ELM VƏ TƏHSİL
Professor Kamal Çiçək: Qafqazşünasların I Beynəlxalq Forumu alimlər üçün geniş imkanlar açacaq
Bakı, 18 aprel, P.İmanova, M.Dadaşov, AZƏRTAC
On beş ildir ki, ermənilər, onların törətdikləri soyqırımları barədə araşdırmalar aparıram. Bu sahədə tədqiqatçı mütəxəssis kimi Türkiyədə, ABŞ-da, İngiltərədə fəaliyyət göstərmişəm. Qafqazşünasların I Beynəlxalq Forumunda “Ermənilərin Orta Şərq və Yunanıstandan Qafqaza köçürülməsi mövzusunda” məruzə ilə çıxış etdim. Bu köçürülmə 1922-1935-ci illərdə, yəni keçmiş Sovetlər birliyinin Ermənistan üzərində rəhbərlik etdiyi zamanlar baş verib. Məruzəmdə də bu prosesin, layihənin necə meydana gəlməsi, ona kimlərin dəstək verməsi və nə ilə nəticələndiyi barədə məlumat verdim.
Bunu AZƏRTAC-a müsahibəsində Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru, professor Kamal Çiçək söyləyib.
K.Çiçək ermənilərin dünyanın müxtəlif yerlərində həyata keçirdikləri soyqırımlarının müzakirəsi baxımından 11 ölkədən elm adamlarının iştirak etdikləri forumun böyük əhəmiyyət daşıdığını, bu beynəlxalq tədbirin alimlər üçün geniş imkanlar açdığını söyləyib. Forumun ölkəmizdə keçirilməsini yüksək dəyərləndirən türkiyəli alim Bakıya hər səfərində paytaxtımızın simasını dəyişərək gözəlləşdiyinin və müasirləşdiyinin şahidi olduğunu deyib.