REGİONLAR
Prezident İlham Əliyevin İsmayıllıya növbəti səfərindən sonra rayonda tikinti-quruculuq işləri yeni vüsət alıb
İsmayıllı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün dövlətimizin başçısının 23 sentyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat əlavə vəsait ayrılıb.
Dövlətimizin başçısının bu diqqət və qayğısı rayon əhalisi tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
İş adamı Nizami Əhmədov AZƏRTAC-a müsahibəsində deyib: “Prezident İlham Əliyevin hər səfəri rayonumuza on illərin inkişafını gətirir. Dövlətimizin başçısının ötən ilin avqustunda İsmayıllıya səfərindən sonra bölgəmizdə həyata keçirilən yeni infrastruktur layihələrinin icrası bunu bir daha sübut edir. Yeni ayrılan vəsait də rayonumuzda xeyli sosial layihələrin həyata keçirilməsinə imkan verəcəkdir. Biz iş adamları bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarıq”.
Hazırda təqaüddə olan inşaatçı mühəndis Çingiz Əliyev deyir ki, ömrümün çox hissəsini tikinti işlərinə həsr etmişəm. Ancaq heç zaman o işlərin indiki sürət və keyfiyyətdə getdiyini görməmişəm. Rayon mərkəzi Prezident İlham Əliyevin qayğısı sayəsində qısa zamanda inkişaf etmiş əsl müasir şəhərə çevrilib. Yeni sənaye, səhiyyə, təhsil, mədəniyyət və istirahət, idman obyektləri tikilib. Kəndlərdə də sosial layihələr uğurla həyata keçirilir. İndi isə Prezidentimiz rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə daha 2 milyon manat vəsait ayırıb. İnanırıq İsmayıllının sabahı daha xoşbəxt olacaq. Yeni nəsillərin nümayəndələri müasir sənaye və kənd təsərrüfatı müəssisələrində işləyəcəklər.
Əməkdar müəllim Müsavəddin Kərimov, Qarabağ müharibəsi əlili Ravid Pənahov, İkinci Dünya müharibəsi veteranı Həsənalı Aslanov, gənc müəllimə Aysel Bağıyeva və bir çoxları da belə düşünürlər.
Onlar fəxr edirlər ki, İlham Əliyev kimi rəhbərləri, Azərbaycan kimi çiçəklənən Vətənləri var.