REGİONLAR
Prezident İlham Əliyevin Qəbələyə hər səfəri rayonun bütün sahələrdə sürətli inkişafını təmin edir
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev müzakirə olunan məsələ ilə əlaqədar geniş məruzə edib. O, ölkə rəhbərinin Qəbələ rayonuna olan diqqət və qayğısından söz açaraq bildirib ki, Prezident İlham Əliyev respublikamıza rəhbərlik etdiyi dövr ərzində 12 dəfə rayonumuzda olub və bu səfərlərin hər biri qəbələlilər tərəfindən bayrama çevrilib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin göstərişi və qayğısı nəticəsində Qəbələ rayonunda yeni istehsal sahələri, idman-sağlamlıq kompleksləri, nəhəng turizm infrastrukturu, sosial obyektlər, məktəblər, səhiyyə, mədəniyyət ocaqları, uşaq bağçaları, yeni yollar, körpülər, beynəlxalq aeroport, qida şəhərciyi, inşaat materialları zavodları, dövlət əhəmiyyətli inzibati binalar və digər sosial obyektlər tikilib, geniş miqyasda abadlıq-quruculuq işləri həyata keçirilib. Dövlətimizin başçısı sentyabrın 22-də Qəbələyə səfəri zamanı bir sıra obyektlərin açılış mərasimlərində iştirak edib.
Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə dünya şöhrətli musiqiçilərin və fırça ustalarının iştirak etdikləri musiqi festivallarının və rəsm sərgilərinin Qəbələnin beynəlxalq aləmdə sürətlə tanınmasında müstəsna xidmətləri olub.
Tədbirdə səfər zamanı dövlət başçısı tərəfindən rayonda görülən işlərin qiymətləndirilməsi ilə yanaşı, qarşıya mühüm vəzifələrin də qoyulduğu, yenidən qurulan Qəbələdə bundan sonra daha irihəcmli layihələrin həyata keçiriləcəyi qeyd edilib.
Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin Qəbələyə hər səfəri rayonun gələcək inkişafı üçün möhkəm təməl olur. Rayona səfərləri zamanı abadlıq və quruculuq işləri ilə mühüm tapşırıqlar verən, yeni layihələrə dəstək olacağını bildirən dövlətimizin başçısının tükənməz qayğısı, ardıcıl diqqəti Qəbələnin bütün sahələrdə sürətli inkişafını təmin edir. Təsadüfi deyildir ki, dövlətimizin başçısı İlham Əliyev Qəbələyə səfərindən sonra rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan rayon icra hakimiyyətinə 2 milyon manat vəsaitin ayrılması barədə Sərəncam imzalayıb.
Tədbir iştirakçıları dövlətimizin başçısına Qəbələ rayonuna göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.