SİYASƏT
Prokurorluq Nikolayev şəhərinin barında azərbaycanlılara xidmət göstərməkdən imtina edilməsi ilə bağlı cinayət işi açıb
Kiyev, 15 yanvar, AZƏRTAC
Nikolayev şəhərinin mərkəzindəki “Sotka” barında ofisiantlar qeyri-slavyan milliyyətindən olan şəxslərə - həmvətənlərimizə xidmət göstərməkdən imtina ediblər. Belə münasibətdən hiddətlənmiş şəhər sakinləri söhbəti mobil telefona çəkiblər və bu faktı KİV-də açıqlayıblar.
Vilayət prokurorluğu Ukrayna vətəndaşlarının milli mənsubiyyətinə görə hüquq bərabərliyinin pozulması faktı üzrə cinayət icraatına başlayıb.
Bu barədə AZƏRTAC-a məlumat Nikolayev vilayəti prokurorluğunun mətbuat xidmətindən verilib.
Mətbuat xidmətində həmçinin izah edilib ki, Nikolayev şəhərinin mərkəzində yerləşən barın işçiləri tərəfindən Ukrayna vətəndaşlarının - Azərbaycan diasporu təmsilçilərinin hüquq bərabərliyinin pozulması ehtimalı barədə məlumat onlara kütləvi informasiya vasitələrindən məlum olub.
Məlumatda bildirilir ki, “Məhkəməyə qədər araşdırmanın Vahid reyestrinə Ukrayna Cinayət Məcəlləsinin 161-ci maddəsinin birinci hissəsində (irqindən, milliyyətindən və ya dini görüşlərindən asılı olaraq vətəndaşların hüquq bərabərliyinin pozulması) nəzərdə tutulan cinayət əlamətləri üzrə Ukrayna vətəndaşlarının hüquq bərabərliyinin pozulması faktına dair məlumatlar salınıb”.
Cinayət icraatı başlanılıb, istintaq aparılır. Barın işçiləri təqsirli bilinərsə, onları vətəndaşların vergi tutulmayan minimum gəlirlərinin 200-dən 500-dək misli qədər cərimə və ya 5 ilədək azadlıqdan məhrum edilmə gözləyir.
Vilayət hökuməti də insidentin təqsirkarlarına qarşı ciddi ölçü götürəcəyini söz verib.
AZƏRTAC Ukrinform saytına istinadla bildirir ki, Nikolayev vilayəti administrasiyası sədrinin müavini Oksana Yanişevskaya deyib: “Tərəfimizdən Ukraynanın təhlükəsizlik xidmətinə məktub artıq hazırlanıb, eləcə də vəziyyətin araşdırılması üçün komissiya yaradılacaq”.
Onun sözlərinə görə, bu, həmin barda mili mənsubiyyətə görə ilk diskriminasiya hadisəsi deyil. Həmin yerin qapısında hətta elan asılıb ki, barın administrasiyası səbəbini izah etmədən xidmət göstərilməsindən imtina edə bilər. Buna görə də O.Yanişevskaya söz verib ki, hakimiyyət orqanlarının budəfəki addımları profilaktik söhbətlərlə məhdudlaşmayacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri