DÜNYA
QAZAXISTAN HÖKUMƏTİNİN PROQRAMI
Qazaxıstanın baş naziri İmanqali Tasmaqambetov hökumətin 2002-2004-cü illər üçün proqramı barədə parlamentə göndərdiyi məruzəsində bəyan etmişdir ki, hökumətin yaxın üç ildə başlıca məqsədi respublika əhalisinin həyat səviyyəsinin yüksəldilməsini təmin etməkdir.
Tasmaqambetov demişdir:”Elə bir vaxt gəlib çatmışdır ki, ölkənin əhalisi aparılan islahatların səmərəliliyini gündəlik həyatında hiss etməlidir”. O bildirmişdir ki, bu məqsədlərə çatmaq üçün “sabit sosial-iqtisadi inkişafa, iqtisadiyyatın tarazlıq səviyyəsinin artırılmasına, kapitalın hərəkətinin fəallaşdırılmasına və kapital yığımına, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə nail olmaq lazımdır”.
Baş nazirin dediyinə görə, hökumətin qarşısında yeni istehsal sahələrinin yaradılması, iqtisadiyyatın yeni texnologiya səviyyəsinə çıxarılması, dövlət idarəetmə orqanlarının vəzifə və səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsi və bölüşdürülməsi, iqtisadi şərtlərin dəyişilməsinə tam uyğun reaksiya verən sistemin yaradılması kimi öncül vəzifələr durur.