SİYASƏT


Prezident İqor Dodon: “Moldova Azərbaycan ilə ticari və mədəni əlaqələri fəallaşdırmaqda maraqlıdır”

Moskva, 21 iyun, AZƏRTAC

Moldova Azərbaycan ilə ticari və mədəni əlaqələri fəallaşdırmaqda maraqlıdır.

Moldova Respublikasının Prezidenti İqor Dodon iyunun 21-23-də Bakıya rəsmi səfəri ərəfəsində bu fikirləri Rusiyanın TASS agentliyinə söyləyib.

Moldova rəhbəri deyib: “Ölkələrimiz arasında siyasi dialoq, ticari-iqtisadi əməkdaşlıq, mədəni-humanitar əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələr yaxşı səviyyədədir. Əminəm ki, biz birgə səylərimizlə ölkələrimizi maraqlandıran bütün istiqamətlər üzrə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə konstruktiv və faydalı əməkdaşlığın genişlənməsində yeni sanballı nəticələr əldə edə bilərik”.

İ.Dodon qeyd edib ki, keçən il iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 39 faiz artmasına baxmayaraq, dəyər ifadəsində çox deyil və hazırda 5 milyon dollar civarındadır. “Əmtəə dövriyyəsi hələlik çox deyil və dövlətlərimizin əməkdaşlıq imkanlarını tam əks etdirmir. Bu göstəricini artırmaq üçün birgə fəaliyyət zəruridir”, - deyən Prezident xatırladıb ki, iki ölkə arasında qarşılıqlı fəaliyyətin böyük potensialı var – təkcə Moldovada Azərbaycan kapitalına əsaslanan 111 müəssisə qeydiyyata alınıb, iki ölkənin təsərrüfat subyektlərinin iştirakı ilə investisiya layihələri həyata keçirilir.

Prezident belə bir fikir söyləyib ki, Moldova ilə Avropa İttifaqı arasında qüvvədə olan azad ticarət rejimi Azərbaycan şirkətlərinin investisiyalarını Moldovada xammal emalı və Avropa ölkələrinin bazarlarına ixrac olunan əmtəə istehsalı sektoruna cəlb etmək üçün əlavə imkanlar yaradır. Kişineu energetika sahəsində əlaqələrin, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə qarşılıqlı əlaqələrin fəallaşdırılmasında, Moldovada dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair tenderlərdə Azərbaycan şirkətlərinin iştirak etməsində maraqlıdır.

İ.Dodon ümidvar olduğunu bildirib ki, Moldovanın baş naziri Pavel Filipin Bakıya qarşıdakı səfəri, habelə ticari-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclasının və biznes-forumun keçirilməsi iqtisadi sahədə əməkdaşlığı fəallaşdırmağa imkan yaradacaq. İ.Dodon deyib: “Təəssüf ki, bu komissiya sonuncu dəfə 2012-ci ilin aprelində toplaşıb”.

Onun sözlərinə görə, Kişineuda Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun səfərini gözləyirlər. Bu məqsədlə iki ölkənin xarici siyasət idarələrinin nümayəndələri arasında müxtəlif beynəlxalq məkanlarda məsləhətləşmələr aparılıb. Moldova Prezidentinin fikrincə, Moldova və Azərbaycan parlamentlərinin dostluq qrupları xətti ilə nazirliklər və parlamentlər səviyyəsində qarşılıqlı fəaliyyət, habelə azərbaycanlı sahibkarların Kişineuya qarşıdakı səfəri ikitərəfli münasibətlərin inkişafına töhfə verə bilər. Bu səfər çərçivəsində azərbaycanlı sahibkarlar iqtisadi əməkdaşlığın fəallaşdırılması imkanlarını yerində qiymətləndirə biləcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.