REGİONLAR
Prezidentin Fərmanı məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addımdır
Füzuli, 27 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi füzulili məcburi köçkünlər tərəfindən razılıqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlər üçün salınan Qayıdış və Zobucuq qəsəbələrində vətəndaşlarla görüşüb. Görüşdə məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi dövlətimizin başçısının məcburi köçkünlərə olan növbəti diqqət və qayğısı kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məcburi köçkünlər isə dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunublar.
Füzulili məcburi köçkünlər Azərbaycan Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 2017-ci il 23 yanvar tarixli Fərmanını onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti addım kimi dəyərləndiriblər. Bildiriblər ki, yemək xərci müavinəti və kommunal ödənişlərə görə tətbiq olunan güzəştlərin birləşdirilərək vahid aylıq müavinət formasında hər bir məcburi köçkünün birbaşa özünə verilməsi ədalətli addımdır. Belə ki, artıq bundan sonra məcburi köçkünlər onlara aylıq müavinət formasında veriləcək vəsaiti özləri istədikləri formada istifadə edəcəklər.
Məcburi köçkünlərə elektrik enerjisi, qaz və sudan istifadədə israfçılığa yol verməməyi tövsiyə edən Alı Alıyev onları dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən vəsaitdən səmərəli istifadə etməyə çağırıb.
Füzulili məcburi köçkünlər diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.