REGİONLAR
Prezident: Pambıqçılıqda çox ciddi dönüş yarada bildik
Bakı, 12 iyul, AZƏRTAC
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında pambıqçılıq sahəsindən də danışıb.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı bu il pambıq tədarükünün 3 dəfəyədək artmasının gözlənildiyini bildirib.
Prezident İlham Əliyev deyib: “Biz pambıqçılığın şöhrətini bərpa etdik. Artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdisə, keçən il bu rəqəm təxminən 90 min tona çatıbdır. Keçən il 51 min hektarda pambıq əkilmişdisə, bu il 136 min hektarda pambıq əkilibdir. Biz əkin sahələrini təqribən 3 dəfə artırmışıq. Əgər biz orta məhsuldarlığı 20 sentner götürsək, bu il 260-270 min ton pambıq gözlənilə bilər. Yəni, bu, çox da ola bilər, az da. Bu, artıq hava şəraitindən və o cümlədən texniki xidmətdən asılıdır. Amma hər halda biz artıq pambıqçılıqda çox ciddi dönüş yarada bildik. Pambıq həm gözəl ixrac məhsuludur, dünya birjalarında satılır, eyni zamanda, Mingəçevir Yüngül Sənaye Parkının fəaliyyəti üçün də resurs bazasıdır. Biz əlbəttə, çalışacağıq ki, hazır məhsulu ixrac edək.”