İQTİSADİYYAT
Pul vəsaitlərinin nağdlaşdırılmasına görə 1 faiz dərəcə ilə vergi tutulur
Bakı, 30 mart, AZƏRTAC
Pul vəsaitlərinin nağdlaşdırılmasına görə 1 faiz dərəcə ilə vergi tutulur.
AZƏRTAC Vergiler.az saytına istinadla bildirib ki, Vergi Məcəlləsinin 150.1.12-ci maddəsinə görə, hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Vergi Məcəlləsinin 220.12-ci maddəsinin müddəalarına əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən bank hesablarında olan pul vəsaitlərinin nağdlaşdırılmasına görə yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən sadələşdirilmiş qaydada 1 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur.
Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən bank hesablarında olan pul vəsaitləri nağdsız qaydada istifadə olunduğu halda, aparılan əməliyyat Vergi Məcəlləsinin 220.12-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilmir.