CƏMİYYƏT
Psixotrop maddə və narkotik vasitə aşkar olunaraq götürülüb
Bakı, 26 avqust, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı Nemət Sultanov gömrük nəzarətindən keçən zaman ondan hər bir konvalyutda 20 ədəd həb olmaqla 5 konvalyut “Clonazepam 2” adlı dərman preparatı aşkar edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, N.Sultanovun əl yüklərinə baxış zamanı yuyucu toz qutusunun içərisindən 1 ədəd bükümdə, xalis çəkisi 48,5 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Vətəndaş N.Sultanovdan aşkar edilən “Clonazepam 2” adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir və 100 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir.