İQTİSADİYYAT
QƏDİM YURD YERLƏRİMİZDƏ HƏYAT DƏYİŞİR
Ordubad rayonunun ucqar dağ kəndi Pəzməridən xeyli aralı, uca dağlar qoynunda qərar tutan, ulu babalarımızın Toz gədiyi, Xəlil yurdu adlandırdıqları yerlər vaxtilə igid el qəhrəmanı Qaçaq Nəbinin oylağı olmuşdur. El arasında Nəbi yurdu kimi tanınan bu yerlər son vaxtlar çox dəyişmişdir. Torpaq onu əkib-becərənlərə verilmiş, yollar abadlaşdırılmış, sosial problemlərin həllinə diqqət artmışdır. Bu da təcavüzkar Ermənistanla sərhəddə olan həmin torpaqlarda məskunlaşan ailələrin sayının artmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu günlərdə burada Fikrət Abdullayevin “Nəbi yurdu” fermer təsərrüfatında olmuş, kənd sakinləri ilə görüşüb söhbət etmişdir. Söhbət zamanı bildirilmişdir ki, burada 500 nəfərə torpaq payı ayrılmışdır. Bu yerlərdə kartofçuluq, tərəvəzçilik, maldarlıq və arıçılığı inkişaf etdirmək üçün əlverişli şərait vardır. Fermerlər onu da vurğulamışlar ki, torpaq mülkyyətçilərinə uzunmüddətli güşətli kreditlər verilərsə, təsərrüfatın müxtəlif sahələrini dinamik inkişaf etdirmək olar.