CƏMİYYƏT
Psixi Sağlamlıq Mərkəzində koqnitiv-davranış terapiyaya dair treninq keçirilir
Bakı, 13 yanvar, AZƏRTAC
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində müasir psixoterapiyanın qabaqcıl metodlarından biri olan koqnitiv-davranış terapiya üzrə treninq keçirilir. Treninq paytaxtın bir sıra tibb müəssisələrindən 25 psixoloq və psixiatrın iştirakı ilə mərkəzin direktoru, professor Fuad İsmayılovun rəhbərliyi altında keçirilir.
Mərkəzin direktor müavini Rüstəm Salayev AZƏRTAC-a bildirib ki, gələn həftə isə mərkəzdə Gürcüstan mütəxəssislərinin iştirakı ilə autizm problemləri ilə bağlı beynəlxalq seminar təşkil olunacaq.
Mərkəzdə fəaliyyət göstərən “İnam” etimad xəttinə daxil olan zənglərə dair sualı cavablandıran R.Salayev qeyd edib ki, ötən il sutka ərzində fəaliyyət göstərən bu xəttə - (012) 409-39-28 və (012) 566 - 50-61 nömrələrinə 500-dən çox zəng daxil olub. Mərkəzin mütəxəssisləri insanlara böhranlı anlarında yardım göstərir, konkret məsələlərdə vətəndaşlara kömək edərək onları ixtisaslaşdırılmış qurumlara, dövlət orqanları və təşkilatlarına istiqamətləndirirlər.