SİYASƏT


Professor Zakir Avşar: Bakı Forumuna marağın artmasında Azərbaycan dövlətinin xüsusi diqqəti mühüm rol oynayır

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Türkiyənin Qazi Universitetinin professoru Zakir Avşar sentyabrın 29-30-da Azərbaycanın paytaxtında keçirilən V Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı məqalə dərc etdirib.

AZƏRTAC xəbər verir ki, Z.Avşar 80 ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyi Bakı Forumu çərçivəsində təşkil olunan altı “dəyirmi masa”da aktual mövzuların müzakirə edildiyini bildirib. Forum iştirakçılarının dünyanın tanınmış siyasət, elm, mədəniyyət və ictimai xadimləri olduğunu qeyd edən müəllif vurğulayıb ki, həmin şəxslər tədbirin əsas qayəsini təşkil edən dəyərlərin təbliğində mühüm rol oynayırlar. O qeyd edib ki, Bakı Forumunun nüfuzu və iştirakçıların sayı ildən-ilə artmaqdadır. Bu işdə Foruma Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin diqqət və qayğı göstərməsi, mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi böyük önəm daşıyır.

Z.Avşar iki gün davam edən Forumun açılışında Prezident İlham Əliyevin dərin məzmunlu nitqində ölkəmizin əldə etdiyi uğurlar, genişlənən beynəlxalq əlaqələri, Azərbaycan dövlətinin demokratiya, sürətli inkişaf, müasir cəmiyyətin qurulması, sosial siyasət və digər sahələrdə əsas hədəfləri barədə ətraflı məlumat verdiyini qeyd edib. Azərbaycan Prezidentinin nitqinin Forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandığı xüsusi vurğulanıb.

Müəllif qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlar Türkiyə xalqı üçün də böyük qürurdur. Azərbaycan xalqının sevinci bizim də sevincimizdir.

Yazıda Forumda dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin ayrı-ayrı mövzularla bağlı irəli sürdükləri təkliflərin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edən Z.Avşar insan hüquq və azadlıqlarının qorunması, hüququn aliliyinin, davamlı inkişaf üçün sülhün, sabitliyin təmin olunması, əməkdaşlığın genişləndirilməsi, ətraf mühitin mühafizəsi, qaçqın probleminin həll edilməsi, irqçilik, ksenofobiya meyillərinin, habelə terrorizmin qarşısının alınması, İKT-nin, xüsusilə biotexnologiyaların cəmiyyətin inkişafında rolu və s. aktual məsələlərin builki Forumun əsas müzakirə mövzuları olduğunu bildirib.

Türkiyəli professor Forumda iştirak etdiyi “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” adlı “dəyirmi masa”da yeni medianın inkişafı ilə ortaya çıxan problemlərin ətraflı müzakirə edildiyini bildirib. Qeyd edib ki, bununla yanaşı, bütün çətinliklərə baxmayaraq, söz azadlığının müdafiəsi, insanların sərbəst informasiya əldə etmək hüququ, şəxsi həyatın qorunması məsələlərinə də geniş diqqət yetirildi. Z.Avşar “dəyirmi masa”da Türkiyə nümayəndə heyətinin media və terrorizm ilə bağlı yanaşmalarının, xüsusilə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Türkiyə mediasının tutduğu mövqeyə dair ətraflı məlumatın iştirakçılar tərəfindən böyük maraqla qarşılandığını qeyd edib.

Müəllif Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycan ictimaiyyətinin həssaslığı nəzərə alınaraq, ölkəmizdə də geniş məlumatlandırma işlərinin aparılmasının önəmini vurğulayıb. Bu baxımdan Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşlarının fəal iş apardıqları diqqətə çatdırılıb.

Məqaləsində Azərbaycan paytaxtının möhtəşəmliyini də xüsusi qeyd edən professor Z.Avşar tarixən türk dünyasının ən gözəl şəhərlərindən olan Bakının son illər daha da inkişaf etdiyini bildirib. Bakını görməyi oxuculara tövsiyə edən türkiyəli professor Azərbaycan paytaxtının hətta Qərb ölkələrinin şəhərlərindən daha gözəl və səliqəli olduğunu qeyd edib.

Səfəri çərçivəsində Bakı Dövlət Universitetinə də baş çəkdiklərini bildirən Z.Avşar bu ali təhsil ocağının jurnalistika fakültəsinin tədris teleradio studiyasının yüksək texnologiya ilə təchiz edilmiş radio və televiziya otaqları ilə tanış olduqlarını vurğulayıb. Müəllim heyəti ilə əməkdaşlığa dair fikir mübadiləsi apardıqlarını qeyd edən türkiyəli professor jurnalistika fakültəsinin radio və televiziya kafedrasının müdiri dosent Aynur Kərimovanın otaqlarda yaradılan şəraitlə bağlı onlara ətraflı məlumat verdiyini diqqətə çatdırıb.

Məqalənin müəllifi ona Bakı Forumunda Prezident İlham Əliyev ilə görüşüb söhbət etmək nəsib olduğuna görə iftixar duyduğunu yazıb.

O, həmçinin Azərbaycan hökumətinə, Heydər Əliyev Fonduna, V Forumun təşkilatçılarına, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmova, eyni zamanda, yaxın dostu, AZƏRTAC-ın Baş direktoru Aslan Aslanova yüksək qonaqpərvərliyə və nümunəvi ev sahibliyinə görə dərin təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.