CƏMİYYƏT
Prezident İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar göstərişi Zərdabda uğurla yerinə yetirilir VİDEO
Zərdab, 28 fevral (AZƏRTAC, Adil Ağayev). Prezident İlham Əliyevin tapşırığına əsasən,əhalinin sağlamlığının qorunması məqsədlə fevralın 17-dən mayın 1-dək insanların kütləvi surətdə pulsuz tibbi müayinədən keçirilməsi Zərdab rayonunda da uğurla davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Ruslan Nemətov AZƏRTAC-a bildirmişdir ki, rayon icra hakimiyyəti ilə birgə əvvəlcədən aparılmış ciddi hazırlıq işləri hər kəsin qrafik üzrə hərtərəfli tibbi müayinə olunmasını təmin edir. Ümumiyyətlə, rayon üzrə 40 min nəfər müayinədən keçməlidir. İndiyədək onların 4 min nəfəri hərtərəfli müayinə olunmuşdur. Hazırda hər gün orta hesabla 350 – 400 nəfər müayinəyə cəlb edilir.
Tibbi müayinə mərkəzi rayon xəstəxanasının poliklinikasında, Məlikli, Körpükənd və Əlvənd kənd xəstəxanalarında, habelə 11 həkim məntəqəsində aparılır. Bu tədbirə müxtəlif ixtisaslardan olan təcrübəli həkimlər cəlb edilmişlər. Yaradılmış 3 həkim briqadası isə bu işi yerlərdə - müayinəyə gələ bilməyənlərin evlərində yerinə yetirir.
Hər yerdə sakinlər dövlətimizin başçısının tapşırığı ilə onların hərtərəfli tibbi müayinədən keçirilməsindən razılıqla danışırlar.
Şəhər poliklinikasında yenicə müayinədən çıxmış 72 yaşlı Telman İsmayılov insanların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün zərdablılar adından minnətdarlığını bildirmişdir. O demişdir ki, ildə bir-iki dəfə müayinədən keçmək sağlamlığının qədrini bilən insan üçün çox vacibdir. Prezident İlham Əliyevin bu tapşırığı lap yerinə düşmüşdür. İndicə hərtərəfli müayinədən keçmişəm. Hiss edirəm ki, həkimlərin məsləhətləri sağlamlığım üçün son dərəcə zəruridir. Bizim sağlamlığımızın qayğısına qaldığı üçün dövlətimizin başçısına minnətdaram.