CƏMİYYƏT
Psixotrop maddənin Azərbaycanın gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 180 həbdən ibarət psixotrop maddənin Azərbaycanın gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin əməkdaşları Tehran-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişin Qurbanova Təhminə İsmayıl qızının baqajına müvafiq qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçiriblər. Yoxlama zamanı üzərində “Alprazolam 0.5 mq” sözləri yazılmış 2 ədəd dərman qutularına qablaşdırılan 18 ədəd konvalyutda açıq çəhrayı rəngli 180 ədəd həb aşkar olunub.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə görə isə Qurbanova Təhminə İsmayıl qızında aşkar edilən həblər zavod üsulu ilə hazırlanan “Alprazolam” adlı dərman preparatıdır və bu dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına daxildir.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.