İQTİSADİYYAT


“Professor Gül” gəmi-bərəsi əsaslı təmirə dayandı

Bakı, 15 may, AZƏRTAC 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb.

Bu barədə AZƏRTAC-a QSC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, gəmidə olan bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər, eləcə də nasoslar, separatorlar, soyuducular, kompressorlar sökülərək təmir sahələrinə gətirilib. Bərənin boru sistemləri və gövdə hissəsində də təmir işləri gedir. Gəmidə əlavə olaraq maye yüklərin daşınması zamanı dağılma baş verərsə, həmin yükün toplanması üçün iki ədəd 13,5 kubmetrlik çən və qazanizator quraşdırılması planlaşdırılır.

Uzunluğu 154,5 metr, eni 18,3 metr olan “Professor Gül” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir. Gəmi-bərə hər səfərdə 28 vaqon götürə bilir.

Qeyd olunub ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 “Ro-Ro” tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir.

Hazırda bu gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir. Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” də donanmasında gəmi-bərələrinin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə gəmiçilik Bakı Gəmiqayırma Zavodunda 2 unikal "Ro-Pax" tipli gəmi-bərənin tikintisi barədə sifariş yerləşdirib. Bununla da, Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması maneəsiz həyata keçiriləcək.

Bərələrin sayının artırılması Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də çox böyük əhəmiyyətə malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.