RƏSMİ XRONİKA


Prezidentin Mətbuat Xidmətinin məlumatı

Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib. 

Dövlətimizin başçısı Həsən Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar İran Prezidentinə və xalqına təbriklərini çatdırmış, Həsən Ruhaniyə Prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə etmişdir.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirmiş, öz növbəsində müqəddəs Ramazan ayı və 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik etmiş, xalqımıza firavanlıq diləklərini çatdırmışdır.

Söhbət zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri, o cümlədən regionda təhlükəsizlik məsələləri, Şimal-Cənub dəmir yolunun tikintisi, neft-qaz sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələri ətrafında fikir mübadiləsi aparılmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan-İran əlaqələri müstəqillik dövründə uğurla inkişaf etmiş və xüsusilə son dörd il ərzində ən yüksək səviyyəyə qalxmışdır. Bildirilmişdir ki, prezidentlər səviyyəsində bir çox qarşılıqlı səfərlər həyata keçirilmiş və bir sıra çox önəmli müqavilələr imzalanmışdır. Əldə edilmiş bütün razılaşmalar və imzalanmış sənədlər uğurla icra olunur.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin