CƏMİYYƏT
Prezident İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar göstərişi Kürdəmirdə uğurla yerinə yetirilir VİDEO
Kürdəmir, 27 fevral (AZƏRTAC). Prezident İlham Əliyevin insanların sağlamlığının qorunması məqsədilə onların kütləvi surətdə tibbi müayinədən keçirilməsinin təşkili ilə əlaqədar verdiyi tapşırıqlar Kürdəmir rayonunda da uğurla icra olunur.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Nizami Feyzullayev AZƏRTAC-a bildirmişdir ki, dövlətimizin başçısının böyük razılıq və minnətdarlıqla qarşılanan bu humanist tapşırığının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün zəruri tədbirlər görülmüşdür.
Mayın 1-dək davam edəcək tibbi müayinəyə rayon üzrə 80 min nəfərə yaxın vətəndaş cəlb olunacaqdıq. Artıq fevralın 17-dən etibarən müayinə rayon mərkəzi xəstəxanasında, xəstəxananın poliklinika şöbəsində, Karrar və Mollakənd kənd xəstəxanalarında, habelə 6 həkim məntəqəsində həyata keçirilir. Bu tədbirə müxtəlif ixtisaslardan olan ən təcrübəli həkimlər cəlb edilmişlər.
İdarə və təşkilatlar, şəhər və kənd sakinləri hər gün tərtib olunmuş qrafik əsasında xəstəxana, poliklinika və həkim məntəqələrinə gəlir, qan analizi verir, rentgen, ultrasəs, elektrokardioqrafiya və digər müayinələrdən keçirlər. Zəruri hallarda xəstələr ambulator müalicəyə cəlb olunur, ehtiyacı olanlara lazımi məsləhətlər verilir.
Hər gün rayon üzrə tibbi müayinədən orta hesabla 1100-1200 nəfər keçir. Ümumiyyətlə, indiyədək rayonda müayinəyə 12000 nəfərdən çox sakin cəlb olunmuşdur.
Tibbi müayinəyə gələnlər bu humanist tədbirə, ölkə vətəndaşlarının sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirir, yaradılmış şəraitdən, həkim və tibb işçilərinin qayğıkeş münasibətindən razılıq edirlər.
Kollektivin üzvləri ilə birlikdə müayinəyə gələn rayon mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev, ağsaqqallar şurasının sədr müavini Ayət Nəsirov və başqaları bu humanist tədbiri dövlətimizin başçısının ölkə vətəndaşlarına diqqət və qayğısının növbəti parlaq təzahürü kimi dəyərləndirmişlər.