SİYASƏT
QAZAXISTAN XƏZƏRDƏ HƏRBİ DƏNİZ DONANMASINI YARADACAQDIR
“İraq ətrafındakı hərbi-siyasi vəziyyətlə əlaqədar Qazaxıstan öz cənub və qərb hərbi dairələrini möhkəmləndirir”.
AZƏRTAC-ın xüsusi müxbiri Almatıdan xəbər verir ki, bu sözləri Qazaxıstanın müdafiə naziri Muxtar Altınbayev ölkə parlamentindəki çıxışında demişdir. O, bildirmişdir ki, Qazaxıstan üçün hərbi təhlükə yaranarsa, öz sərhədlərini qorumaq məqsədi ilə respublika 1,5 milyon canlı güvvə səfərbər etməyə hazırdır.
Nazir demişdir ki, Qazaxıstan Xəzərdə Hərbi Dəniz Donanmasını yaratmaq fikrindədir. Belə bir donanma 2010-2015-ci illərə qədər formalaşa bilər. Dənizdə hərbi qüvvələrin möhkəmləndirilməsi Qazaxıstanla dostluq əlaqələri olan Xəzəryanı dövlətlərin əleyhinə yönəldilməyib.
Müdafiə naziri daha sonra bildirmişdir ki, apreldə keçiriləcək hərbi dəniz təlimləri nümayiş etdirəcək ki, Qazaxıstan ordusu peşəkardır, biz Xəzərdəki sərhədlərimizin və neft yataqlarının təhlükəsizliyini təmin etməyə qadirik.
Qazaxıstanın Hərbi Dəniz Donanması Xəzərdə hava məkanını, sualtı və suüstü məkanı nəzarətdə saxlayacaqdır. İlkin mərhələdə Qazaxıstan Hərbi Dəniz Donanması ABŞ, Rusiya və İngiltərənin yardımı ilə yaradılacaqdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı