İQTİSADİYYAT


“Professor Gül” gəmi-bərəsi yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək

Bakı, 31 iyul, Elvin Camalov, AZƏRTAC

“Professor Gül” gəmi-bərəsində əsaslı təmir yekunlaşdıqdan sonra bərə dəniz sınağından keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “AXDG”nin “Zığ” Gəmi Təmiri Zavodunda başlayan əsaslı təmir işləri planlaşdırılmış şəkildə və yüksək keyfiyyətlə aparılıb.

Belə ki, gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı su, yağ və yanacaq nasosları, köməkçi və baş mühərriklər, mexanizmlər, yanğından mühafizə avadanlıqları əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda, bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib.

Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri görülüb.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək. Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və yük avtomobilləri daşıyacaq.

Hazırda gəminin maşın şöbəsində rənglənmə işləri aparılır. Gəminin istismara verilməsi isə yaxın günlərdə nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, uzunluğu 154,50, eni isə 18,3 metr olan gəminin maksimal sürəti 15 uzeldir. Bərə göyərtəsinə 28 vaqon və 32 TIR götürmək qabiliyyətindədir.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 Ro-Ro tipli gəmi var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.