə bu Zirvə görüşünə Azərbaycanı dəvət etdi. Bir ölkəni dəvət edə bilərdi və bu ölkə Azərbaycan oldu. Buna görə də Sizə minnətdaram. Bu, bizim üçün çox önəmlidir. İlk növbədə ona görə ki, həm Türkiyə, həm Azərbaycan, həm də dünya ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Məncə, dünyada bir-birinə bu qədər yaxın olan ikinci ölkələr mövcud deyil. Bizi birləşdirən tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir, dilimizdir. Eyni zamanda, bu gün Türkiyə və Azərbaycan iki müstəqil dövlət kimi bir-biri ilə çox sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. O gündən bu günədək bizim əlaqələrimiz çox sürətlə və hərtərəfli inkişaf edir.

Biz bütün dövrlərdə və bütün məsələlərdə daim bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. Bu siyasət həm ədalətə, həm də bizim tarixi keçmişimizə söykənir. Biz çox istəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. Çünki bizim siyasi maraqlarımız üst-üstə düşür. Biz istəyirik ki, bölgədə sülh, əmin-amanlıq olsun, qarşıdurmalar olmasın, bütün ölkələr, bütün xalqlar rahat yaşasınlar, öz həyatını qursunlar, heç kim heç kimin daxili işinə qarışmasın.

Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Çünki bölgədə sabitlik, əfsuslar olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Əlbəttə, Türkiyə nə qədər daha güclü olsa, Azərbaycanın gücü də o qədər artacaqdır.

Biz bütün beynəlxalq təşkilatlarda da bir-birimizi daim dəstəkləyirik. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiklərinə görə Türkiyə xalqına, dövlətinə minnətdarlığımı bildirmək istəyirəm. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ancaq Ermənistan buna məhəl qoymur və bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Bu münaqişə və bütün başqa münaqişələr beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa həll yolu yoxdur.

Bu gün, eyni zamanda, bizi birləşdirən enerji, nəqliyyat layihələri haqqında fikir mübadiləsi apardıq. Burada da ölkələrimiz, xalqlarımız, bölgə və dünya üçün gördüyümüz işlər böyük məna daşıyır. Xüsusilə TANAP layihəsini qeyd etmək istəyirəm. TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. Biz bu layihəni birgə icra etməyə başladıq. Bu gün bu layihə beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir. TANAP layihəsinin icrasında heç bir problem yoxdur və bu gün biz bir daha bu məsələni müzakirə etdik. Əminəm ki, bu layihə vaxtında – 2018-ci ildə, bəlkə ondan da tez icra ediləcəkdir. Beləliklə, Azərbaycan Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə təbii qazını ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə çıxış əldə edəcəklər. Bütün tərəflər bu layihənin icrasından ancaq fayda görəcəklər.

Azərbaycanın çox zəngin təbii qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, bizim əsas resurs bazamız “Şahdəniz” layihəsidir. Ancaq onun kənarında da çox böyük digər qaz yataqlarımız var və bizim əsas ixrac yolumuz da artıq bəllidir. Bu, Türkiyədir və Türkiyə üzərindən digər Avropa ölkələridir.

Şadam ki, bununla bərabər, qarşılıqlı sərmayə qoyuluşu uğurla həyata keçirilir. Həm Türkiyə, həm də Azərbaycan şirkətləri qarşılıqlı olaraq sərmayə qoyurlar. Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaqdır. O sərmayənin bir hissəsi artıq qoyulub və bu, əlbəttə ki, bir daha bizim siyasi iradəmizi əks etdirir. Ancaq dost ölkələrin iqtisadiyyatlarına bu qədər sərmayə qoyula bilər.

Bütün digər sahələrdə, o cümlədən humanitar sahədə də sıx əməkdaşlıq aparılır. Hərbi sahədə çox gözəl əməkdaşlıq aparılır. Azərbaycan Türkiyədən ordumuza lazım olan silahları alır. Eyni zamanda, biz artıq bir neçə dəfədir ki, birgə hərbi təlimlər də keçirdik, həm Türkiyədə, həm Azərbaycanda. Bu, bir daha bizim birliyimizi nümayiş etdirir, gücümüzü artırır. Bu gün həm regionda, həm Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan artıq ciddi amil kimi mövcuddur.

Son illər ərzində Türkiyənin inkişafı, güclənməsi, dünya miqyasında artan rolu bizi bir dost, qardaş kimi çox sevindirir və bir daha demək istəyirəm ki, bizi də gücləndirir. Biz gücümüzə güc qatırıq, biz dostuq, qardaşıq. Bu, əsas məsələdir və bütün məsələlərdə bundan sonra da bir-birimizi dəstəkləyəcəyik, bir-birimizin yanında olacağıq.

Hörmətli cənab Baş nazir, bir daha Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

x x x

Baş nazir Əhməd Davudoğlunun

 bəyanatı

- Çox təşəkkür edirəm, hörmətli cənab Prezident.

Mən də qonaqpərvərliyinizə görə bir daha təşəkkür etməyi özümə borc bilirəm. Türkiyə ilə Azərbaycan, - mən nə vaxt “Azərbaycan” deyirəmsə, həmişə “Can Azərbaycan” deyirəm, - bizim canımızdır, canımızla iç-içədir. Çox özəl əlaqələrə sahibik. Bunun bir göstəricisi də Türkiyədə və Azərbaycanda kim hökumət qurursa, vəzifəyə gəlirsə ilk səfərini qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana edir.

Bazar ertəsi axşamı yeni hökumətə etimad göstərilməsi ilə bağlı parlamentdə keçirilən səsvermədə lazımi səsi toplayıb 64-cü hökuməti qurduq. Hələ İstanbula, doğulduğum Konyaya getmədim, amma mənəvi məmləkətimiz Azərbaycana Sizinlə görüşməyə gəldik. Bu gözəl ənənə bundan sonra qiyamətə qədər davam edəcək. Ankarada kim iqtidara gəlsə əvvəlcə Bakıya gələcək. Bakıda kim seçkilərdə qalib gəlsə, o da Ankaraya gələcək. Mən bizimlə eyni gündə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının uğurları münasibətilə Sizləri təbrik edirəm. Qarşıdakı illərdə Türkiyədə və Azərbaycanda iki sabit hökumətin ölkədə hakimiyyətdə olması əlaqələrimizi möhkəmləndirəcək, gücümüzə güc qatacaq.

Böyük liderimiz Heydər Əliyev “Bir millət, iki dövlət” demişdi. Vətən şairimiz Bəxtiyar Vahabzadə “Türkiyə və Azərbaycan, bir ananın iki oğlu” demişdi. Biz bir-birimizə bu şəkildə bağlanmışıq. Bu bağlılıq nəsillərdən-nəsillərə ötürüləcək. Biz də Bakının ruzigarı-küləyi üçün darıxmışdıq. Oradan sevgi almağa gəldik.

Həmişə olduğu kimi, bu gün burada çox faydalı görüşlər keçirdik. Eyni zamanda, yeni təyin olunan nazir yoldaşlarımızı hörmətli Prezidentimizə təqdim etdim. Çünki Türkiyədə nazir olan hər kəs Azərbaycanın da naziri kimidir. Azərbaycanın nazirləri də eyni şəkildə.

Ortaq məsələlərimizi tam əməkdaşlıq şəraitində müzakirə etdik. Türkiyə və Azərbaycan həm Qafqaz regionunda, həm Avrasiya bölgəsində sabit inkişaf edən ölkələrdir. Çox dərin iqtisadi böhranların yaşandığı bir dövrdə - 2005-ci ildən 2015-ci ilədək Azərbaycan böyük inkişaf nümayiş etdirib, milli gəliri təxminən 5 dəfə artıb. Bu uğurların qazanılmasında cənab Prezidentin və onun hörmətli komandasının yaxşı işləməsi və Azərbaycan xalqının vətənpərvərliyi böyük əhəmiyyətə malikdir.

Təbii ki, Türkiyə hər zaman bu proseslərdə Azərbaycanın yanında olub və olacaq. Hansı mövzuda olursa-olsun, əgər Azərbaycanı maraqlandıran bir məsələ varsa Türkiyənin mövqeyi bəllidir. Bütün sahələrdəki kimi, siyasi sahədə əlaqələrimiz hər zaman ən yüksək səviyyədə olub. G20 Sammitində hörmətli Prezidenti Türkiyədə, Antalyada görmək bizə böyük şərəf verdi. Türkiyə bayrağının dalğalandığı hər yerdə Azərbaycan bayrağı vardır. Azərbaycan bayrağının dalğalandığı hər yerdə Türkiyə bayrağı vardır.

Bunu, sadəcə, gəlişigözəl sözlər kimi demirik, əməli işlərlə, layihələrlə də dəstəkləyirik. Avrasiya miqyasında ən böyük layihələrin təməlində Türkiyə-Azərbaycan əməkdaşlığı durur. Bu təməlin enerji və nəqliyyat xətləri xüsusilə mühüm əhəmiyyət kəsb edir. TANAP layihəsi artıq xəyala çevrilən NABUKKO kimi bir çox layihədən sonra həyata keçirilibsə bu, Türkiyə və Azərbaycan arasında dostluq, qarşılıqlı etibar sayəsində reallaşıb. Bir çox ölkələrin edə bilmədiyini Türkiyə və Azərbaycan danışıqlar apararaq birlikdə həyata keçirdilər. Digərləri daha sonra qoşuldular.

Bu gün keçirdiyimiz görüşlərdə, apardığımız müzakirələrdə energetika nazirlərimiz TANAP layihəsinin nəzərdə tutulduğu kimi, 2018-ci ildə deyil, daha tez reallaşması üçün razılığa gəldilər. Gecə-gündüz çalışacağıq, Türkiyə Respublikasının sərhədləri daxilində TANAP layihəsi üçün nə lazımdırsa ediləcək. Bu işlər Azərbaycanda da eyni qaydada görüləcək. Çünki TANAP və Bakı-Tbilisi-Ceyhan iki böyük layihə olaraq neft və təbii qaz ehtiyatlarının Xəzərdən Aralıq dənizinə və Avropaya çatdırılmasında əsas kanallardır. TANAP-ın TAP ilə tamamlanması Avropa daxilində balanslaşmaya da təsir edəcək.

Ötən bazar günü keçirdiyimiz Türkiyə-Avropa İttifaqı Zirvəsi ilə bağlı da Prezident İlham Əliyevə məlumat verdim. Orada avropalı dostlarımızla əgər Avropanın enerji təhlükəsizliyi müzakirə mövzusu olarsa ən təhlükəsiz xəttin Xəzər ehtiyatlarının Türkiyə vasitəsilə Avropaya çatdırılması olduğunu bir daha müzakirə etdik.

Nəqliyyat məsələsində də Türkiyənin və Azərbaycanın eyni qaydada liderlik etdiyi, Gürcüstan ilə birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən İstanbula və Avropaya qədər uzanan dəhlizin şah damarını təşkil edir. Bu xəttin, inşallah, 2016-cı ilin birinci yarısında fəaliyyətə başlaması ilə tarixi “İpək yolu” yeni bir deyimlə, daha müasir şəkildə bu günümüzə daşınacaq. Bu mövzuda Çin ilə görüşlər keçirmişik, Çin dövlətinin başçısının Antalyada cənab Prezidentimizlə görüşündə də bu məsələlər açıq şəkildə müzakirə edilib. Hörmətli Prezident İlham Əliyevin Çinə səfərində də bu məsələlər müzakirə olunacaq. Bu dəhlizin ən qısa zamanda gerçəkləşməsi və ən qısa nəqliyyat xəttinin yaradılması bu gözəl Bakını Asiyanın ən önəmli limanlarından birinə çevirəcək.

Biz Bakını Azərbaycan ilə birlikdə Asiyanın yüksələn bir ulduzu olaraq görürük. Hər gəlişimdə Bakıda gördüyüm yüksəlişdən və inkişafdan böyük məmnunluq duyuram. “Soyuq müharibə”dən sonra əgər şəhərlərə baxsaq ölkələrin taleyini də görə bilirik. Ən parlaq, ən müasir və ən çox inkişaf etmiş şəhərlərin başında Bakı dayanır. Bu mənada Azərbaycanın inkişafı bizim inkişafımızdır. Türkiyənin inkişafı Azərbaycanın inkişafıdır. Əslində söhbət qarşılıqlı olaraq Türkiyənin 9 milyard, Azərbaycan isə 4 milyard dollarlıq sərmayə qoyuluşundan gedir. Türkiyənin İzmir bölgəsində “Petkim”ə Azərbaycan sərmayəsinin yatırılması bizə böyük güc verib. Hədəfimiz bu sərmayələri ən qısa müddətdə 20 milyard dollara, hazırda 5 milyard dollar olan ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmaqdır. Bunun üçün lazımi işləri görə biləcək iradəyə sahibik.

Bundan əlavə, bir çox başqa sahələrdə - ortaq mədəni dəyərlərimiz baxımından da görüləcək işlərimiz var. “Mədəniyyətlər ittifaqı” layihəsinə Azərbaycanın ev sahibliyi etməsinə böyük önəm veririk. İnşallah, gələn il aprelin 25-27-də keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə Azərbaycan dünyanın diqqətini bir daha özünə cəlb edəcək. Belə böhranlı, dünyada inanclar arasında qarşıdurmaların yaşandığı bir dövrdə Bakıdan yüksələcək mədəniyyətlər ittifaqı və sülh sözlərinin böyük mənası olacaq.

Cənab Prezident İlham Əliyevin müdafiə sənayesi sahəsinə dair fikirləri ilə tam həmrəyəm. Müdafiə sənayesi sahəsində də ortaq fəaliyyətimiz davam edəcək. Azərbaycanın özünün müdafiə sənayesini inkişaf etdirməsi və Türkiyə ilə birlikdə layihələr həyata keçirməsi bizim ən çox önəm verdiyimiz məsələlərdən biridir.

Qafqazda və ətraf regionlarda sülhün bərqərar olması Türkiyə-Azərbaycan əlaqələrindən böyük dərəcədə asılıdır. Bu baxımdan Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli mexanizmlərinə böyük önəm veririk. Türkiyə və Azərbaycanın birlikdə olduğu və digər ölkələrin iştirak etdiyi mexanizmlərin sülhə böyük töhfə verəcəyinə inamımız qətidir. Türk Şurası və digər regional təşkilatlarda birlikdə çalışmaqdan da böyük məmnunluq duyuruq.

Bu gün, həmçinin başda Dağlıq Qarabağ problemi olmaqla regional məsələləri də müzakirə etdik. Türkiyə olaraq bizim mövqeyimiz açıq və konkretdir: Azərbaycanın işğal altındakı torpaqlarının hamısı - bir kvadratsantimetri belə qalmamaqla qaytarılana qədər Türkiyə Azərbaycana verdiyi dəstəyi davam etdirəcək. Dünyada bir çox problemlərin həllində əsas prinsip ərazi bütövlüyünə qarşılıqlı hörmətdir. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu müddətdə Qafqazda sülhün və sabitliyin təmin olunmasında nə qədər çətinliklərin yaşandığı məlumdur.

Mən burada Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi, ədalətli və davamlı sülhün təmin olunması istiqamətində atılacaq hər addıma dəstək verəcəyimizi bir daha bəyan etmək istəyirəm. Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması üçün bütün Qafqazı əhatə edəcək sülh və rifah layihələrinə hər zaman töhfə verəcəyik.

Bu gün müzakirə etdiyimiz məsələlərdən biri də Suriya başda olmaqla, Yaxın Şərq və ətraf regionlarda yaşanan gərginliklərlə bağlı proseslər oldu. Mən cənab Prezidentə dost, qardaş bir ölkə olaraq Suriyada son proseslər və noyabrın 24-də əvvəlcə hansı ölkəyə məxsusluğu bəlli olmayan, amma daha sonra Rusiyanın etdiyi açıqlama ilə ona aid olduğu məlum olan təyyarənin vurulması ilə bağlı məlumat verdim.

Türkiyə bütün bu məsələlərdə həmişə şəffaf və açıq siyasət yürüdüb. Buradan bir daha dostumuz, qonşumuz və böyük ortağımız olan Rusiyanı bütün bu məsələləri soyuqqanlı şəkildə dəyərləndirməyə çağırıram. Türkiyə öz sərhədlərini qoruyub. İndiyədək hər hansı şəkildə heç bir ölkəni hədəf alan aqressiv mövqedə olmayıb. Sərhədlərimiz dəfələrlə pozulsa da, hər dəfə bu halları Rusiya tərəfi ilə, aidiyyəti tərəflərlə müzakirə etdik və bütün dünyanın bildiyi kimi müdafiə olunma qaydalarımızı da elan etdik. Türkiyə Respublikasının torpaqları, hava məkanı bizim üçün müqəddəsdir. Bundan başqa, Suriya böhranının ən çox təsir etdiyi ölkə də Türkiyə Respublikasıdır. Suriya böhranının Türkiyədən daha çox təsir etdiyi ikinci bir ölkə yoxdur. Suriyada baş verənlərə Türkiyədən daha çox təsir edəcək ikinci bir ölkə də yoxdur. Biz Suriyadakı böhrana görə iki milyon qaçqını qəbul etmək məcburiyyətində qaldıq. Dünya bu böhranı seyr edərkən 8 milyard dollara yaxın xərclə iki milyon qardaşımızı Türkiyədə yerləşdirdik. BMT Təhlükəsizlik Şurası bu məsələyə passiv yanaşanda və bu böhran daha da yayılaraq insan faciələrinə yol açanda susanlar ilk növbədə bu böhrana cavabdehlər kimi qiymətləndirilməlidir.

Bizim Suriyanın, o cümlədən heç bir ölkənin bir qarış torpağında gözümüz yoxdur. Amma başqa ölkələrin də bizim sərhədlərimizə, hava məkanımıza ehtiram göstərmələrini gözləmək ən təbii haqqımızdır. İndiki halda Türkiyə Rusiya ilə istənilən məsələni müzakirə etməyə hazırdır. Bütün məsələləri ətraflı müzakirə edə bilərik. Hər məsələdə fərqli qənaətdə olsaq da, görüşüb danışa, qənaətlərimizi bölüşə bilərik. Bir masa ətrafında danışıqlar aparmağa da hazırıq. Bu gün iki ölkənin xarici işlər nazirləri cənab Çavuşoğlu və cənab Lavrov Belqradda ATƏT-in toplantıları çərçivəsində görüşəcəklər. Orada da eyni fikri ifadə edəcəyik. Hər bir məsələni danışıb müzakirə edə bilərik. Müzakirə etməyəcəyimiz yeganə məsələ Türkiyə Respublikası dövlətinin sərhədləri və suveren haqlarıdır. Biz hamının suveren haqlarına hörmət edirik və hər kəsin də bizə hörmət etməsini gözləyirik.

Xüsusilə iqtisadi sanksiyalar məsələsində, Türkiyə indiyə qədər İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar, keçmişdə Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar, bu yaxınlarda Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar məsələsində də eyni mövqe ortaya qoymuş və iqtisadi sanksiyaların siyasi problemlərin həllinə fayda verməyəcəyini bəyan etmişdir. Rusiyanın ən çətin vaxtlarında bu ölkəyə qarşı tətbiq olunan iqtisadi sanksiyalara biz qatılmadıq.

Ancaq bu gün Türkiyənin heç bir şəkildə səbəb olmadığı böhranla əlaqədar Rusiyanın bizə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul etməsini də böyük bir ziddiyyət olaraq görürük. Özlərinə qarşı iqtisadi sanksiyalar tətbiq ediləndə bundan məmnun olmayanlar başqalarına da iqtisadi sanksiyalar tətbiq etməməlidirlər. Həmçinin iqtisadi sanksiyalar hər iki tərəfə də zərər verir. Heç bir iqtisadi sanksiya birtərəfli işləyə bilməz.

Bu baxımdan da Rusiyaya, bu gün belə açıqlamaları ilə gərginliyi artıran cənab Putinə bir daha demək istəyirəm: əvvəlcə açıqlamalarımızdakı sərtliyi yumşaldaq. Qarşılıqlı ittihamlar əvəzinə, müzakirələr aparmaq üçün görüşək. Sonra əgər hadisənin necə baş verməsi ilə bağlı məlumat almaq istəsələr, - düzdür, bunları əvvəlcə açıqlamışıq, - bir daha açıqlayarıq. Dünya da buna şahiddir. Dünyada artıq heç nə gizli qalmır. Hava sərhədimizin pozulmasının necə baş verdiyi, eyni zamanda, NATO qeydlərində, bölgədəki hərbi bazalarda, hər yerdə bəllidir. Bunları danışıb müzakirə edərik. Gərginliyi azaltmaq, ittihamedici açıqlamalardan çəkinmək və iki qonşu ölkə olaraq bir masa ətrafında əyləşərək problemləri həll etmək bizim seçdiyimiz yol və metoddur. Çünki Türkiyə-Rusiya münasibətlərinə yalnız Türkiyə və Rusiya olaraq iki ölkənin deyil, Qafqaz, Balkanlar, Orta Asiya, Yaxın Şərq, Qara dəniz, Xəzər dənizi regionlarının və digər bölgələrin də ehtiyacı var. Türkiyə ilə Rusiya arasındakı əlaqələrin yaxşı olması bütün bu bölgələrin sülh və sabitliyinə töhfə verər. Bu baxımdan da bu müraciətimizi buradan bir daha səsləndirmək istəyirəm. Amma heç bir şəkildə əsassız ittihamlarla Türkiyənin günahlandırılmasını da qəbul etməyəcəyimizi və nə olursa-olsun, kimin tərəfindən gəlirsə-gəlsin, hansı ölkəyə aid olursa-olsun Türkiyənin hava, quru və dəniz sərhədlərini təhdid edəcək və ya pozacaq heç bir fəaliyyətə imkan verməyəcəyimizi bir daha ifadə etmək istəyirəm.

Bu baxımdan Türkiyədə hər zaman istənilən məsələni şəffaf bir şəkildə müzakirə etdiyi üçün Türkiyənin bu prosesdə yanaşmaları və düşüncələri, hadisənin başvermə vəziyyəti barədə cənab Prezidentə məlumat verdik. Onsuz da Türkiyə ilə Azərbaycan arasında elə bir məsələ yoxdur ki, səmimiyyətlə müzakirə olunmasın. Elə bir məsələ yoxdur ki, birlikdə müzakirə etməyək.

Mən yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm. Bütün azərbaycanlı qardaşlarımıza, dostlarımıza, Can Azərbaycana 78 milyon qardaşından salam gətirdik. Buradan da Bakının təkcə küləyini yox, salamını da aparacağıq. Bilsinlər ki, hər şey yox olsa, hər şey tar-mar olsa da, qiyamətə qədər yıxılmayacaq, tar-mar olmayacaq yeganə amil Türkiyə ilə Can Azərbaycan arasındakı dostluq, qardaşlıqdır.

Bu baxımdan, cənab Prezidentim, qarşıdakı 4 ildə Türkiyə Respublikasının iqtidarda olacaq Baş naziri kimi Azərbaycan harada olsa, biz də orada olacağıq. Azərbaycanın mənafeyi haradadırsa, Türkiyənin də mənafeyi orada olacaq. Azərbaycan bayrağı haradadırsa, Türkiyənin də bayrağı onun yanında olacaq. Bir daha təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər VİDEO

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov