ELM VƏ TƏHSİL


Psixoloqlar abituriyentlərə stressi dəf etmək üçün nəyi məsləhət görürlər?

Bakı, 31 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə ali təhsil müəssisələrinə qəbul imtahanları ərəfəsində abituriyentlərin psixoloji hazırlığını gücləndirmək məqsədilə videokonfrans keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, videokonfransda Bakı, Zaqatala, Qəbələ, Gəncə, Göyçay, Sumqayıt və Şirvan məktəbliləri, müəllim və valideynlər iştirak ediblər.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova iştirakçılara təhsilin önəmini xatırladaraq, 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə imtahan verməyə hazırlaşan abituriyentlərin maarifləndirilməsinə ehtiyac duyulduğunu və bunun səmərəli nəticələr verəcəyini vurğulayıb.

Abituriyentlərin maarifləndirilməsi məqsədilə təşkil olunmuş videokonfransda Dövlət İmtahan Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nigar Hüseynova, Təhsil Nazirliyinin ümumi təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov imtahan qaydaları, universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığının qiymətləndirilməsindən bəhs ediblər.

Tanınmış psixoloqlar Tariyel Faziloğlu və Lalə Ağayeva "Abituriyentlərin qəbul imtahanlarına psixoloji hazırlığı” mövzusunda geniş məruzə ediblər. Bildirilib ki, uzun müddət dərs oxumaq, eyni əzələ və orqanlara düşən gərginlik, intensiv əqli fəaliyyət, istirahət və yuxu rejiminin pozulması, ən əsası emosional yüklənmə əsəb sisteminin gərginləşməsinə səbəb olur. Psixoloqlar abituriyentlərə imtahanqabağı stressi dəf etmək üçün imtahan və onun nəticələri barədə neqativ fikirlərdən uzaq olmağı, pozitiv düşünməyi məsləhət görüblər.

Sonra mütəxəssislər interaktiv formada keçirilən videokonfransda Zaqatala, Qəbələ, Gəncə, Göyçay, Sumqayıt və Şirvandan olan abituriyent və valideynlərin suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.