REGİONLAR
Prezident Kuboku uğrunda milli atüstü oyunlarda Bakının “Kövsər” və “Sərhədçi” komandaları çövkən üzrə yarışın finalına yüksəliblər
Şəki, 20 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində keçirilən Prezident Kuboku uğrunda milli atüstü oyunlarda çövkən üzrə yarışın finalçılarının adları artıq məlumdur.
AZƏRTAC xəbər verir ki, oyunların bağlanış günündə - dekabrın 22-də keçiriləcək final görüşündə Bakının “Kövsər” və “Sərhədçi” komandaları üz-üzə gələcəklər.
Çövkən oyunu üzrə yarışın dekabrın 20-də keçirilən yarımfinal qarşılaşmalarında “Kövsər” komandası Ağstafa təmsilçilərini 3:1, “Sərhədçi” isə Ağdam komandasını 4:1 hesabı ilə məğlub etdikdən sonra bu hüququ qazanıblar.
Sür-papaq oyunu üzrə yarışın finalçılarının da adları artıq müəyyən olunub. Yarımfinalda balakənlilərlə qarşılaşmalı olan Bakının “Polad” komandası oyuna gəlmədiyi üçün Balakən komandası birbaşa finala yüksəlib. Digər yarımfinal oyununda isə Ağcabədi komandası Laçın rayonunun təmsilçilərini məğlub edib. Beləliklə, bu növ üzrə dekabrın 21-də keçiriləcək final oyununda Balakən və Ağcabədi komandaları qarşılaşacaqlar.
Yaylıq oyunu üzrə yarışlara isə artıq yekun vurulub. Bu növdə Qəbələ rayonunun komandası fərqlənib. Sonrakı yerləri İsmayıllı və Goranboy rayonlarının komandaları tutublar.
Papaq oyunu üzrə yarışın qalibinin adı isə Oğuz-Yevlax görüşündən sonra məlum olacaq.