REGİONLAR
Prezident təqaüdçüləri Gəncədə konsert proqramı ilə çıxış ediblər
Gəncə, 31 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında nəzərdə tutulan tədbirlər çərçivəsində Prezidentin fərdi təqaüdçülərinin konserti olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının binasında keçirilən tədbirdə şəhər icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və musiqisevərlər iştirak ediblər.
Məlumat verilib ki, Ulu Öndərin 1996-cı ildə imzaladığı "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Fərmana uyğun olaraq musiqi sahəsində xüsusi istedada malik gənclərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Söz gənc istedadlara verilib. Bakıdan gələn qonaqlar Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Konsertdə Zakir Bağırovun "Rapsodiya", "Bayatı Şiraz", Sevil Əliyevanın "Ana", Adil Bəbirovun "Prelüd və skerso", Fikrət Əmirovun "Muğam-poema", Üzeyir Hacıbəylinin "Çırpınırdı, Qara dəniz" əsərləri və digər musiqilər səsləndirilib.
İstedadlı gənc musiqiçilərdən Yusif Yusibovun klarnetdə, Cahandar Xanlarovun tarda, Aygün Həsənovanın kanonda, Mədinə Şahgəldiyevanın kamançada ifa etdiyi əsərlər, eləcə də xanəndə İbrahim Pərvazlının oxuduğu mahnılar və muğam parçası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.