CƏMİYYƏT


Professor Surxay Axundovun yubileyi ilə  əlaqədar elmi-praktik konfrans keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında tibb elmləri doktoru, professor Surxay Axundovun anadan olmasının 120 illiyinə həsr edilən elmi-praktik konfrans keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransı giriş sözü ilə açan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov ölkəmizdə neyrocərrahiyyə xidmətinin inkişafında böyük xidmətləri olan Surxay Axundovun keçdiyi həyat yolu ilə bağlı konfrans iştirakçılarına məlumat verib.

Universitetin nevrologiya və tibbi genetika kafedrasının müdiri, professor Şərif Mahalov tanınmış neyrocərrah alimin həyat və yaradıcılığı barədə danışarkən deyib: “Akademik Nikolay Burdenko şagirdləri haqqındakı xatirələrində Surxay Axundovun dəqiq topoqrafik diaqnozu olmadan hətta təcrübəli cərrahların da əməliyyatlardan əvvəl tərəddüd və narahatlıq hissi keçirdiyini qeyd edirdi. Professor Surxay Axundov bir növ canlı kompüter tomoqrafiya rolunu oynayırdı. Onun tibb sahəsində gördüyü işlər akademik Mustafa Topçubaşovla birgə Azərbaycanda neyrocərrahiyyə xidmətinin banisi olmasını deməyə əsas verir”.

Surxay Axundovun ailə üzvləri adından çıxış edən kinorejissor Oqtay Mirqasımov bu təşəbbüsə görə Tibb Universitetinin rəhbərliyinə və nevrologiya kafedrasının professor və müəllim heyətinə minnətdarlığını bildirib: “Azərbaycanda neyrocərrahiyyənin əsasını qoyan Surxay Axundovun yetirmələrinin sorağı ən yüksək yerlərdən gəlir. O, beyni bir obyekt kimi seçmişdi. Əqli və fiziki baxımdan inkişaf etmiş mütəfəkkir olaraq, onun üçün beynin funksiyalarının və xəstəliklərinin öyrənilməsi daha vacib idi”.

Konfransda neyrocərrah Rəşid Musayev və travmatoloq Nadir İsmayılovun professorla bağlı xatirələri dinlənilib.

Bədii hissədə professor Surxay Axundovun həyat və yaradıcılığına həsr edilən videofilm nümayiş olunub.

Konfrans öz işini gənc alimlərin elmi məruzələri ilə yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.