REGİONLAR
Prokurorluq orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu var
Lənkəran, 1 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda prokurorluq orqanlarının yaradılmasının 98-ci ildönümünə və prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Lənkəran şəhər prokuroru Elçin Məmmədov prokurorluq işçilərini əlamətdar gün münasibətilə təbrik edib.
Azərbaycanda prokurorluq orqanlarının formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu vurğulayan E.Məmmədov prokurorluq işçilərinin peşə bayramının təsis edilməsini böyük rəhbərin bu sahədə çalışanların əməyinə verdiyi yüksək qiymət kimi dəyərləndirib.
Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, prokurorluq orqanları işçilərinin də məişət, sosial problemlərinin həllinə, onların iş şəraitinin yaxşılaşdırılmasına, peşəkarlığının artırılmasına daim qayğı və diqqət göstərdiyini qeyd edən E.Məmmədov prokurorluq orqanlarında çalışanların əmək haqlarının artırıldığını, onların məişət şəraitinin yaxşılaşdırıldığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər prokurorluq orqanlarında çalışanların qanunun aliliyinin qorunmasında, insan hüquq və azadlıqlarının təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidmətlərindən danışıblar.