CƏMİYYƏT


Professor Əlişir Musayev: Ölkəmizdə müalicəvi əhəmiyyətə malik təbii mənbələr çoxdur

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan təbiəti füsunkar gözəllikləri ilə yanaşı, həm də dəniz və gölləri, təbii qaynama və bulaqları ilə tanınır. Təbiətin ölkəmizə bəxş etdiyi həmin gözəlliklərin xeyli bir qismi həm də müxtəlif xəstəliklərin sağaldılmasında şəfa mənbəyi rolu oynayır.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Əlişir Musayev AZƏRTAC-ın müxbiri ilə söhbətində həmin mənbələr barədə bəhs edib. Professor deyib:

-Naftalanı Azərbaycan kurortologiyasının brendi hesab etmək olar. Son 20 ildə Naftalanda çoxlu yeni binalar tikilib, şöbələr açılıb, infrastruktur dəyişikləri aparılıb və həyata keçirilən tədbirlər onu kurort-müalicə müəssisəsi kimi ön mövqeyə çıxarıb. Ölkəmizdə kurortların inkişafına dair 2009-2018-ci illər üçün Dövlət Proqramı qəbul edilib və həmin sənəddə Naftalan kurort-müalicəsinin inkişaf etdirilməsi, Naftalan neftindən alınan komponentlər və dərman preparatlarının genişləndirilməsi öz əksini tapıb.

Naftalan nefti müxtəlif xəstəliklərin müalicəsində geniş tətbiq edilir. Sinir, dayaq-hərəkət sistemi, burun-boğaz-qulaq, ginekoloji, mədə-bağırsaq və digər xəstəliklərdə əvəzsiz vasitə sayılan Naftalan neftinin əsas müalicə keyfiyyəti ağrıkəsici, iltihab əleyhinə, desensibiləzəedici və orqanların trofikasını yaxşılaşdırmaq sahəsində güclü təsirə malik olmasıdır. Ona görə də müxtəlif etioloji və patogenetik xəstəliklərdə onu uğurlu müalicə vasitəsi kimi tətbiq edirlər.

Dünyada Naftalan neftinin analoqu yoxdur. Doğrudur, son vaxtlar Xorvatiyada da müalicə nefti aşkar edilib və oxşarlığına görə onu da “Naftalan” adlandırıblar, lakin tərkibinə görə onların arasında müəyyən fərqlər var. Naftalan nefti kurort müalicəsi kimi əsasən vanna şəklində tətbiq edilir. Onun kurortdankənar vanna şəklində istifadəsi daha çox izafi sərfiyyata səbəb olur. Müalicəvi neftdən sürtmə şəklində istifadə edilməsi də çox yaxşı səmərə verir. Son vaxtlar Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda aparılan araşdırmalar nəticəsində Naftalan neftinin kurortdankənar şəraitdə-xəstəxana, poliklinika və digər sağlamlıq müəssisələrində istifadəsi üçün çoxlu müalicə üsulları hazırlanıb. Onların arasında neftin qızdırılaraq sürtmə şəklində istifadə edilməsi ilə yanaşı, fototerapiya və ultrasəs müalicə üsullarında müştərək olaraq da tətbiq edilir. Bundan başqa Naftalan neftinin təmizlənməsi də çox mühüm əhəmiyyət daşıyır. Bizim institutla Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının ilə birgə apardıqları tədqiqatlar göstərir ki, neftin tərkibinin qətranlardan təmizlənməsi nəticəsində naften karbohidrogenləri, yəni qətransız ağ Naftalan nefti alınır və kurortdankənar müalicə vasitəsi kimi burun-boğaz və ginekoloji xəstəliklərdə tampon, nanotexnoloji üsullarla alınan neft məhsullarından isə vanna, maz və şam şəklində istifadə olunur. Naftalan nefti çox geniş müalicə spektrinə və tətbiq sahəsinə malikdir. Son vaxtlar Rusiya alimləri də onun öyrənilməsi və tətbiq üsullarına çox böyük maraq göstərirlər.

-Naftalan neftindən müalicə vasitəsi kimi yerində istifadə etməklə kurortdankənar istifadəsi arasında fərq varmı?

-Şübhəsiz ki, var. Yerində istifadə zamanı neft vannalara vurulur, istifadədən sonra çənlərə qaytarılıb neftlə qarışaraq keyfiyyətcə yeniləşməyə və regenerasiyaya səbəb olur. Birmənalı olaraq onun yerində istifadəsi daha səmərəli təsirə malikdir. Lakin onun tərkibində olan karbohidrogenlər və digər komponentlər müəyyən müddət qablarda öz keyfiyyətini saxladığına görə yaxma və sürtmə şəklində kurortdankənar müalicə vasitəsi kimi geniş istifadə olunur. Əsas fərq bundadır ki, bu cür istifadə ediləndən sonra neft atılır və ondan təkrar istifadə etmək mümkün olmur.

-Professor, palçıq müalicəsinin səmərəsi haqqında da məlumat verməyiniz yaxşı olardı...

- Ölkəmizdə müalicə vasitəsi kimi təkcə vulkan deyil, həm də lil palçığından istifadə edilir. Masazır və Zığ gölünün palçığı ona görə daha geniş tətbiq edilir ki, onun bakterioloji, sanitar-gigiyenik göstəriciləri əlavə tədbirlər görülmədən istifadəsinə imkan verir. Bundan fərqli olaraq, vulkan palçığının müalicə üçün müəyyən hazırlığa ehtiyacı var, yəni onu suda həll etmək, qarışdırıb horra şəklinə salmaq, qızdırmaq və s. lazım gəlir. Məsələ burasındadır ki, vulkan palçığı müəyyən qaynama həddinə çatıb püskürəndən sonra soyuyur, quruyur və termofiziki keyfiyyətlərini itirir. Ona görə də palçığı suda həll edib məhlul halına salandan və qızdırandan sonra özünün əvvəlki fiziki, kimyəvi və bioloji xassələrini bərpa edir. Abşeron yarımadasından başqa Ələt qəsəbəsi, Qobustan və Salyan rayonları ərazisində də palçıq vulkanları var. Əslində həmin vulkanların palçığını yığıb qablaşdırmaq və satışını təşkil etməklə özəl təşkilat və qurumların, sahibkarların məşğul olması daha yaxşı olardı, təəssüf ki, son vaxtlar həmin qurumların bu sahədə fəallığı hiss edilmir...

- Başqa hansı təbii müalicə mənbələrini misal göstərə bilərsiniz?

-İlk növbədə respublikamızın ərazisində çıxan çoxlu müalicəvi kükürdlü suları qeyd etmək lazımdır. Lənkəran, Masallı, Suraxanı və Şıx çimərliyi yaxınlığında kükürdlü su mənbələri çox böyük müalicə mənbələridir. Bunlardan başqa daxilə qəbul edilən çoxlu mineral su mənbələri var. Naxçıvanda istehsal olunan Badamlı, Sirab, Vayxir suları bir sıra xəstəliklərin müalicəsi üçün çox böyük rol oynayır. Naxçıvanda çox nadir rast gəlinən silisium tərkibli mərgümüşlü suyu da belə təbii müalicə vasitələri sırasına daxildir...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.