CƏMİYYƏT
Prokurorluq orqanlarının əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabeli rayon prokurorluqlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə növbəti ağacəkmə kampaniyası keçiriblər.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilərək genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmin tədbirlərin davamı olaraq “IDEA” İctimai Birliyinin “Yaşıl marafon” layihəsi çərçivəsində birliyin təsis edildiyi dövrdən etibarən həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 4 milyondan artıq ağac əkilib.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin mövcud ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə ağacəkmə kampaniyası keçirib.
Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə Bakı-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 3 hektar ərazidə 500-dən artıq Eldar şamı və zeytun ağacları əkilib, eyni zamanda, həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.
Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.