RƏSMİ XRONİKA


Prezident İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib VİDEO

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, Pirşağı-Novxanı avtomobil yolu dənizkənarı dairəvi yola birləşməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissələrinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Beləliklə, layihənin həyata keçirilməsi nəticəsində Abşeron yarımadasının şimal-şərq hissəsindən şəhərə daxil olmadan Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Masazır, Xırdalan və Sumqayıt istiqamətlərində hərəkət etməklə avtomobillərin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral yollarına çıxışı təmin ediləcək. Bu isə Bakıda avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək.

Bu yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının şimal hissəsində sahil boyunca salınıb. Yolun uzunluğu 13,5 kilometrdir. Layihəyə uyğun olaraq ikizolaqlı yolun hərəkət hissəsinin eni 9 metrdir. Sahil boyunca bəzi ərazilərdə mövcud yolun eni genişləndirilib. Yolun həm Novxanı, həm də Pirşağı qəsəbələrindən keçən hissələrində eni 3-4 metrdən 9 metrə çatdırılıb. Bəzi ərazilərdə isə yol tamamilə yeni yataq üzrə inşa olunub. Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyunca yeni piyada səkiləri də tikilib. Yolun bu cür müasir səviyyədə inşası, ilk növbədə, nəqliyyatın hərəkətinin yüksək səviyyədə təmini, baş verə biləcək tıxacların qarşısının alınması, Bakı şəhərinin qəsəbələrinin və kəndlərinin sakinlərinin sosial məsələlərinin həlli baxımından böyük rol oynayır. Layihənin icrası həm də paytaxtın dənizkənarı turizm məkanlarına daha tez və rahat çatmaq, turizm sektorunun inkişafına dəstək vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Pirşağı-Novxanı avtomobil yolu Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biridir. Avtomobil yolunun tikintisi texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti yeni yolda avtomobili idarə etdi.

X X X

Sonra dövlətimizin başçısı yenidən qurulan Binəqədi-Novxanı-Corat avtomobil yolunun açılışında iştirak etdi.

Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq bu il ölkəmizdə reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri çərçivəsində bu yol da müasir səviyyədə yenidən qurulub. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 12,5 metrədək genişləndirilib. Yol iki gediş, iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdır. Layihə çərçivəsində Novxanı qəsəbəsindən keçən hissədə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri də aparılıb. Yolun müxtəlif hissələrindəki kəsişmələrdə yeni dairələr inşa olunub. Bu isə hərəkətin intensivliyini və təhlükəsizliyini təmin etmək üçün mühüm rol oynayır. Bundan başqa, Novxanı qəsəbəsində dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülər də əsaslı şəkildə yenidən qurulub, onların eni 7 metrdən 12,5 metrə qədər genişləndirilib.

Qeyd edək ki, bu avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramışdı və yol boyunca dağılmış hissələr yaranmışdı. Üstəlik, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə də çətinlik yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər əsaslı surətdə aradan qaldırılıb. Bu layihənin icrası nəticəsində 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb.

Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.

X X X

Hər iki avtomobil yolunun açılışından sonra xatirə şəkilləri çəkdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin