RƏSMİ XRONİKA


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib [YENİLƏNİB]

A+ A

Bakı, 11 iyul, AZƏRTAC 

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin

giriş nitqi

-İlin altı ayı arxada qalıb. Bu gün biz altı ayın yekunlarını müzakirə edəcəyik. Görüləcək işlər haqqında danışacağıq. Deyə bilərəm ki, 2016-cı ildə dünyanın müxtəlif bölgələrində hərbi toqquşmalar, müharibələr davam edir, yeni münaqişə ocaqları yaranır, dünyada təhlükələr artır. Eyni zamanda, ilin əvvəlindən və ondan əvvəlki dövrdən başlayaraq dünyada iqtisadi böhran daha da dərinləşir və demək olar ki, bütün ölkələr bu və ya digər formada bu böhrandan əziyyət çəkir. 

Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2016-cı ildə də, - baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağı səviyyədədir, - Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, apardığımız islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlarımız dayanır. Azərbaycan uğurla inkişaf edir. Əminəm ki, biz bu ili də müvəffəqiyyətlə başa vuracağıq.

2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi fəsadlara gətirib çıxarmışdır. Ermənistanın niyyəti bəllidir. Onlar danışıqları müxtəlif yollarla pozmaq istəyirlər və görəndə ki, beynəlxalq vasitəçilər tərəfindən onlara təzyiq artır, növbəti təxribatlara əl atırlar. Onlardan biri də aprelin əvvəlində baş vermiş silahlı təxribat idi. Bizim mövqelərimizə silahlı hücum təşkil edilmişdir. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi, əks-hücum əməliyyatı keçirərək işğal altındakı torpaqların bir hissəsini, daha dəqiq desəm, 2 min hektar torpağı azad etdi. Biz indi ondan bir neçə dəfə böyük əraziyə tam nəzarət edirik.

Bu münaqişə tezliklə öz həllini tapmalıdır. Əgər belə olmasa, heç kim təminat verə bilməz ki, bu təxribatlar təkrarlanmayacaq. Çünki Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Onlar fikirləşirdilər ki, bizə qarşı edilən təxribat onların qələbəsi ilə nəticələnəcək. Ancaq onlar acı məğlubiyyətə uğrayıblar. Azərbaycan dövləti böyük hərbi qələbə qazanmışdır.

Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir. Dünən NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamlar öz əksini tapıbdır. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.

2016-cı ildə bizim xarici siyasətimiz çox fəal olmuşdur. İlin birinci yarısında Azərbaycana 10-dan çox dövlət və hökumət başçısı səfər etmişdir. Mənim çoxsaylı xarici səfərlərim beynəlxalq əlaqələrimizi daha da möhkəmləndirib. Mən ilin əvvəlindən bəri bir neçə beynəlxalq tədbirdə iştirak etmişəm. Davos Ümumdünya İqtisadi Forumu - bu, dünya miqyasında birinci beynəlxalq tədbirdir. Orada həm iqtisadi, həm siyasi məsələlər gündəlikdədir. Ondan sonra Münxen Təhlükəsizlik Konfransı - bu da dünya miqyasında Davos Forumu ilə eyni səviyyədə olan beynəlxalq tədbirdir. Orada da Azərbaycanın, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi səsləndi. Londonda Suriyaya yardım məqsədilə keçirilmiş konfransda mənim iştirakım Azərbaycanın mövqeyini və imkanlarını bir daha ortaya qoydu. Vaşinqtonda Nüvə Sammitində Azərbaycan fəal iştirak etmişdir. Bizim o Sammitə dəvət olunmağımız ölkəmizin nüfuzunu göstərir. Çünki Azərbaycan nüvə dövləti deyil və Azərbaycanda nüvə tədqiqatları demək olar ki, aparılmır. Ancaq buna baxmayaraq, Azərbaycan oraya dəvət edilmiş ölkələrin sırasında idi. Eyni zamanda, Sammit çərçivəsində Amerikanın yüksək səviyyəli rəhbərləri ilə - Prezident, dövlət katibi ilə mənim çox səmərəli görüşlərim olmuşdur.

Mən Türkiyədə iki beynəlxalq tədbirdə iştirak etmişəm. İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilmişdir və orada aprel döyüşləri ilə bağlı Azərbaycanın mövqeyi tam dəstəklənmişdir. Yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü məsələləri əks olunmuşdur və münaqişənin bu prinsiplər əsasında həlli qeyd edilmişdir. Bununla bərabər, münaqişə ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində kontakt qrupu da yaradıldı. Bu da bizim böyük diplomatik uğurumuzdur.

Türkiyədə digər mötəbər beynəlxalq tədbirdə - Dünya Humanitar Sammitinin işində Azərbaycan çox fəal iştirak etmişdir. Bu səfərlərlə yanaşı, ikitərəfli formatda bir neçə səfər təşkil edilmişdir - Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə və Almaniyaya. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki görüş keçirilmişdir. May ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda.

Yəni, bütün bu beynəlxalq tədbirlər və Azərbaycanın o tədbirlərdə fəal iştirakı ölkəmizin önəmini göstərir, eyni zamanda, bizim üçün yeni imkanlar açır. Hər bir beynəlxalq tədbirdə Azərbaycanın mövqeyi səslənir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı. Dünən Varşavada NATO-nun Zirvə görüşündə də çıxışımın demək olar ki, yarısını mən bu mövzuya həsr etmişəm və orada iştirak edən dövlət və hökumət başçıları bir daha həqiqətləri eşidiblər. Ermənistanın yalanları artıq heç kimə təsir göstərmir. Onlar diaspor imkanlarından və bizim beynəlxalq səviyyədə o qədər də çıxışımızın olmamasından istifadə edərək münaqişə ilə bağlı yalan məlumatlar yayırdılar. İndi artıq o dövr arxada qalıb. Həqiqət ondan ibarətdir ki, Azərbaycan haqlıdır və beynəlxalq hüququn normaları bu münaqişə ilə bağlı tam şəkildə tətbiq edilməlidir.

Münaqişənin həlli ilə bağlı bir məsələni də qeyd etmək istəyirəm ki, bu il, xüsusilə son üç-dörd ay ərzində danışıqlar prosesində bəlkə də tarixdə görünməyən fəallıq müşahidə olunur. Aprel hadisələrindən sonra may ayında Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Vyanada görüş keçirilmişdir. Düzdür, Ermənistan tərəfi görüşün keçirilməsi üçün bir neçə şərt irəli sürmüşdür. Bu şərtləri irəli sürərək özlərini bir daha gülünc vəziyyətə qoymuşdular. Çünki yaxşı bilirdilər ki, Azərbaycan heç bir şərtlə razılaşmayacaq. Danışıqlar prosesi bizə də, onlara da lazımdır. Aprel hadisələri bunu bir daha göstərib. Əgər danışıqlar prosesi pozularsa və Ermənistan yenə də öz təxribatçı fəaliyyətini davam etdirərsə, vəziyyət dəyişə bilər.

Beləliklə, may ayında keçirilmiş görüşə Azərbaycan heç bir şərt qəbul etmədən qatılıb və öz mövqeyini ifadə edib. May görüşündə Azərbaycan tərəfindən hər hansı bir sənəd, yaxud da ki, bəyanat nə imzalanıb, nə də qəbul edilib. Həmsədr ölkələr bəyanat qəbul ediblər, amma o bəyanat onların daxili işidir. İyun ayında Rusiya tərəfinin təşəbbüsü, Prezident Putinin dəvəti ilə Sankt-Peterburqda görüş keçirilmişdir. O görüş də çox müsbət keçmişdir və müəyyən ümidlər yaratmışdır. Məhz buna görə görüşün nəticəsində birgə bəyanat qəbul edilmişdir. Bu bəyanat mətbuatda dərc edilib. Hesab edirəm ki, Azərbaycan dövlətinin mövqeyi o bəyanatda kifayət qədər geniş yer alıbdır.

Dünən Fransa Prezidenti cənab Ollandla görüşüm olubdur. Fransa da həmsədr ölkə kimi münaqişənin həlli üçün çalışır. Biz əslində Minsk qrupunun fəallığını müşahidə edirik. Həm Amerika, həm Rusiya, indi də Fransa Prezidenti bu məsələ ilə çox ciddi məşğuldurlar. Danışıqlar indi fəal mərhələyə keçməlidir və Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Yəni, artıq məsələnin mərhələli yollarla həlli bütün həmsədr dövlətlər tərəfindən, ATƏT tərəfindən qəbul edilir. Biz həmişə demişik və deyirik, bunun başqa yolu yoxdur. Məsələ mərhələli yolla həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. İkinci erməni dövləti yaradıla bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilə bilməz. Bunu artıq beynəlxalq ictimaiyyət qəbul edir. Əvvəlki dövrlərdə biz başqa fikirlər eşidirdik. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bəzi hallarda beynəlxalq hüquq, BMT-nin qətnamələri kənarda qalırdı və Dağlıq Qarabağın gələcəyi ilə bağlı həqiqətə, o cümlədən tarixi həqiqətə uyğun olmayan müxtəlif təkliflər irəli sürülürdü. Bütün bunlar artıq keçmişdə qaldı. Məsələnin mərhələli yollarla həlli yeganə mümkün variantdır. Əgər bu variant reallaşarsa, onda həm torpaqlarımız işğalçılardan azad ediləcək, eyni zamanda, Dağlıq Qarabağın erməni əhalisi və mütləq oraya qayıdacaq azərbaycanlılar sülh, təhlükəsizlik şəraitində yaşayacaqlar. Bunun başqa həlli yolu yoxdur.

Qeyd etməliyəm ki, son 3-4 ay ərzində danışıqlarda çox böyük fəallıq müşahidə edilir. Təbiidir, Ermənistan indi hər vəchlə çalışacaq ki, danışıqlar prosesinə yenə də zərbə vursun. Yenə də çalışacaq ki, vaxtı uzatsın. İstisna edilmir ki, təmas xəttində növbəti təxribata əl atmaqla danışıqları pozsun. Necə ki, 2014-cü ildə Parisdə Prezident Ollandın təşəbbüsü ilə keçirilmiş çox müsbət danışıqlardan sonra bir həftə keçməmiş Ağdam rayonunda onlar genişmiqyaslı hərbi təlimlər keçirmişdilər. Bu, sırf təxribat idi və bunu indi hamı bilir, beynəlxalq ictimaiyyət də bilir. Bunu bəyan etməsələr də bilirlər. Həmin təxribat zamanı mövqelərimizə qəsdən hücum çəkmişlər ki, biz o helikopteri vuraq və ondan sonra bizi təcavüzkarlıqda ittiham etsinlər, danışıqlar pozulsun və pozuldu da. 2015-ci il danışıqlar prosesi üçün itirilmiş il olmuşdur. Sadəcə olaraq, Minsk qrupu dekabr ayında görüntü naminə İsveçrədə formal görüş keçirmişdir. O görüşdən sonra görünür Ermənistan tərəfi görüb ki, bu proses fəallaşa bilər və aprel ayında növbəti təxribat törətmişdir. Ona görə məsələ ilə məşğul olan böyük dövlətlər bütün bu reallıqları bilməlidirlər. Əslində, bilirlər. Mən ikitərəfli formatda Azərbaycanın mövqeyini, real məsələnin bu tarixini və münaqişənin səbəblərini açıqlamışam. Ona görə hesab edirəm ki, indiki dövrdə yaxşı imkanlar yaranıb. Ümid edirəm ki, bu proses müsbət nəticələrə gətirib çıxaracaq.

Bununla bərabər, təbii ki, biz hərbi potensialımızı gücləndiririk və gücləndirəcəyik. Aprel döyüşləri bir daha onu göstərib ki, biz düzgün siyasət aparırdıq və aparırıq. Bu gün hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər. Biz sadəcə olaraq hələ də ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll oluna bilər və ümidlərimiz bir qədər artıb. İndi əsas məsələ bundan ibarətdir - həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstərməlidir ki, onlar təklif olunan məsələ ilə bağlı müsbət cavab versinlər.

Hərbi potensialımızın gücləndirilməsi prioritet olaraq qalacaq. Aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlər görülüb. Bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artıb, daha da artacaq. Biz ən müasir texnika, silah-sursat alırıq. Əlbəttə ki, bu, bizim gücümüzü artırır və danışıqlar prosesində mövqelərimizi gücləndirir. Ona görə artıq uzun illər ərzində apardığımız siyasət öz səmərəliliyini təsdiq etdi. Bundan sonra hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir. Həm yerli istehsal daha da artmalıdır və artacaq, - bu gün artıq Azərbaycanın çox güclü hərbi sənayesi vardır, - həm də ən qabaqcıl texnologiyaya malik olan silahlar alınır və alınacaq.

Əlbəttə, bütün bu məsələləri həll etmək üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Baxmayaraq ki, il ərzində neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycan inkişaf edir. Düzdür, ümumi daxili məhsul bir qədər azalıb. Bunun müxtəlif səbəbləri var. Ancaq sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyatın əsas sahələri - sənaye və kənd təsərrüfatı artıb. Yəni, real sektor artıb. Sənaye istehsalı 0,6 faiz artıb. Düzdür, o qədər də böyük artım deyil, ancaq hesab edirəm ki, bu, böhran ili üçün müsbət haldır. Ölkəmizin qeyri-neft sənayesi 2,4 faiz artıb. Bu, çox ciddi artımdır və hesab edirəm ki, bu artım böyük ümidlər verir. Gələcəkdə bu, daha da artacaq. Çünki bir qədər sonra mən gələcək planlar, o cümlədən sənaye potensialının inkişafı haqqında danışacağam. Əlbəttə ki, Azərbaycanda çox güclü sənaye kompleksi yaradılacaqdır.

Kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Bu da müsbət haldır, ancaq potensial daha da böyükdür. Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaqdır. Bu barədə indi burada məlumat veriləcəkdir.

Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. Bu da çox müsbət haldır. Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir. Bu il daha çox xarici sərmayə qoyulubdur. Mən bunu da müsbət qiymətləndirirəm. Çünki daxili sərmayələr azalır. Ona görə ki, indi bizim investisiya proqramımız ixtisar olunub. Bu da təbiidir. Ancaq xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkə kimi qalır və əminəm ki, gələcəkdə bu proses davam etdiriləcəkdir.

İlin altı ayında 78 min daimi iş yeri açılıbdır. Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir. Bu da çox müsbət haldır. Çünki ilin əvvəlində müəyyən narahatlıq var idi ki, bəzi iş yerləri bağlanır. Düzdür, 26 min iş yeri bağlanıbdır. Ancaq 78 min iş yeri açılıbdır. Ona görə, biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir, - burada da müsbət dinamikanı görürük. Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilmişdir ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər. Ona görə, qeyd etməliyəm ki, özəl sektor da özünü çox məsuliyyətli aparıb. Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlət tərəfindən çox böyük dəstək - həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə, əlbəttə, özəl sektor da sosial məsuliyyət daşımalıdır. Ona görə, bax, 78 min iş yeri açılmış, 26 min iş yeri bağlanmışdır. Deməli, 50 mindən çox yeni iş yerləri açılıbdır və bu da çox müsbət haldır.

Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılmışdır. Ümumiyyətlə, 2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10 faiz qaldırılıbdır və bu da çox ciddi sosial təşəbbüsdür.

Bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq. İndi hazırlıq işləri aparılır. Ümid edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaqdır.

2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Düzdür, biz bu islahatları uzun illərdir ki, aparırıq. Ancaq əvvəlki dövrdə vəziyyət başqa idi. Neft hasilatı artırdı. Neftin qiyməti 100 dollardan çox idi. Beləliklə, bizim əsas vəzifəmiz infrastruktur layihələrinin - həm sosial infrastruktur, həm digər infrastruktur layihələrinin icrası idi. Çox böyük vəsait ayrılırdı. Biz elektrik enerjisi, qazlaşdırma, kənd yollarının tikintisi ilə bağlı əsas infrastruktur layihələrini qısa müddətdə icra etdik. Hələ ki, bu istiqamətdə işlər davam edir, amma infrastruktur layihələrinin böyük əksəriyyəti artıq reallaşıb.

İndi vəziyyət tam başqadır. Mən artıq dəfələrlə demişəm, biz postneft dövründə yaşayırıq. Düzdür, bir neçə ildən sonra Azərbaycan dünya bazarlarına çox böyük həcmdə təbii qazı da ixrac etməyə başlayacaq və yenə də valyuta axını artacaq. Ancaq biz elə yaşamalıyıq ki, artıq postneft dövründəyik və belə olan halda, əlbəttə, ciddi, daha da dərin iqtisadi islahatlar aparılmalı idi və aparılır. Həm maliyyə-bank sektorunda, həm də kənd təsərrüfatının, sənaye potensialımızın inkişafı ilə bağlı çox ciddi islahatlar aparılır. İxracın stimullaşdırılması, investisiya cəlb edilməsi üçün çox böyük güzəştlər tətbiq olunur. Eyni zamanda, vergi sahəsində, xüsusilə gömrük sektorunda ciddi islahatlar aparılır. Bu il gömrük orqanlarından daxilolmalar plandan 17 faiz artıq yığılıbdır. Bu, çox müsbət nəticədir. Vergi orqanlarında yığım plandan 2 faiz artıq təmin edilib. Amma orada da böyük ehtiyatlar var. Hesab edirəm ki, vergi sistemində aparılan islahatlar ilin sonuna qədər bütün bu vəziyyəti şəffaflaşdıracaq. Necə ki, gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə öz həllini tapır. Təbii ki, bunu həm insanlar, biznesmenlər, iş adamları görür, eyni zamanda, büdcəyə daha da böyük həcmdə vəsait daxil olur. Yəni, bütün sahələrdə islahatlar dərinləşməlidir, şəffaflıq təmin edilməlidir, nəzarət, maliyyə nəzarəti daha da gücləndirilməlidir. Belə olan halda biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Məsələ məhz belə qoyulub. Bir neçə il ərzində dövlət büdcəmiz, onun mütləq əksəriyyəti qeyri-neft sektoru hesabına təmin edilməlidir. Ondan sonra neftin qiyməti qalxdı-düşdü, bunun heç bir əhəmiyyəti olmayacaq.

Qeyd etdiyim kimi, sosial sahədə maaşlar, pensiyalar qalxıb, eyni zamanda, digər islahatlar da aparılır. İnsanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər. Bu məqsədlə Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Biz birinci təcrübənin nəticələrini yəqin ki, yaxın vaxtlarda görəcəyik. Hesab edirəm ki, öz məşğulluğunu təminetmə yanaşması üstünlük təşkil etməlidir.

Biz uzun illər insanlara ünvanlı sosial yardım veririk. Bu da çox ciddi sosial təşəbbüsdür. Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə, insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıbdır. Lazım olarsa daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar.

Yəni, 2016-cı ilin birinci yarısında doğrudan da böyük işlər görülüb. Biz bu işlərin nəticələrini gələcək illərdə görəcəyik. Bununla bərabər, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan iki istiqamət üzrə də yaxşı nəticələr var. Həm “Cənub” qaz dəhlizinin, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin icrası ölkəmizin önəmini böyük dərəcədə artıracaq. Bu layihələr Azərbaycan və bizim tərəfdaşlarımız üçün çox böyük strateji əhəmiyyət daşıyır. Çünki bizim coğrafi vəziyyətimiz diktə edir ki, Azərbaycan nəinki regional, dünya miqyaslı nəqliyyat mərkəzlərinin birinə çevrilməlidir. Bu məqsədlə lazımi tədbirlər görülür. Həm liman, həm Şimal-Cənub və Şərq-Qərb dəhlizləri inşa edilir. İndi bütün tərəfdaş ölkələrlə və potensial tərəfdaş ölkələrlə ciddi danışıqlar aparılır. Biz çalışmalıyıq ki, yükləri səfərbər edək və Azərbaycan ərazisindən keçən yük daşımalarının sayı artsın. Bu da ölkəmizin həm siyasi maraqlarına cavab verəcək, həm də ki, böyük mənfəət gətirəcəkdir.

Əlbəttə ki, 2016-cı ilin ötən dövründə çox işlər görülüb. Görülmüş bütün işlər haqqında danışmaq mümkün deyil. Bunun üçün bir neçə saat vaxt lazımdır. Mən əsas məsələləri qeyd etdim. Müzakirələrdə məlumatlar veriləcək. Mən də yekun sözümdə tapşırıqlarla bağlı öz fikirlərimi bildirəcəyəm.

X X X

 

 Müdafiə sənayesi naziri Yavər CAMALOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Yaşadığımız müasir dövrdə dünyada baş verən hadisələr, o cümlədən siyasi və iqtisadi böhranlar müəyyən zaman çərçivəsində təkrarlanır. Müstəqil Azərbaycan da ötən müddət ərzində bir neçə dəfə belə hadisələrin şahidi olmuş və hər dəfə yaranmış vəziyyətdən uğurla çıxmışdır. Ötən ilin sonunda dünyada baş verən siyasi qarşıdurmalar nəticəsində yaranmış iqtisadi böhrandan qısa müddətdə çıxmaq üçün, cənab Prezident, Sizin tərəfinizdən verilən qərarlar ölkədə yeni sosial, iqtisadi islahatların başlanmasına imkan yaratdı. Artıq bu islahatlar öz nəticəsini verməkdədir.

Digər sahələrdə olduğu kimi, ordu quruculuğunda islahatlar aparılmış, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. Bunu aprel döyüşləri də sübut etdi. Belə ki, cari ilin aprel ayında Ermənistan ordusunun təxribatına cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən təmas xəttində işğalçı ölkənin ordusuna güclü zərbələr endirilmiş, bir sıra yaşayış məntəqələri və əhəmiyyətli yüksəkliklər azad edilmişdir. Bu uğurlu həmlə bütün Azərbaycan xalqında yüksək əhvali-ruhiyyə və torpaqlarımızın qısa müddət ərzində işğaldan azad olunmasına qəti ümidlər yaratdı. Məlumat üçün bildirim ki, həmin döyüşlər zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunmuşdur. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynamışdır.

Aprel döyüşlərində müəssisələrimizdə istehsal olunan silah və sursatlardan - tank əleyhinə qumbaraatanlardan, minaatanlardan və onların döyüş sursatlarından, snayper tüfənglərindən, universal pulemyotlardan, o cümlədən AK74M tipli avtomat silahlardan, müxtəlif çaplı patronlardan və digər döyüş sursatlarından düşmənə qarşı geniş istifadə edilmişdir. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilib məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmişdir.

Möhtərəm cənab Prezident, ötən illərdə olduğu kimi, 2016-cı ildə də Müdafiə Sənayesi Nazirliyinin kollektivi qarşısında mühüm vəzifələr qoyulmuşdur. Sizin müvafiq tapşırıq və göstərişləriniz əsasında ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə, cari ildə də bir sıra yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər aparılır. Belə ki, cari ildə icrasına başlanmış keçid layihələr davam etdirilir. Həmçinin istismara verilməsi nəzərdə tutulan 7 müəssisədə:

- 40x46 mm-lik “Revolver” tipli qumbaraatanın istehsalı;

- 40x46 mm-lik lüləaltı və “Revolver” tipli qumbaraatanlar üçün döyüş sursatlarının istehsalı;

- RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı;

- M-6 və M-12 tipli mina partladıcılarının istehsalı;

- 23, 30 və 40 mm-lik avtomatik topların və qumbaraatanların döyüş sursatları üçün müxtəlif növ partladıcıların istehsalı;

- 100, 122, 130, 152, eləcə də NATO standartlarına uyğun 155 mm-lik artilleriya və 125 mm-lik tank topları üçün mərmilərin və onların gilizlərinin istehsalı;

- 5,45 mm-dən 30 mm də daxil olmaqla atıcı silahlar və kiçikçaplı avtomatik toplar üçün lülələrin istehsalı üzrə işlər başa çatmaqdadır.

Bununla bərabər tikintisi davam edən keçid layihələri üzrə:

- müxtəlif növ barıtlar və partlayıcı maddələr – piroksilin və ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların tikintisi;

- artilleriya və tank toplarının başlıq partladıcıları üçün tikinti-quraşdırma işləri;

- 60, 82 və 120 mm-lik minaatanlar üçün döyüş sursatlarının hazırlanması ilə bağlı barıt atımlarının istehsalı sahələrinin də tikintisi üzrə işlər davam etdirilir.

Cənab Prezident, cari ilin birinci yarısında Müdafiə Sənayesi Nazirliyinin qarşısına qoyulan vəzifələr uğurla icra edilmişdir. Belə ki, 2016-cı ildə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən verilmiş sifarişə uyğun olaraq, 192,2 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə intensiv işlər görülür və məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilir. 2016-cı ilin Müdafiə Sifarişində yaradılma bölməsində 115 mövzu üzrə 198 mərhələnin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

Hesabat dövründə xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının və s. məmulatların müvafiq sınaqlarına başlanılmış və həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam etdirilir.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir.

Cari ilin birinci yarısında nazirliyin Elmi-Tədqiqat İnstitutunda 15 mövzu, o cümlədən dövlət sifarişi ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilmişdir. Əsas mövzular sırasında müxtəlif növ təlim və döyüş aviasiya bombalarının, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin, həmçinin orta və uzaq mənzilli raket sistemlərinin yaradılması və s. vardır.

Eləcə də, Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) 2016-cı ildə Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılır. İlk növbədə əsas diqqət müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan “Tufan” Milli zirehli nəqliyyat vasitəsinin – 12,7 mm-lik məsafədən idarə olunan döyüş modulu, tank əleyhinə idarə olunan raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və s. sistemlərlə təchiz edilmiş bir neçə variantının hazırlanması nəzərdə tutulur. Milli zirehli maşının təcrübi nümunəsinin ilin sonunadək hazırlanması planlaşdırılır. Eyni zamanda, xarici dövlətlərlə danışıqların nəticəsi olaraq yeni “İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələri hazırlanıb Bakıda keçiriləcək ADEX-2016 sərgisində nümayiş etdiriləcək və 2017-ci ildən artıq seriya ilə istehsalına başlanılacaqdır. Daha bir yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrimizin ixtiyarına veriləcəkdir.

Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Milli Aviasiya Akademiyası və respublikanın digər elm ocaqları ilə sıx əməkdaşlıq edir. Belə ki, cənab Prezident, ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında çıxışınız zamanı söylədiyiniz dəyərli tövsiyələrin icrası olaraq Milli Elmlər Akademiyası və Milli Aviasiya Akademiyası ilə bir sıra tədqiqat işlərinin aparılması barədə razılıq əldə olunmuş və bu işlərin yerinə yetirilməsinə başlanılmışdır.

Hesabat dövründə ümumi məhsul istehsalının həcmi üzrə proqnoz tapşırığına 101,7 faiz əməl olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz artım əldə edilmişdir.

Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi və istehsalı istiqamətində də məqsədyönlü işlər aparılır. Hesabat dövründə mülki məhsulların istehsalı üzrə proqnoza 108,8 faiz əməl olunmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə mülki məhsulların həcmi 6,4 faiz artmışdır. Regionlarda suya olan tələbatı ödəmək məqsədi ilə “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar cəmiyyətlərinin sifarişləri əsasında artezian quyuları üçün “Dalma” tipli dərinlik su nasoslarının sınaq nümunələri hazırlanmış və onların seriya ilə istehsalı üçün sahə yaradılmışdır.

Cənab Prezident, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə start verilmişdir.

Qeyd etmək istərdim ki, artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi elan olunmuşlar. Bu da, öz növbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edir.

Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanmış və icrasına başlanmışdır. İxrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatlarını, müasir atıcı silahları, snayper tüfəngləri, pilotsuz uçuş aparatlarını və s. göstərmək olar. Nazirlik Amerikanın, Avropanın, Asiyanın və Afrikanın bir sıra dövlətləri ilə sıx əməkdaşlıq edir.

Bu gün bağlanılan müqavilələrin dəyəri 106 milyon ABŞ dolları təşkil edir və eləcə də, bu istiqamətdə digər dövlətlərlə intensiv danışıqlar aparılır. Növbəti illərdə də ixrac imkanlarımızı genişləndirmək məqsədilə yeni bazarlar tapılması istiqamətində tədbirlər görüləcəkdir.

Cənab Prezident, ixrac sahəsində qazanılmış uğurlar Sizin göstərişinizlə mütəmadi olaraq beynəlxalq müdafiə sənayesi sərgilərində iştirakımızla bağlıdır. Cari il aprelin 18-21-də Malayziyada keçirilən dünyanın 5 ən böyük müdafiə sərgisindən biri olan 15-ci “DSA-2016” sərgisində 220 adda məhsulun təqdimatı keçirilmişdir. Qeyd olunan sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hazırlanan bir sıra yeni məhsullar ilk dəfə olaraq ziyarətçilərə təqdim edilmişdir.

Bu işlərin davamı olaraq cari ilin sentyabrın 27-30-da Bakıda “ADEX-2016” II Beynəlxalq müdafiə sərgisi təşkil ediləcəkdir. Bu sərgi müdafiə sənayesi sahəsində qazanılan uğurları, ölkəmizin hərbi sahədə əlaqələrini və regionun lider dövləti olduğunu nümayiş etdirmək baxımından çox əhəmiyyətlidir. Bugünkü məlumatlara əsaslanaraq 38 ölkədən 200-dən çox şirkətdən artıq sifarişlər qəbul edilmişdir. Bu da “ADEX-2014” sərgisi ilə müqayisədə qarşıdakı sərgiyə daha çox ölkədən şirkətlərin maraq göstərdiyini deməyə əsas verir.

Möhtərəm cənab Prezident, onu da bildirmək istərdim ki, Sizin tapşırığınızla qısa müddət ərzində yaradılmış “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla keçirilmiş və yaxın vaxtlarda Milli Ordunun sərəncamına göndəriləcəkdir. Bu aparat düşmənin dayaq məntəqələrini nəzarətdə saxlamaqla yanaşı, onları istənilən an məhv etmək iqtidarındadır. Əminliklə qeyd etmək istəyirəm ki, ölkəmizdə istehsal olunan silah və sursatlara əlavə edilən bu döyüş silahı da işğalçı Ermənistan ordusunun ölüm kabusuna çevriləcək və torpaqlarımızın azad edilməsində mühüm rol oynayacaqdır.

Cənab Prezident, Müdafiə Sənayesi Nazirliyi həmişə olduğu kimi, bundan sonra da ordumuzu istənilən sayda silah, sursat və digər müdafiə təyinatlı məmulatlarla təmin etməyə tam hazırdır.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Kənd təsərrüfatı naziri Heydər ƏSƏDOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Zati-aliləri, rəhbərliyinizlə həyata keçirilən aqrar islahatlar, bu sektora dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi və institusional islahatların aparılması kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə səbəb olmuşdur.

İnstitusional islahatlar demək olar ki, başa çatdırılaraq elmi müəssisələrin fəaliyyətindəki paralelliyin aradan qaldırılması, nazirliyin balansında olan toxumçuluq, tingçilik və damazlıq üçün nəzərdə tutulan torpaq sahələrinin konsolidasiya olunaraq birbaşa funksional vəzifələrin icrası məqsədlərinə yönəldilməsi, informasiya-məsləhət xidmətlərinin yaradılması, aqrar sahənin əlavə fiskal tənzimlənmə alətləri ilə dəstəklənməsi tədbirləri daha intensiv davam etdirilmişdir.

Aqrar sektorun texnika təminatındakı problemlər həll edilmiş və lazımi həcmdə gübrə ehtiyatının yaradılması təmin olunmuşdur.

Bütün bunların nəticəsində ilin birinci yarısında faktiki yetişdirilmiş məhsula uyğun 7 faiz artım gözlədiyimiz halda, havaların 25 gün aramsız yağışlı keçməsi səbəbindən biçinə 15 gün gec başlanılması ilə əlaqədar göstəricilərin xeyli hissəsi iyul ayına təsadüf etdiyinə görə artım 3,1 faiz təşkil etmiş və bu artım bütün əsas növ kənd təsərrüfatı məhsulları üzrə müşayiət olunmuşdur.

Möhtərəm cənab Prezident, bütün bunlar nəzərə alınarsa, ilin sonuna aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artımın olacağını proqnozlaşdırırıq.

Dünya Bankının verdiyi proqnozlara görə isə ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir ki, bunun da hesabına Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunur.

İlkin proqnozlara görə, cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir ciddi problem müşahidə olunmur.

İstehsalın artımı ilə yanaşı, Zati-aliniz tərəfindən ixracın stimullaşdırılması üçün müəyyən edilən dəstək tədbirləri, habelə aidiyyəti dövlət orqanları tərəfindən məhsul ixracı ilə bağlı yaranan maneələrin aradan qaldırılması kənd təsərrüfatı məhsullarının həm ümumilikdə, həm də müxtəlif seqmentlər üzrə ixracını kəskin şəkildə artırmışdır. Belə ki, cari ilin 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunmuşdur.

Rusiya mənbələrində bu ölkənin bazarlarında satılan pomidorun 7,4 faizinin Azərbaycanın payına düşdüyü bildirilir, halbuki ötən il bu göstərici cəmi 1 faiz təşkil etmişdi.

Əlamətdar hal ondan ibarətdir ki, ilk dəfə olaraq ərzaqlıq lobya, düyü, ərzaqlıq və yemlik arpa, darı və çərəzlərin, heyvandarlıqda isə ət və süd məhsullarının ixracına başlanılmışdır.

Eyni zamanda, ixracın coğrafiyası dəyişilərək ənənəvi Rusiya bazarı ilə yanaşı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq və Türkmənistanı da əhatə etmişdir.

Yerli istehsalın artımı heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalmasına səbəb olmuşdur. İdxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə isə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalmışdır.

Bununla yanaşı, devalvasiyaya baxmayaraq, daxili bazarda həm iri, həm də xırdabuynuzlu heyvan ətinin pərakəndə satış qiyməti manat ifadəsində 20 faizdən çox azalmışdır ki, bu da yaddaqalan nailiyyətlərdən biridir.

Analoji vəziyyət süd məhsullarının idxalında da müşahidə olunmuşdur. Belə ki, azalma xama üzrə 18 faiz, pendir üzrə 6,6 faiz, kərə yağı üzrə 18,8 faiz təşkil etmişdir.

Möhtərəm cənab Prezident, ümumilikdə iqtisadiyyatın şaxələndirilməsinə nail olunması tapşırığınıza əsasən aqrar sektorun və onun ayrı-ayrı sahələrinin də bu istiqamətdə inkişafı nəzərdə tutulur.

Konkret olaraq heyvandarlıqda hədəfimiz heyvanların cins tərkibini dəyişməklə onları stasionar bəsləmə şəraitinə keçirmək və beləliklə də boşalan örüş və otlaq sahələrini əkin kateqoriyasına daxil edərək həm yem bazasının, həm də digər ənənəvi bitki növlərinin istehsalının artırılmasına şərait yaratmaqdan ibarətdir. Bu tədbirlə məhsuldarlığı 5-6 dəfə yüksəltmək hesabına heyvanların baş sayını 3-4 dəfə azaldaraq intensiv inkişaf hədəfinə nail olunması qarşımızda əsas prioritet vəzifələrdən biri kimi durur.

Bu məqsədlə yeni doğulan hər baş cins buzova görə müəyyən etdiyiniz 100 manat məbləğində subsidiya və bir neçə gün əvvəl Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması məqsədilə ayırdığınız vəsait və gördüyünüz onlarla digər tədbirlər bu niyyətin həyata keçirilməsində əvəzsiz rol oynayacaq.

Bitkiçilikdə isə hədəfimiz əvvəlcə müasir aqrokimya laboratoriyalarının yaradılmasını başa çatdıraraq torpaqların kütləvi analizinə başlamaq, - bu əməliyyatsız, əslində, torpağa hansı növ və nə qədər gübrə verilməsini müəyyən etmək mümkün deyil, - bundan sonra isə xaricdən quraqlığa və xəstəliklərə davamlı yüksək məhsuldar bitki sortlarının toxumlarını gətirməklə yanaşı, müasir toxum istehsalı müəssisələrini istismara verərək nazirliyin balansında olan torpaqlarda yerli şəraitə uyğun sortların istehsalını artırmaqdan ibarətdir ki, bu işlərə artıq start verilmişdir.

Toxum Fondunun yaradılması və Zati-aliniz tərəfindən toxum müəssisələrinin tikintisinə, hökumət tərəfindən isə aqrokimya laboratoriyaları üçün avadanlıqların alınmasına bir neçə gün əvvəl zəruri həcmdə vəsaitlərin ayrılması bu məqsədlərin icrasını təmin edəcək.

Bütün bunlardan sonra informasiya-məsləhət xidmətlərimiz tərəfindən elmi yeniliklərin və praktiki nəticələrin sınaq-təcrübə sahələrində intensiv tətbiqini təmin etməklə onların bölgələrdə yayılmasına və təsərrüfatlarımızda geniş istifadə edilməsinə nail olunacaq.

Möhtərəm cənab Prezident, dünya bazarında pambıq ehtiyatlarının azalması, tələbin isə artması və beləliklə də qiymətlərin yüksəlməsi fonunda ölkəmizdə qədim ənənəyə malik pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə verdiyiniz qəti tapşırıqların icrasına başlanılmış, 50 min hektardan artıq sahədə əkin işləri həyata keçirilmiş, yetişdiriləcək pambığın vaxtında yığılması və tədarükü məqsədilə bütün zəruri tədbirlər görülmüş və müvafiq texnikalar sifariş verilmişdir.

Bunun da hesabına cari ildə 100 min tondan artıq, ötən illə müqayisədə 3 dəfə çox məhsulun istehsalı gözlənilir ki, bu da ölkəyə valyuta daxilolmalarını, eləcə də kənd əhalisinin gəlir əldə etmək imkanlarını artırmaqla yanaşı, bölgələrdə məşğulluq probleminin həllinə mühüm töhfə verəcəkdir.

Tapşırığınıza uyğun olaraq, növbəti ildə pambığın əkin sahələrinin 100-120 min hektara çatdırılması və onun 50 min hektara qədər hissəsində müasir pilot suvarma sistemlərinin qurulması pambıq istehsalını ən azı 250 min tona qədər artırmağa imkan verəcək.

Dünya bazarında ipəkçilik məhsullarına tələbatın yüksək olduğunu, bölgələrdə minlərlə ailənin işlə təmin edilməsində əhəmiyyətini nəzərə alaraq, Sizin tapşırığınıza uyğun olaraq, ipək istehsalının müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili və damazlıq müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmış, bu tədbirlər nəticəsində keçən il istehsal olunmuş 232 kiloqrama qarşı cari ildə 70,7 ton, yəni, 300 dəfə artıq yaş barama məhsulu istehsal edilmişdir.

Bu sahədə Prezident Administrasiyasının yaxından dəstəyini xüsusi vurğulamaq istərdim.

Cari ilin 1 iyun tarixinə respublika üzrə 2,1 min hektar sahədə tütün əkilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 hektar və ya 40 faiz çoxdur.

Hazırda çəltikçiliyin, çayçılığın və digər əhəmiyyətli məhsulların istehsalının kəskin artırılması üçün ciddi tədbirlərə başlanmışdır.

Bazarın əsas iştirakçıları ilə birgə görülən tədbirlər hesabına cari ildə pambıq, tütün və barama xammalının tədarük qiymətlərinin artırılması, hökumətin qərarı ilə hər hektar pambıq və tütün əkininə görə əlavə 40 manat subsidiyanın verilməsi, habelə tədarük edilən hər kiloqram yaş baramaya görə istehsalçılara 2 manat subsidiyanın verilməsi və barama toxumlarının isə əvəzsiz paylanması barədə hökumətə təqdim olunmuş qərar layihəsinin qəbul edilməsi bu tapşırıqların icrasına əsaslı zəmin yaradacaq.

Möhtərəm cənab Prezident, FAO-nun məlumatına əsasən, hər il zərərli orqanizmlərin bitkiçilik məhsullarına mənfi təsiri dünya üzrə 35 faiz həddində məhsul itkisinə səbəb olur. Beynəlxalq ticarətin intensivləşməsi isə zərərli orqanizmlərin yeni ərazilərə keçməsi, yayılması və uyğunlaşması riskini artırır. Bu halların qarşısının alınması üçün beynəlxalq təşkilatlarla birgə hazırladığımız proqramlar əsasında karantin orqanizmlərinin “təcrid və ləğv” edilməsi üzrə genişmiqyaslı fitosanitar tədbirlər həyata keçirilmişdir. Məhz bu səbəbdən cari ildə Rusiya Federasiyasına ixrac edilən Azərbaycan mənşəli məhsulların qarşı tərəfdən bir neçə dəfə güclü laboratoriya təhlilinə cəlb edilməsinə baxmayaraq, heç bir halda karantin orqanizmləri ilə sirayətlənmiş yük aşkar edilməmişdir.

Cari ilin altı ayı ərzində baytarlıq və fitosanitar nəzarətində olan qida məhsullarının təhlükəsizliyinin təmin olunması məqsədilə müxtəlif obyektlərdə aparılan müayinələr nəticəsində on tonlarla ərzaq məhsulları insan qidası üçün yararsız olduğuna görə məhv edilmiş, 42 rayon baytarlıq diaqnostika kabineti, 115 baytarlıq-sanitariya ekspertiza laboratoriyası müasir avadanlıqlarla təchiz olunmuşdur.

Dünya Bankının dəstəyi ilə ilk dəfə olaraq respublikamızda insanların və heyvanların brusellyoz xəstəliyinə yoluxmasının qarşısını almaq məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında kütləvi peyvəndləmə tədbirlərinə başlanılmışdır.

Beləliklə, görülmüş yüzlərlə baytarlıq-sanitariya və fitosanitar tədbirləri nəticəsində epizootik və fitosanitar vəziyyət sabit olmuşdur.

FAO-nun hesablamalarına əsasən, dünyada ərzaq və heyvan yemi üçün taxıla tələbatın hazırkı 2,1 milyard tondan 2050-ci ildə təqribən 3 milyard tona, habelə ət istehsalının 200 milyon tondan 470 milyon tona yüksələcəyi gözlənilir.

Ona görə də əhalinin artan tələbatına və eləcə də artan sayına, - ölkəmizdə bu göstərici hər il 100 mindən artıq təşkil edir, - müvafiq olaraq, adekvat həcmdə ərzaq məhsulları ilə sabit təminatın daim diqqətdə saxlanılması günün tələbinə çevrilmişdir.

Süni yaradılan böhranların və ikili standartların hökm sürdüyü bir dövrdə əkin sahələrinin təqribən 200 min hektarının Ermənistan tərəfindən işğal edilməsi, eləcə də iri layihələrin həyata keçirilməsi, yol infrastrukturunun, şəhər, kənd ərazisinin genişlənməsi səbəbindən əkin dövriyyəsindəki torpaq sahələrinin azalması bu məsələni daim diqqətdə saxlamağı bizdən tələb edir.

Möhtərəm cənab Prezident, bir neçə il öncə kənd təsərrüfatı məhsullarının sahədən satış qiyməti ilə son istehlak bazarında satış qiyməti arasında olan 3-5 dəfə fərq son dövrlərdə bazar infrastrukturunun inkişafı ilə əlaqədar 1-2 dəfəyə qədər azalmışdır. Lakin məhsulların satışından əldə edilən vəsaitin vasitəçilərə deyil, fermerlərə çatması üçün görülən tədbirlər davam etdirilməlidir.

Zati-aliləri, son iki il yarım ərzində tərəfinizdən verilmiş 41 fərman və sərəncam, qəbul edilmiş 3 qanun, 40 qərar və qaydalar aqrar sektorda iqtisadi fəallığın kəskin yüksəlməsinə, xaricdən və respublikanın müxtəlif şəhərlərindən xeyli sayda əhalinin kənd yerlərinə dönüşünə səbəb olmuşdur ki, onların da sayının Statistika Komitəsi tərəfindən uçota alınmasını məqsədəuyğun hesab edirik.

Bütün bunlarla yanaşı, məhsul bolluğu yaradılmasının “artıq məhsul təklifi” kimi ciddi risk yaratmaması və daxili bazarın qorunması məqsədilə belə məhsullar üzrə idxal rüsumlarının tətbiqinə böyük zərurət yaranmışdır.

Bundan başqa, torpaq sahələrinin (xüsusilə bələdiyyə mülkiyyətində olan) icarəyə verilmə mexanizminin sadələşdirilməsinə; ermənilərin ölkəmizə hərbi təcavüzü zamanı islahat aparılmayaraq dövlət mülkiyyətində saxlanılan və əhali tərəfindən becərilən əkin sahələrinə görə subsidiya verilməsi üçün hüquqi əsasların yaradılmasına; irimiqyaslı layihələr həyata keçirilən zaman əvəzlənən torpaq sahələrinə subsidiyanın verilməsi üçün onlara hüquq müəyyənedici sənədlərin verilməsinə; torpaq sahələrinin (xüsusilə kiçik ölçülü) alğı-satqısı, icarəyə verilməsi, vərəsəlik əsasında hüquqların keçirilməsi ilə bağlı dövlət rüsumlarının məbləğinə yenidən baxılmasına zərurət yaranmışdır.

Ümidvarıq ki, bütün bu məsələlərin həlli və görüləcək digər tədbirlər Sizin rəhbərliyinizlə aqrar sektorun davamlı inkişafını təmin edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasi xadim, Azərbaycan xalqının xilaskarı, ümummilli liderimiz Heydər Əliyev tərəfindən meliorasiya və su təsərrüfatı potensialının yaradılması, onun inkişafı, aparılan islahatlar və böyük quruculuq işləri bu gün Sizin rəhbərliyiniz ilə uğurla davam etdirilir.

Son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmiş, 266 min hektar sahədə suvarılan torpaqların su təminatı, 217 min hektar sahədə isə meliorativ vəziyyət yaxşılaşdırılmış, 43 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1493 subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilmişdir.

Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız nəticəsində ölkə iqtisadiyyatının gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihələri olan Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi ilə 200 min hektardan artıq əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 47 min hektar yeni suvarılan torpaqların istifadəyə verilməsinə, əhalinin içməli su ilə təmin edilməsinə və əlavə elektrik enerjisinin alınmasına imkan yaranmışdır. İlkin mərhələdə Taxtakörpü su anbarı zonasında Xızı və Siyəzən rayonlarında 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmişdir ki, onun 8 min hektarı yeni suvarılan torpaqlardır. Şabran rayonunda isə 14 min hektara yaxın yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır. Cari ildə Xızı, Siyəzən və Şabran rayonlarında meliorativ tədbirlər davam etdirilməklə 6200 hektar, o cümlədən 4500 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1700 hektar sahənin su təminatının yaxşılaşdırılması təmin ediləcək. İki ildə ölkənin şimal zonasında 12 min hektardan çox yeni suvarılan torpaqların istifadəyə verilməsi iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına geniş imkanlar açır. Eyni zamanda, şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə su verilməsi üçün Caqacuqçay və Qudyalçay çaylarında sugötürücü qurğuların və nəqledici kanalların tikintisi tamamlanmış, Qusarçay çayında isə bu işlər cari ildə başa çatdırılacaq.

Son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarında toplanan su hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olmuşdur.

Şəmkirçay su anbarı zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 kilometr uzunluğunda magistral kanalların tikinti işləri başa çatdırılaraq Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün müasir paylayıcı kanalların və suvarma şəbəkəsinin, eləcə də Goranboy rayonunun 26 min hektara yaxın (ondan 8 min hektardan çoxu yeni suvarılan torpaqlardır) torpaq sahələrini suvarma suyu ilə təmin edəcək Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisi işlərinə başlanılmışdır. Bu işləri cari ildə davam etdirməklə Goranboy rayonunda 8 min hektar sahəyə, - onun 980 hektarı yeni suvarılan torpaqlardır, - suvarma suyunun çatdırılması, Göygöl rayonunda isə müasir qapalı suvarma şəbəkəsinin tikintisi aparılmaqla 3 min hektar sahə, - ondan 1200 hektara yaxını yeni suvarılan torpaqlardır, - suvarma suyu ilə təmin ediləcək. Eyni zamanda, cari ildə Şəmkirçay su anbarında yığılan su hesabına Şəmkir və Göygöl rayonlarının 16 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır.

Sizin iştirakınızla cari ildə istifadəyə verilmiş Tovuzçay su anbarına yığılan su hesabına Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmış, 300 hektar yeni suvarılacaq torpaqlar isə bu il istifadəyə veriləcək.

Ölkəmizdə iri kənd təsərrüfatı müəssisələrinin yaradılması ilə əlaqədar verdiyiniz tapşırıqların icrası olaraq, Şəmkirçay su anbarından “Şəmkir” Aqroparkın 543 hektar, Samur-Abşeron suvarma sistemindən “Yalama” Aqroparkın 523 hektar, Hacıqabul rayonunun 400 hektar, Ağcabədi rayonunun 2100 hektar torpaq sahələri suvarma suyu ilə təmin edilmişdir. Cari ildə Neftçala rayonunun 5620 hektar və Ağcabədi rayonunun 3 min hektar yeni suvarılacaq az məhsuldar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması üçün Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdiriləcəkdir. Sabirabad və Biləsuvar rayonlarında isə 16 min hektar az məhsuldar qış otlaq sahələrində kompleks meliorativ tədbirlər aparılacaqdır. Pambıqçılıq və taxılçılığın inkişafını təmin etmək üçün Sabirabad, Kürdəmir, Goranboy, Bərdə, Yevlax, Zərdab, Ağcabədi, eləcə də qoşunların təmas xəttində və sərhəd zonalarında yerləşən Füzuli, Qazax, Tovuz və digər rayonlarda 11 min hektar sahədə əkin sahələrinin su təminatı və 4 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılacaq.

Sizin müvafiq sərəncamlarınızla ehtiyat fondundan ayrılan vəsait hesabına 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün respublikanın 35 şəhər və rayonunun 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılmışdır. Əhalinin çox rəğbətlə qarşıladığı bu tədbir Sizin sərəncamlarınızla cari ildə davam etdirilir və hazırda 300 subartezian quyusunun qazılması işləri aparılır.

Dünya Bankının krediti ilə respublikanın 15 rayonunda 95 min hektara yaxın sahədə təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrinin bərpası, yenidən qurulması işləri tamamlanmış, cari ildə isə daha 10 min hektar sahədə bu işlər başa çatdırılacaq. Eyni zamanda, respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri layihəyə uyğun davam etdiriləcəkdir.

Ümumiyyətlə, 2016-cı ildə aparılacaq tədbirlər hesabına 65 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılması təmin ediləcək, 16 min hektar yeni suvarılacaq torpaqlar əkin dövriyyəsinə daxil ediləcək.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən Səhmdar Cəmiyyəti az məhsuldar qış otlaq sahələri, örüş yerləri, dövlət ehtiyatı və bələdiyyə torpaqları hesabına suvarılan sahələrin artırılması məsələlərini araşdırmışdır.

Kənd təsərrüfatı məhsullarının ekstensiv yollarla inkişafına nail olmaq məqsədi ilə su ehtiyatları nəzərə alınmaqla son illərdə inşa olunmuş su anbarları zonasında başlanılmış işləri, eləcə də yeni layihələr əsasında tikinti və kompleks meliorativ tədbirləri davam etdirməklə əlavə olaraq 280 min hektardan artıq yeni suvarılan torpaq sahəsini əkin dövriyyəsinə daxil etmək və 350 min hektar sahənin su təminatını yaxşılaşdırmaq olar. Eyni zamanda, Böyük Qafqazın dağ çaylarında tikintisi nəzərdə tutulmuş su anbarlarından əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi ilə yanaşı, Oğuz-Qəbələ-Bakı su kəmərinə əlavə su verilməsi mümkün olacaqdır.

Bütün bunlarla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının intensiv yollarla artırılması, sudan və torpaqdan daha səmərəli istifadə edilməsi məqsədi ilə sistemin müasir tələblər səviyyəsinə uyğun modernləşdirilməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması, kollektor-drenaj şəbəkələrinin, nov kanalların və hidrotexniki qurğuların təmir-bərpa edilməsi, yeni mütərəqqi suvarma üsullarının tətbiqi üçün böyük həcmdə işlərin görülməsi tələb olunur.

Bütün bunlar respublikamızda ərzaq təhlükəsizliyini təmin etmək, ixracyönümlü məhsul istehsalını artırmaq, yeni iş yerləri yaratmaq, neftdən asılılığı azaltmaq üçün bu sahədə uzunmüddətli əsaslandırılmış proqramın qəbul edilməsini zəruri edir.

Möhtərəm cənab Prezident, Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Siz kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin bizim üçün həmişə, bu gün də prioritet olduğunu bildirmiş, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əkin sahələrinin dövriyyəyə verilməsi, normal suvarmanın təmin edilməsi, xüsusilə pambıqçılıq, taxılçılıq, tütünçülük, üzümçülük, baramaçılıq və heyvandarlığın inkişaf etdirilməsi üçün qarşımızda mühüm vəzifələr qoymusunuz.

Bu vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədi ilə Səhmdar Cəmiyyəti tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.

Hazırda respublikanın su anbarlarında 17,2 milyard kubmetr su yığılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 825 milyon kubmetr çoxdur. Təkcə onu qeyd etmək olar ki, yaxın illərdə istifadəyə verilmiş Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarında 400 milyon kubmetrə yaxın su toplanmışdır. Bu da əhalinin içməli su, əkin sahələrinin isə vaxtında və tələb olunan həcmdə suvarma suyu ilə təmin edilməsinə imkan yaratmışdır. Ümumilikdə, 2016-cı ildə 1376 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur ki, hazırda bu sahələr orta hesabla 2 dəfə suvarılmış və suvarma işləri müvəffəqiyyətlə davam etdirilir.

Hörmətli cənab Prezident, Sizin son iki gün ərzində dünyanın ən nüfuzlu təşkilatlarından biri olan NATO-nun Zirvə toplantısında iştirakınız, keçirdiyiniz mühüm görüşlər, Azərbaycanın mənafeyinə xidmət edən, hərtərəfli ədalətə söykənən, beynəlxalq aləmdə yüksək qiymətləndirilən və hesablaşılan müstəqil siyasətinizi bir daha ortaya qoyan çıxışınız bütün Azərbaycan xalqı kimi, bizim Səhmdar Cəmiyyətinin kollektivini də sevindirir, respublikamızın işiqlı gələcəyinə inamımızı artırır və bizi daha yaxşı işləməyə ruhlandırır.

Sizi əmin edirik ki, Səhmdar Cəmiyyətinin kollektivi qarşıya qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edərək daha səylə çalışacaqdır.

Diqqətinizə görə minnətdaram.

X X X

 

Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitqi söylədi.

Prezident İlham Əliyevin yekun

nitqi

-İlin sonuna qədər biz fəal işləməliyik ki, qarşıda duran bütün vəzifələri icra edək. Bir daha qeyd etmək istəyirəm, ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq. Əlbəttə ki, biz əsas prioritet istiqamətlər üzrə işimizi daha da təkmilləşdirməliyik. Bu gün çıxışlarda da həm görülmüş və görüləcək işlər, həm də əsas prioritet istiqamətlər haqqında məlumatlar verildi. Əslində, bu gün çıxışlarda səslənən fikirlər bizim gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən edir, yəni, bir daha göstərir ki, sənaye potensialı və kənd təsərrüfatı gələcək inkişaf üçün əsas rol oynayacaq. 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də çox ümidvericidir. Bir daha qeyd etmək istəyirəm ki, qeyri-neft sənayemiz 2,4 faiz, kənd təsərrüfatı isə 3,1 faiz artıb. Ancaq əminəm ki, xüsusilə kənd təsərrüfatı istehsalı ilin sonuna qədər daha da artacaq.

Sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir. Mən iri layihələr arasında əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaqdır. Gələcək fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır. İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək, ixrac potensialımızı artırmaq və bununla paralel olaraq, ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır. Əlbəttə, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Ancaq digər məhsullar üçün biz indi gərək rəqabətə girək. Çünki indi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar artıq bazarları böyük dərəcədə bölüblər. Ona görə bu bazarlara öz məhsulumuzla girmək üçün gərək böyük səylər göstərək.

Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Bu da gübrələrə olan tələbatımızı tam təmin edəcək, idxala artıq ehtiyac olmayacaq və böyük həcmdə ixrac potensialı yaranacaqdır. Burada da üstünlük ondan ibarətdir ki, bu məhsulların satışı ilə bağlı heç bir problem olmayacaq. O ki qaldı polimer zavodunun fəaliyyətinə bu, birinci mərhələ olmalıdır. Ondan sonra və bəlkə də indidən özəl sektor da qoşulmalıdır ki, artıq onlar da hazır məhsul istehsalına başlasınlar. Çünki bu xammalın istehsalı böyük imkanlar yaradır. Bu zavoddan faydalanan özəl sektor çox cəld fəaliyyət göstərməlidir, çevik siyasət aparmalıdır. Əgər lazım olarsa, tezliklə dövlətin dəstəyi ilə bir çox kiçik və orta müəssisələr yaradılmalıdır ki, onlar Azərbaycanda hazır məhsul istehsal etsinlər.

Digər iri sənaye müəssisələri yaradılır, yaradılacaq. Ancaq əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada iqtisadi potensialı müəyyən edən orta və kiçik sahibkarlardır. Biz də bu yolla getməliyik və sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.

Azərbaycanda bir sahə var ki, o, demək olar, heç inkişaf etməyib. Həm özəl sektor maraq göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Bu da dərman preparatlarının istehsalıdır. Biz demək olar ki, 100 faiz idxaldan asılıyıq. Düzdür son vaxtlar bu sahədə görülmüş tədbirlər nəticəsində dövlət tənzimləyici rolunu oynayır. İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə artıq bir ildən çoxdur ki, bu məsələ ilə məşğuldur. Nəticədə dərman preparatlarının qiymətində çox ciddi azalma müşahidə olunur. Eyni zamanda, artıq keyfiyyətə də çox ciddi nəzarət edilir. Baxmayaraq ki, manatın məzənnəsi aşağı düşüb və biz idxaldan tam asılıyıq, görülmüş tədbirlər, dövlətin müsbət mənada müdaxiləsi nəticəsində burada qiymətlərdə sabitləşmə var. Bir çox dərman preparatlarının qiymətləri aşağı düşüb. Ancaq indi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın. Müvafiq göstərişlər verilibdir, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik. Dərman preparatlarının istehsalı üçün indi ciddi bir proqram hazırlanır və bir klastr yaradılmalıdır. Beləliklə, həm bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik. Hesab edirəm ki, ilin sonuna qədər bütün danışıqlar prosesi, bütün təşkilati məsələlər öz həllini tapmalıdır. Bu il artıq biz dərman fabriklərinin tikintisinə başlamalıyıq.

Mən dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır. Əlbəttə ki, Bakı Cənubi Qafqazın ən böyük sənaye şəhəridir. Gəncə, Sumqayıt və eyni zamanda, Mingəçevir şəhərində çox böyük sənaye potensialı, çox hazırlıqlı kadr potensialı var. Bu il Mingəçevir şəhərində yüngül sənaye kompleksinin təməli qoyulmalıdır. Bu, Mingəçevirdə işsizlik problemlərinin həllinə çox müsbət təsir göstərəcək və biz çox böyük, yeni sənaye mərkəzini yaradacağıq. Mingəçevirdə bir neçə böyük sənaye müəssisəsinin tikintisi nəzərdə tutulur. Burada da yüngül sənaye inkişaf edəcək. Yaxın zamanlarda minlərlə iş yeri açılacaqdır. İlk növbədə bu müəssisələrin inşası zamanı və ondan sonra həmin müəssisələrdə işləyəcək insanların sayı minlərlə ölçüləcək. Beləliklə, biz yeni sənaye mərkəzi yaradacağıq və insanları işlə təmin edəcəyik. Bu ilin sonuna qədər artıq birinci müəssisənin təməl daşı qoyulmalıdır və əminəm ki, qoyulacaqdır.

Bildiyiniz kimi, artıq müəyyən müddət ərzində hər bir rayonda sənaye zonalarının yaradılması istiqamətində iş aparılır. Birinci pilot layihə Neftçala rayonunda icra edilir. Neftçalada artıq səkkiz layihə hazırdır və bu layihələrin icrasına 40 milyon manat investisiya qoyulacaq. İkinci sənaye zonası Masallı şəhərində yaradılacaqdır. Masallı sənaye zonasında fəaliyyət göstərmək üçün sahibkarlar tərəfindən 33 layihə təqdim olunub. Bu layihələrin investisiya həcmi 31 milyon manatdır. Bu, çox müsbət inkişafdır. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz qərarlar icra edilir. Əminəm ki, digər şəhər və rayonlarımızda da buna oxşar proseslər sürətlənəcək. Çünki hər bir rayonda sənaye potensialının inkişafı üçün gözəl imkanlar var. Biz ilk növbədə özümüzü bütün sənaye məhsulları ilə təmin etməliyik. Eyni zamanda, çox ciddi ixrac potensialı da yaratmalıyıq və xarici bazarlara çıxmalıyıq. Bununla bərabər, bu, məşğulluq problemlərinin həllinə də çox müsbət təsir göstərəcəkdir.

Bu yaxınlarda “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılıbdır. Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdiribdir və Bakının mərkəzində - Bulvarda açılmış Xalça Muzeyi həm özlüyündə bir memarlıq əsəridir və eyni zamanda, bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir. Ancaq əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər. Nəzərə alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz var, xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya miqyasında biz qabaqcıl yerlərdəyik, ona görə qərar qəbul edilib ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın. Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda, biz xalçaçılıq sənayesini də yaradaq. Bu, ixrac yönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək.

Artıq bütün struktur məsələləri öz həllini tapıb. Eyni zamanda, Prezident Administrasiyasına göstəriş verilib ki, müxtəlif bölgələrdə yerlər ayrılsın və xalçaçılıqla məşğul olanlar orada işləsinlər. Göstəriş artıq icra edilir. Dövlət tərəfindən bütün lazımi avadanlıqlar, dəzgahlar təmin edilir və ediləcək. Birinci mərhələdə min və ondan sonrakı mərhələlərdə 5 min iş yeri açılacaq. Həm məşğulluq təmin olunacaq, - xüsusilə nəzərə alsaq ki, daha çox qadınlar bu işlərlə – toxuculuqla, xalçaçılıqla məşğuldurlar, - biz qadınları işlə təmin edəcəyik və həm də ixrac məhsulu yaranacaq. Beləliklə, biz burada bir neçə məqsədi təmin edəcəyik.

Bir sözlə, sənaye potensialımızın inkişafı əsas prioritet məsələlərdən biridir. Bu il və növbəti illərdə bu sahəyə diqqət göstəriləcək.

Bu gün kənd təsərrüfatının inkişafı ilə bağlı məruzələr səsləndi. Həm kənd təsərrüfatı naziri, həm “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri çıxış etdilər. Çünki bu məsələlər bir-biri ilə sıx bağlıdır. Kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir. Birincisi, indi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Əminəm ki, biz yaxın zamanlarda daha da böyük nəticələr görəcəyik. Qeyd etdiyim kimi, bu il artıq 3,1 faiz artım var. Amma daha da böyük artım gözlənilir. Əlbəttə ki, biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusilə heyvandarlıqla bağlı olan təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə, o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın.

Biz əvvəlki dövrlərdə təbii olaraq əsas səylərimizi ərzaq təhlükəsizliyi məsələlərinə yönəltmişdik. Çünki bir neçə il bundan əvvəl çox böyük problemlərlə üzləşmişdik. Yəqin ki, xatırlayırsınız, hətta imzalanmış kontraktlar da icra edilmirdi. Çünki biz taxılı, buğdanı idxal edirdik. Ancaq sonra bəzi ölkələrdə quraqlıq baş verdi, çətinliklər yaşandı və bizim kontraktlarımız ləğv edildi.

Bu, bizim üçün çox ciddi bir siqnal idi. Ondan sonra biz qərar verdik ki, taxılçılığı sürətlə inkişaf etdirək. İri fermer təsərrüfatları yaradıldı, məhsuldarlıq artdı, 23 sentnerdən 30 sentnerə qalxdı. İri fermer təsərrüfatlarında məhsuldarlıq 50-60 sentnerə bərabərdir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri ön planda idi. Biz indi özümüzü ətlə təmin edirik. Quş əti ilə tam təmin edirik. Yəni, bu, ərzaq təhlükəsizliyi məsələləri idi. Ancaq bununla bərabər, indi vaxt gəlib çatıb ki, texniki bitkilərə də ciddi fikir verilsin. Xüsusilə nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik.

Ona görə, torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir. Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər.

Taxılçılıqla bağlı. Qeyd etdiyim kimi, biz hələ ki özümüzü taxılla tam təmin edə bilmirik. Ancaq mən hesab edirəm ki, gələcəkdə biz məhsuldarlığın artırılması hesabına taxılçılığı inkişaf etdirməliyik. Biz iri fermer təsərrüfatlarının timsalında görürük ki, məhsuldarlığı iki dəfə artırmaq olar. Əgər Azərbaycanda taxılçılıqda orta məhsuldarlıq hektardan 50 sentner olarsa, onda bizə yeni torpaq sahələri də lazım deyil. Biz meliorativ tədbirləri digər məhsulların yetişdirilməsinə yönəldə bilərik və beləliklə, ixrac üçün yeni imkanlar yaranacaq.

Bu il texniki bitkilərin istehsalı ilə bağlı çox ciddi addımlar atılıb. Bu işdə Prezident Administrasiyasının fəaliyyətini xüsusi qeyd etməliyəm və yerli icra orqanlarının rəhbərləri çox səmərəli işlədilər. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi bu işlərdə çox fəal iştirak edirlər. Qısa müddət ərzində biz bu sahədə çox ciddi dönüş yarada bilmişik. Burada bəzi rəqəmlər səsləndi. Mən bu məsələlərə bir qədər geniş toxunmaq istəyirəm. Misal üçün, sovet dönəmində Azərbaycanda baramaçılıq çox geniş vüsət almışdı. Amma sonra biz gördük ki, bu sahə demək olar tamamilə dağılıb gedib. Burada qeyd edildiyi kimi, əgər keçən il ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub. Yəni, 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Minlərlə insan bu 45 gündə 560 manat pul alıb və ailəyə aparıb.

İndi bizim daha da geniş planlarımız var. Biz artıq bir kiloqram baramaya verilən məbləği də demək olar ki, üç dəfə artırmışıq. Əgər əvvəllər bir kiloqrama 3 manat verilirdisə, indi 8 manat verilir. Tut tinglərinin əkilməsi prosesi sürətlə aparılmalıdır. Mən maraqlanmışam və verilən məlumata görə, Azərbaycanda 354 min tut ağacı var. Amma bizim planlarımıza görə payız mövsümündə 1 milyon 600 min tut tingi əkilməlidir. Bu, nəticə etibarilə barama istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona qaldıracaq. Əgər bu il 45 gündə insanlar 560 min manat pul alıblarsa, 2019-cu ildə 10 milyon manat pul alacaqlar. Dövlət, bax, bu işləri görür və görəcək. Ancaq mən kəndlərdə yaşayan vətəndaşlara da müraciət edirəm ki, siz də bu işlərə qoşulun. Bu, həm dövlət, həm də vətəndaşlar üçün çox yaxşı qazanc mənbəyi olacaq. Beləliklə, biz dünya bazarlarına öz ipəyimizlə daha geniş şəkildə çıxacağıq. Bu, həm Azərbaycanın tanıdılması, həm ipək kombinatının tam gücü ilə işləməsi, məşğulluğun artırılması üçün lazımdır. Eyni zamanda, insanlar pul qazanacaqlar, dövlət valyuta qazanacaqdır. Xarici valyuta Azərbaycana gələcəkdir.

Tütünçülüyün inkişafına da çox böyük maraq var və burada da cəmi bir il ərzində böyük işlər görülüb. 2015-ci ildə 1400 hektarda, bu il 2500 hektarda tütün əkilib və bu, daha da geniş vüsət almalıdır. Tütünçülük də çox gəlirli sahədir. Əfsuslar olsun ki, bu sahə uzun illər diqqətdən kənarda qalmışdır. İndi biz tütünçülüyü də bərpa edəcəyik. Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar. Dövlət öz dəstəyini verir, verəcək. Eyni zamanda, tütünün alınması üçün dövlət öz dəstəyini göstərməlidir və göstərəcəkdir.

Pambıqçılıqla bağlı çox ciddi addımlar atılıb. Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə qaytarırıq. Əfsuslar olsun ki, son illər ərzində bu sahə də tənəzzülə uğrayıb. Keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Cəmi bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində biz 52 min hektarda pambıq əkinini təmin etmişik və bu il 100 min ton məhsul gözlənilir. Gələn il 120 min hektar əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq. Ona görə, hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu, ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək. Sovet dövründə çalışanlar yaxşı bilirlər ki, o vaxt hər hektarda minimum 2 nəfər işləyirdi. Əgər hər hektarda 2 nəfər işləsə, bax bu il 100 min nəfər işlə təmin olunur, gələn il 250 min nəfər işlə təmin olunacaq. Ancaq hesab edirəm ki, biz pambıqçılığı tam bərpa etməliyik. Gələn il gözlənilən 300 min ton son hədd deyil, daha da artırmalıyıq. Buna çox böyük maraq var və hazırda 24 rayonda pambıqçılıq inkişaf edir, insanlar çox razıdırlar, çox böyük minnətdarlıq bildirirlər. Mən bir daha demək istəyirəm ki, bu sahə prioritet sahə kimi qalacaq və burada ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir. Xüsusilə suvarma ilə bağlı tədbirlərin və meliorativ tədbirlərin görülməsi burada çox ciddi rol oynayacaq. Bununla bərabər, Maliyyə Nazirliyinə göstəriş verilmişdir ki, bu il texnikanın alınmasına böyük məbləğdə vəsait ayrılsın.

Ancaq texnikanın alınmasına iki il ərzində 360 milyon dollar, bu il isə 170 milyon dollar vəsait xərclənəcək. Baxmayaraq ki, biz valyutaya qənaət etməliyik, ancaq bu sahəyə vəsait qoymalıyıq ki, həm məşğulluq artsın, həm də bu, özünü doğruldacaq. Çünki satılan məhsul valyuta gətirəcək və beləliklə, bütün borclar bağlanacaq. Əlbəttə ki, texnikanın alınmasına sərf edilən vəsait də dövlətə qayıdacaqdır.

Digər kənd təsərrüfatı məhsullarının istehsalı ilə maraqlananda maraqlı bir mənzərə ortaya çıxır. Məlumdur ki, ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır. Ancaq qeyd etməliyəm ki, dövlət fındıqçılığın inkişafına o qədər də böyük dəstək verməyib. Keçən il fındığın ixracından Azərbaycana 90 milyon dollar vəsait gəlib. Fındıqdan sonra ən çox valyuta gətirən məhsul xurmadır. Yəni, bütün bunları biz bilməliyik və bu sahələrə çox ciddi dövlət dəstəyi verilməlidir. Ona görə, mən Prezident Administrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, digər aidiyyəti qurumlara göstəriş verirəm ki, bu sahələrdə çox ciddi dövlət dəstəyi olmalıdır və beləliklə, biz yığılan məhsulun həcmini artırmalıyıq. Fındıq istehsalında Azərbaycan dünya miqyasında 3-cü-4-cü yerdədir. Bizim məhsulumuza çox böyük tələbat var. Təkcə şimal-qərb zonasında deyil, bir çox rayonlarda fındıq istehsalı mümkündür. Ona görə, bütün rayonlar üzrə araşdırmalar aparılmalıdır, harada münbit iqlim şəraiti var dövlət burada çox ciddi dəstəyini göstərməlidir ki, fındıqçılıq sürətlə inkişaf etsin və insanlar daha çox pul qazansınlar.

Hazırda Azərbaycanda istixanaların tikintisi çox geniş vüsət alıb. Bu da çox sevindirici haldır. İş adamları buna böyük vəsait qoyurlar. Dövlət də öz dəstəyini verir və bu, bizim ixrac potensialımıza çox müsbət təsir göstərir. Burada kənd təsərrüfatı naziri qeyd etdi ki, qiymətlər aşağı düşür, eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracı 27 faiz artıb. Bu, çox böyük rəqəmdir. İdxal da azalıb.

İdxal, məncə, ümumiyyətlə, bir anlayış kimi olmamalıdır. Ancaq indi biz yəqin ki, idxala çeşidlərin müxtəlifliyinə görə yol verməliyik. Çünki bəzi insanlar xarici mallara öyrəşib, onları daha çox üstün tutur. Ona görə, biz idxalı dayandıra bilmərik. Ancaq gömrük rüsumları elə tətbiq edilməlidir ki, yerli məhsullara hər kəs üstünlük versin. Birincisi, yerli məhsullardan əldə edilən vəsait Azərbaycanda qalır. İkincisi, yerli məhsul keyfiyyətlidir. Orada heç bir kimyəvi, yaxud da ki, insan orqanizmi üçün təhlükəli maddələr yoxdur. Xarici məhsulların bəzilərində, əfsuslar olsun ki, belə maddələr var. Yerli istehsalı sürətləndirmək, artırmaq üçün, əlbəttə, biz tənzimləyici tədbirlər də görməliyik. Ümumiyyətlə, Azərbaycan kimi ölkədə kənd təsərrüfatı məhsullarının idxalı mənə bir az qəribə görünür. Ona görə, biz həm keyfiyyətli məhsul yetişdirməliyik, həm özümüzü tam təmin etməliyik və əlbəttə ki, daxili bazarımızı qorumalıyıq.

Burada kənd təsərrüfatı naziri qeyd etdi ki, heyvandarlığın inkişafı da yeni mərhələyə qədəm qoyur, yeni yanaşma tətbiq edilir. Biz əvvəlki illərdə cins mal-qaranı alırdıq, fermerlərə paylayırdıq. Bunun müsbət təsiri olmuşdur, çünki cins mal-qaranın məhsuldarlığı əlbəttə ki, daha da yüksəkdir. Həm südlük, həm ətlik mal-qaranın gətirilməsi də çox müsbət təsir göstərmişdir. İndi biz yeni dövrə keçirik, mövcud mal-qaranın cinsini süni mayalanma yolu ilə yaxşılaşdıracağıq. Buna bir neçə il vaxt lazım olacaq. Bütün lazımi tədbirlər görülüb və qeyd olunduğu kimi, Prezidentin ehtiyat fondundan həm bu sahəyə, həm toxumçuluğa kifayət qədər böyük vəsait ayrılıb. Əminəm ki, burada da çox ciddi irəliləyiş olacaqdır. Burada biz bir neçə məqsədi güdürük. İlk növbədə, bundan sonra da tam şəkildə özümüzü ətlə, südlə və süd məhsulları ilə təmin edəcəyik. İkinci vəzifə - bizdə ixrac potensialı yaranır. Üçüncüsü, biz artıq örüş torpaqlarından digər bitkiləri yetişdirmək üçün istifadə edəcəyik. Çünki hər qarış torpaq bizim üçün qiymətli olmalıdır. Yenə də qayıdıram əvvəlki fikrimə ki, torpaqlardan səmərəsiz istifadəyə yol verilməməlidir. Ona görə, heyvandarlığın müasir yollarla inkişafı bitkiçiliyə də çox müsbət təsir göstərəcək. Bitkiçilik üçün nəzərdə tutulacaq o torpaqlarda əlbəttə ki, meliorativ tədbirlər də paralel şəkildə aparılmalıdır. Bu il Prezidentin ehtiyat fondundan subartezian quyuların qazılmasına vəsait ayrılıb. Bu, kəndliləri həm içməli su ilə təmin edir, həm də ki, bunun əkin sahələrinə də faydası var. Bu il qazılacaq subartezian quyuların hesabına 3 min hektar torpağın suvarılması təmin ediləcək. Biz bu yolla getməliyik və Dövlət İnvestisiya Proqramında meliorativ tədbirlərin görülməsinə bundan sonra da vəsait ayrılmalıdır. Əgər lazım olarsa, biz bu il də bu məsələyə baxmalıyıq. Çünki bizim həm büdcəmizdə vəsait var. Eyni zamanda, Dövlət Neft Fondunda manat vəsaiti var. Dövlət Neft Fondu bazarda dollar satır. İndi manat ehtiyatı yaranıb. Qoy hökumət təklif versin biz bu vəsaitdən necə istifadə edək ki, lazım olan tədbirləri həll edək və vaxt itirməyək.

Azərbaycanda aqroparkların yaradılması başlayıb, həm Yalamada, həm Şəmkirdə. Bu, yaxşı haldır, amma bu, azdır. Bütün bölgələrdə bir neçə aqropark yaradılmalıdır. Bunun çox böyük mənası, faydası var. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi kreditlərin verilməsində bu məsələni diqqətdə saxlamalıdır. Kənd Təsərrüfatı Nazirliyi və sahibkarlar da bu işlərə qoşulsunlar. Düzdür, aqroparkların yaradılması böyük vəsait tələb edir, ancaq burada sahibkarlar kooperasiya edə, konsorsium yarada bilərlər. Çünki bu, daha mütərəqqi yanaşmadır. Yalamada aqroparkın yaradılması artıq başa çatmaq üzrədir. Şəmkirdə də işlər qrafik üzrə gedir.

Sahibkarlığın inkişafına dövlət bundan sonra da öz dəstəyini verəcək. Bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verilib. Bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir. Regional inkişaf proqramının icrası sürətlə davam etdirilir.

Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar. Bu məqsədlə təşviq mexanizmi artıq tətbiq olunur. Mən əminəm ki, bunun çox müsbət təsiri olacaq və sahibkarlar da bundan istifadə edəcəklər. Yəni, bir sözlə, dövlət həm əkin sahələrinə, həm yanacağa, həm gübrəyə subsidiyalar, sahibkarlara aşağı faizlə güzəştli şərtlərlə 1 milyard manatdan çox kreditlər verir. Dövlət sahibkarlara tövsiyələr verir, metodik sənədlər təqdim edir ki, onlar öz biznesini necə qursunlar. Dövlət kənd təsərrüfatı texnikasını alır, aqrolizinq yolu ilə fermerlərə verir, gübrə zavodunu tikir, - indi pestisid zavodunun tikintisi də nəzərdə tutulur, - suvarma işlərini təmin edir, yüz milyonlarla, milyardlarla manat dəyərində olan böyük Şəmkirçay, Taxtakörpü su anbarlarını yaradır, dağ çaylarının kanallar vasitəsilə bu anbarlara qoşulmasını təmin edir. Eyni zamanda, dövlət fermerlərdən xaricə göndərmək üçün yardım formasında məhsulu almağa da hazırdır.

Yəni, dövlət hər şey edir. Hansı başqa ölkədə fermerlərə bu qədər dəstək göstərilir?! Fermerlər vergilərdən ancaq torpaq vergisi verirlər, bütün başqa vergilərdən azaddırlar. Yəni, ikinci belə ölkə tapmaq mümkün deyil ki, dövlət bu qədər dəstək göstərir. Əlbəttə ki, biz nəticə gözləyirik. Nəticə də elə fermerlərin xeyridir. Qoy, onlar daha da yaxşı yaşasınlar, daha da çox pul qazansınlar, iş görsünlər, investisiya qoysunlar və ixrac potensialımızı artırsınlar. Əminəm ki, biz bu yolla Azərbaycanı müasir kənd təsərrüfatı məhsullarının ixracını təşkil edən bir ölkə kimi dünyada təqdim edəcəyik. Əlbəttə ki, biz yeni bazarlara çıxmalıyıq. Ənənəvi bazarlar var, çox yaxşıdır. Biz çalışmalıyıq ki, inkişaf etmiş ölkələrin bazarlarına çıxaq. Buna da nail olmaq üçün əlbəttə ki, keyfiyyət və standartlaşma ən yüksək səviyyədə olmalıdır.

Valyuta gətirən sahələrdən biri də turizmdir. Biz burada da çox böyük nəticələr gözləyirik. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycanda dünyanın diqqətini cəlb edən beynəlxalq tədbirlər keçirilir. Misal üçün, bu il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Dünya miqyaslı tədbirdir. Bir neçə il bundan əvvəl “Eurovision”, keçən il Avropa Oyunları böyük marağa səbəb olmuşdur. Yəni, Azərbaycanı artıq tanıyırlar. Əlbəttə ki, ölkəmizin tanıdılmasında Formula-1 yarışının xüsusi yeri var. Çünki bu yarışın auditoriyası 500 milyon insandır. Formula-1 yarışı futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarının səviyyəsində olan tədbirdir, onlardan geri qalmır. Əgər dünya çempionatı və Olimpiya Oyunları bir şəhərdə bir dəfə keçirilirsə, yaxud da ki, indi bəlkə də əlli ildə iki dəfə keçirilirsə, Formula-1 yarışı Azərbaycanda ən azı bundan sonra dörd il keçiriləcəkdir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu, şəhər yarışıdır və Bakının gözəlliyi 500 milyon insan üçün artıq təqdim olunub.

Bu, turizmin inkişafına çox böyük təkan verəcək və verməlidir. Biz də buna hazır olmalıyıq. Bu tədbirləri biz keçiririk. Ölkəmizi dünyada tanıtdırmaq üçün tədbirlər görülür. Biz vizalarla bağlı problemləri də bu yaxınlarda aradan götürmüşük. “ASAN viza” xidməti yaradılır. Üç gün ərzində Bakıya turist kimi gəlmək istəyən heç bir maneəsiz, problemsiz və başqa bir iddiasız vizanı alıb gələcək.

Əsas məsələ turizm sənayesini yaratmaqdır - həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər sahili, qış aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, otellər, yollar var. Ona görə bu istiqamətdə görüləsi işlər hələ çoxdur.

Mən “ASAN viza”nı qeyd etdim. Qeyd etməliyəm ki, “ASAN xidmət” mərkəzlərinə bu illər ərzində 10 milyon müraciət olub. Bu 10 milyon müraciət artıq özlüyündə bir göstəricidir. Mən bunu şərh etmək istəmirəm. Hamımız yaxşı bilirik ki, “ASAN xidmət”lərdə ən yüksək səviyyədə xidmət göstərilir. Bürokratiya, süründürməçilik, rüşvət almaq yoxdur. Təmiz, şəffaf, mədəni xidmət göstərilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olub. Artıq 9 mərkəz yaradılıb, beşi Bakıda, dördü bölgələrdə - Sumqayıtda, Gəncədə, Sabirabadda və Bərdədə. Bu il iki yeni mərkəz yaradılacaq - Masallıda və Qəbələdə. On səyyar avtobus fəaliyyət göstərir. Artıq yeni bir layihə - “ASAN qatar” sistemi də fəaliyyətə başlayacaq, yəni, qatarlar vasitəsilə xidmət göstəriləcək.

Ümumiyyətlə, bu sahədə aparılan islahatlar öz səmərəsini verir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə öz nəticəsini verir. Həm inzibati tədbirlər, cəza tədbirləri və struktur xarakterli tədbirlər də görüləcək.

Mən bir rəqəmi də ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, yoxlamalarla bağlı mənim çox ciddi tapşırıqlarım olmuşdur. Bu yoxlamalar insanları demək olar ki, bezdirmişdi, imkan vermirdi ki, sahibkarlar rahat nəfəs alsınlar. Çox ciddi göstərişlər, tapşırıqlar verilmişdir. Bu ilin altı ayında vergi yoxlamaları istisna olmaqla cəmi 56 yoxlama keçirilmişdir. Müqayisə üçün deyim ki, keçən il 40 min yoxlama keçirilmişdir. Baxın, 40 min və 56. Burada da heç bir şərhə ehtiyac yoxdur. Bax, belə olmalıdır. Amma bu 40 min yoxlamanın arxasında nələr dayanır?! Bunu bu yoxlamalara məruz qalmış insanlar yaxşı bilirlər. Biz onların canını bu işlərdən qurtardıq.

Ona görə, hər bir sahədə belə olmalıdır. Şəffaflıq, dürüstlük, təmizlik - bu, norma olmalıdır. Mən indi bunu, sözün düzü, qürur hissi ilə qeyd edirəm. Amma bu, norma olmalıdır. Norma bu olmalıdır, 40 min yoxlama norma olmamalıdır.

Bu il daha bir ciddi sosial təşəbbüs irəli sürüldü. Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi artıq başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradıldı. İndi təşkilati məsələlər öz həllini tapmaqdadır. Torpaq sahələri ayrılır və tezliklə MİDA öz işinə başlamalıdır, mənzillər tikilməlidir. Bu mənzillər uzunmüddətli güzəştli şərtlərlə aztəminatlı vətəndaşlara veriləcək. Bu, çox ciddi sosial təşəbbüsdür. Bu, geniş vüsət almalıdır. Hər bir bölgədə, hər bir rayonda buna ehtiyac var. Eyni zamanda, bu təşəbbüs, bu layihə inşaat sektoruna da çox ciddi təsir göstərəcək. Çünki inşaat sektorunda çox böyük geriləmə var və iş yerlərinin itirilməsi də məhz inşaat sektorunda baş vermişdir.

Ona görə geniş tikinti layihələri gözlənilir. Bunun çox müsbət təsiri olacaq, məşğulluq artacaq və inşaat materialları sektoru da canlanacaq. Ona görə o sahibkarlar da buna hazır olmalıdırlar. Bu, uzunmüddətli bir layihədir. Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti bu il başlayır və davam edəcək. Ona görə bütün inşaat materialları Azərbaycanda istehsal olunmalıdır. Onların böyük hissəsi istehsal olunur. Ancaq indi həcm, tələbat artacaq. Özəl sektor da hazır olsun və öz işlərini elə qursun ki, bizim bu inkişaf planlarımızı təmin edə bilsin. Yoxsa, belə olmasa, onda biz gərək inşaat materiallarını xaricdən alaq. Ona da əlbəttə ki, biz getmək istəmirik.

Bu ilin əvvəlindən infrastruktur layihələri icra edilir. Qeyd etməliyəm ki, magistral yollarda işlər gedir. Gəncə-Gürcüstan sərhədi yolu dörd zolağa çevrilir. Genişlənmə işləri gedir. Bu il Rusiya sərhədinə qədər magistral yolda böyük işlər görülməlidir. Bizim qurumlar çalışmalıdırlar ki, bu yolu da başa çatdırsınlar. Bakı-Şamaxı yolunun dörd zolağa çevrilməsi prosesi gedir və Bakı-İran sərhədi magistral yolunda da tikinti işləri davam edir.

Bununla bərabər, kənd yollarının tikintisi çox sürətlə aparılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb. Təxminən 60-70 kənd yolu layihəsi o cümlədən Bakı qəsəbələrində icra edilir və ediləcək. Bunun da çox böyük təsiri olacaq. Həm infrastruktur yaradılır, həm də iş yerləri. Bu layihələrdə on minlərlə insan işlə təmin edilir. Bu proses gələn il də davam etdiriləcək. Artıq yəqin ki, bir neçə aydan sonra gələn ilin layihələri mənə təqdim edilməlidir.

İçməli su layihələrinin icrası bütün ölkəmizdə aparılır. Bir çox rayonlarda artıq bu, həll olunub. Hər bir rayon mərkəzində içməli su və kanalizasiya layihəsi tam icra edilməlidir.

Qarşımızda duran əsas vəzifələr bundan ibarətdir. Mən bir daha demək istəyirəm ki, 2016-cı ilin birinci yarısının yekunları məni qane edir. Biz böhran şəraitində inkişaf edirik. Əsas məsələ ondan ibarətdir ki, bizim hər bir sahədə çox aydın proqramlarımız var. Hələ bir çox sahələr var ki, sadəcə olaraq, vaxt yoxdur bu barədə danışım. Amma hər bir sahədə konkret proqramlar var. Amma gələcək fəaliyyətimiz üçün əsas sənaye istehsalı və kənd təsərrüfatıdır. Əminəm ki, verdiyim bütün tapşırıqlar yerinə yetiriləcək, biz bu ili də uğurla başa vuracağıq. Sağ olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır