DÜNYA
QARA DƏNİZ REGİONU AVROPA İLƏ ASİYA ARASINDA KÖRPÜDÜR
Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifovun rəhbərliyi ilə ölkəmizin hökumət nümayəndə heyəti II Beynəlxalq Qara dəniz nəqliyyat konfransında iştirak etmək üçün martın 3-də Kiyevə gəlmişdir.
Abid Şərifov Ukrayna paytaxtında olduğu günlərdə bu ölkənin nəqliyyat naziri, nüfuzlu siyasətçi, “ Vahid Ukrayna uğrunda” seçki blokunun liderlərindən biri V.Pustovoytenko ilə görüşmüşdür. Söhbət zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
Martın 5-də “Rus” mehmanxanasında II Beynəlxalq Qara dəniz nəqliyyat konfransının açılışı olmuşdur. Konfransda dünyanın 30-dək ölkəsinin nümayəndələri iştirak edirlər. Ukrayna Prezidenti Leonid Kuçmanın və baş nazir Anatoli Kinaxın konfrans iştirakçılarına təbrikləri oxunmuşdur.
Tədbiri giriş sözü ilə nəqliyyat naziri V.Pustovoytenko açmışdır. Ukrayna XİN dövlət katibinin müavini A.Motsekin çıxışından sonra Azərbaycan baş nazirinin müavini A.Şərifova söz verilmişdir.
A.Şərifov vurğulamışdır ki, Avropa və Asiya ölkələrinin ticarət-iqtisadi, mədəni və humanitar əlaqələrinin inkişafı və Azərbaycanın bu iki qitənin qovuşuğunda yerləşməsi ölkəmizin nəqliyyat sisteminin əhəmiyyətini müəyyənləşdirir. Natiq demişdir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə aparılan islahatlar bazar iqtisadiyyatı və demokratik dəyişikliklər şəraitində ölkəmizin gələcək sosial-iqtisadi inkişafının sürətləndirilməsinin möhkəm bünövrəsini qoymuşdur. Bu faktı Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Avropa Birliyində də təsdiqləyirlər.
Ölkəmizin iqtisadi inkişafının sürətlənməsi, Azərbaycanın Avropa və Avrasiya strukturlarına inteqrasiyasının daha da genişlənməsi, xarici ticarətin artması nəticəsində daşımaların həcmi xeyli çoxalmışdır.
A.Şərifov etibarlı Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafında ölkəmizin fəal iştirakından danışaraq bildirmişdir ki, bu sahədə Bakı beynəlxalq dəniz limanı, Bakı hava limanı və Azərbaycan dəmir yolunun, magistral avtomobil yollarının və digər kommunikasiya vasitələrinin böyük əhəmiyyəti var.
Azərbaycan baş nazirinin müavini vurğulamışdir ki, regional təşkilatlar çərçivəsində əməkdaşlıq nəqliyyat infrastrukturunun inkişafında mühüm rol oynayır. Məsələn, nəqliyyat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilati, GUÖAM, EKO, MDB çərçivəsində əməkdaşlığın öncül istiqamətlərindən biridir. GUÖAM ölkələrinin ərazilərindən keçən nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi üçün bu qurum çərçivəsində ciddi iş görülür.
A.Şərifov onu da nəzərə çarpdırmışdır ki, Ermənistan-Azərbaycan münaqişəsi regionun iqtisadi inkişafına, xüsusilə nəqliyyat sektorunun inkişafına çox mane olur.
Konfransın yekunlarına əsasən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda avtomobillə yükdaşınmaların sadələşdirilməsi sahəsində qarşılıqlı anlaşma haqqında memorandum imzalanacaqdır.
Konfransın acılışında Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev iştirak etmişdir.
Martın 6-da konfrans öz işini davam etdirəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın ştatdankənar müxbiri
Kiyev