MƏDƏNİYYƏT
QAHİRƏ KİTABXANASINDA TAPILMIŞ “DİVAN” NİZAMİ GƏNCƏVİNİN DEYİL
İnstitutun direktoru akademik Bəkir Nəbiyevin əmri ilə yaradılmış komissiya “Divan” üzərində aparılmış araşdırmaların nəticələri barədə bu günlərdə yekun iclasını keçirmişdir.
Komissiyanın sədri, institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Tahir Kərimli məsələ haqqında ümumi məlumat verdikdən sonra XV əsr türk şairi Nizami Qaramanlının 1974-cü ildə Ankarada altı mötəbər əlyazması əsasında tərtib və nəşr edilmiş divanını nümayiş etdirmiş və Nizami Gəncəvinin adına Tehranda nəşr olunmuş qəsidələrin hamısının həmin kitabda olduğunu göstərmişdir.
Komissiya üzvlərindən AMEA-nın müxbir üzvləri, professorlar Azadə Rüstəmova, Tofiq Hacıyev, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Məmməd Adilov və başqaları çıxışlarında vurğulamışlar ki, 2003-cü ildə Misirin paytaxtı Qahirə şəhərinin Xədiviyyə kitabxanasında Nizami Gəncəvinin adına qeydiyyatdan keçmiş türkcə əlyazması tapılmışdır. İlk yanlışlıq da məhz bu qeydiyyat prosesində baş vermişdir. Əlyazmanı tapan iki nəfər cənubi azərbaycanlı alim keçən ilin yayında Tehranda divani çap etdirmişlər.
Həmin “Divan”da elə beytlər vardır ki, Nizami Gəncəvinin “Xəmsə”sindəki beytlərə - xüsusilə “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Yeddi gözəl”dəki beytlərə, şairin qəsidələrinə uyğun gəlir. Buna görə də İranlı araşdırıcılar əvvəlcə elə güman etmişlər ki, əlyazma həqiqətən də Gəncəli Nizaminin qələmindən çıxmışdır. Lakin Nizami Qaramanlının türkcə “Divan”ı meydana çıxdıqdan sonra həmin əlyazmanın XV əsr türk şairinə aid olduğuna heç bir şübhə yeri qalmadı.
Komissiya üzvləri göstərmişlər ki, türk şairinin “Divan”ı əldə edilməmişdən öncə də onlarda bu şerlərin Nizami Gəncəviyə məxsusluğu barədə şübhələr böyük idi. Nizaminin əsərlərində Sultan Səncərə daim mənfi münasibət olub, “Divan”da isə əksinədir. Əlyazma başdan-başa mədhiyyədir, burada adı çəkilmiş tarixi şəxsiyyətlər - Pir Əhməd, Sultan Məhəmməd Fateh və başqaları Nizami Gəncəvinin dövründə yaşamamışlar. Əlyazmadakı şerlərin bədii və intellektual səviyyəsi baxımından Nizami Gəncəvi şerindən çox-çox aşağıdır.
Bir sözlə, komissiya üzvlərinin yekdil fikrincə, Xədiviyyə kitabxanasında tapılan əlyazma böyük Azərbaycan şairi Nizami Gəncəviyə aid deyildir.
Akademik Bəkir Nəbiyev komissiyanın işini yüksək qiymətləndirmiş, eyni zamanda, klassik irslə bağlı məsələlərdə hissiyyata qapılmağın, aydınlaşdırmadan hökm verməyin zərərli olduğunu vurğulamışdır.