ELM VƏ TƏHSİL
Professor Paşa Zamanov: Respublikamızda 40 adda üzvi tərkibli tullantı var
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda üzvi gübrələrin alınması, istifadəsi üzərində elmi-tədqiqat işləri aparılır. Respublikamızda 40 adda 30 milyon tondan çox üzvi tərkibli tullantı var. Bu tullantılar torpağın münbitləşdirilməsində, bitkilərin qidalandırılmasında peyini əvəz edə bilər.
Bu barədə AZƏRTAC-a institutun üzvi gübrələr laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, professor Paşa Zamanov məlumat verib.
Alim bildirib ki, bura kənd təsərrüfatı bitkilərinin qalıqlarını, məişət tullantılarını, yaşıllaşdırma və meşə ağaclarının yarpaqlarını və töküntülərini, kənd təsərrüfatı məhsullarının emalından çıxan tullantıları, təmiz su hövzələrindən çıxan lil qalığını (saprapel), yaxantı sularının quru qalığını, kommunal və sənaye tullantılarını və digərlərini aid etmək olar. Qeyd olunan tullantıları torpağa və bitkiyə verməzdən əvvəl onlar bakteriyalar vasitəsilə çürüdülərək zərərsizləşdirilir. Belə ki, bu tullantıları üzvi gübrə kimi hazırlamaq üçün əvvəlcə onlar kompostlaşdırılır, sonra torpağa və bitkiyə verilir. Kompostlar torpağın münbitliyindən asılı olaraq hər hektara 15-40 tonadək verilə bilər. Kompostlar torpağı qida maddələri ilə zənginləşdirir, eləcə də torpağın susaxlama, sukeçirmə xassələrini, mexaniki tərkibini yaxşılaşdırır və yumşaldır. Bu da bitkilərin kökünün yaxşı inkişaf etməsi və məhsuldarlığı üçün vacib amildir.