MƏDƏNİYYƏT
QALİBLƏRİ QİYMƏTLİ MÜKAFATLAR GÖZLƏYİR
Gənclər, İdman və Turizm Nazirliyi və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkil etdiyi 4-cü respublika uşaq folklor musiqisi müsabiqəsinin final mərhələsi martın 26-da keçiriləcəkdir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 9 yaşından 15 yaşınadək uşaqlar arasında keçirilən bu müsabiqədən məqsəd gənc istedadları üzə çıxarmaq, onlara dövlət qayğısı göstərmək, xalq yaradıcılığını təbliğ etməkdir. Müsabiqə musiqi alətlərində kollektiv ifa, kollektiv rəqs və solo vokal çıxışı nominasiyaları üzrə 3 mərhələdə keçirilir. Hər il keçirilən müsabiqədə ölkənin müxtəlif şəhərlərindən 4 minə yaxın uşaq iştirak edir.
Müsabiqənin rayon və zona mərhələlərinin qalibləri finalda çıxış etmək hüququ qazanacaqlar. Hazırda müsabiqənin rayon mərhələsi başa çatmışdır, zona mərhələsi isə martın 5-də başlanacaqdır.
Finalda ilk üç yeri tutmuş müsabiqə iştirakçılarına nazirliyin diplomları, qiymətli mükafatlar və şəhadətnamələr təqdim olunacaqdır.