DÜNYA
QƏRBİ AVROPANIN ƏN VARLI ADAMLARI LÜKSEMBURQDA YAŞAYIR
BRÜSSEL. Avropa Birliyinin ən kiçik ölkəsi olan Lüksemburqun sakinləri Qərbi Avropanın ən zəngin adamlarıdır. Burada adambaşına illik gəlir AB üzrə orta göstəricidən təxminən iki dəfə çoxdur. Fərdi gəlirlərə görə Lüksemburqun ardınca digər kiçik ölkələrin – Danimarka, İrlandiya, Hollandiya, Avstriya və Belçikanın sakinləri gəlir.
İTAR-TASS-ın məlumatına görə, AB ekspertlərini belə müfəssəl statistik sxemlər və cədvəllər tutmağa gələcəkdə Avropa Birliyinin genişlənməsi və 2004-cü ildə Baltikyanı dövlətlər də daxil olmaqla, daha on ölkənin Birliyə qoşulması ehtimalı vadar etmişdir. Bu ölkələrdə vəziyyət o qədər də könülaçan deyildir. Adambaşına gəlirə görə təkcə Kipr və Sloveniya Qərbi Avropa ölkələrinin səviyyəsinə yaxınlaşır. Çexlərin gəliri Avropa Birliyi üzrə orta səviyyənin cəmi 60 faizi, macarların və slovakların gəliri 48 faizi, polyakların gəliri 38 faizi qədərdir. Polşadan sonra 2 faiz geridə qalan Estoniya, daha sonra isə Litva və Latviya gəlir.
Üzvlüyə namizəd ölkələrdə işsizliyin səviyyəsi AB üzrə orta göstəricini xeyli üstələyir. Bu göstərici Slovakiyada 19 faiz, Polşada 15 faiz, Estoniya, Litva və Latviyada isə müvafiq olaraq 13, 15 və 14 faizdir.
AB üzvlüyünə namizəd ölkələr, xüsusilə də Baltikyanı respublikalar ancaq ali təhsilli şəxslərin faizinə görə layiqincə təmsil olunmuşlar. AB üzrə 25 yaşından 60 yaşınadək əhali arasında ali təhsillilər orta hesabla 22 faizdirsə, Litvada bundan iki dəfə çoxdur – 44 faiz, Estoniyada 29, Latviyada isə, ən zəngin dövlət olan Lüksemburqdakı qədər -19 faizdir.