İQTİSADİYYAT
“QAZ” qrupu Azərbaycana avtomobil tədarükü barədə danışıqlar aparır
Bakı, 28 fevral, AZƏRTAC
Rusiya Federasiyası Nijni Novqorod Vilayəti Hökuməti “QAZ” qrupuna məhsullarını MDB ölkələrinin bazarında təbliğ etməsində kömək edir. Hazırda avtomobillərin Azərbaycan və Tacikistana tədarükü barədə danışıqlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Nijni Novqorod vilayətinin qubernatoru Valeri Şantsev Soçidə keçirilən Rusiya İnvestisiya Forumu zamanı TASS-a müsahibəsində məlumat verib. Qubernator deyib: “Hazırda Azərbaycan ilə danışıqlar aparılır, 2017-ci ildə “QAZ” qrupu üçün Tacikistan da perspektivli bazardır. Biz bütün MDB respublikaları üzrə bu işi aparırıq”.
Valeri Şantsev bildirib ki, keçən il Tacikistanda olarkən oranın prezidenti, habelə Düşənbənin meri ilə şəxsən görüşüb və texnikanın tədarükü məsələlərini müzakirə edib. “Orada “QAZ”a böyük ümidlə yanaşırlar, çünki bizim texnikaya sovet dövründən öyrəşiblər, onu ən etibarlı, rahat və hamı üçün sərfəli hesab edirlər. Onlar indi hesab edirlər ki, qiymətdə və keyfiyyətdə ən yaxşısı bizim məhsullardır. Hər şeydən əvvəl onları “Qazeli” ortatonnajlı yük maşınları, avtobuslar və digər texnika maraqlandırır”, - deyə V.Şantsev qeyd edib.
“QAZ” qrupu yüngül və ortatonnajlı avtomobillər, habelə yük maşınları, minik avtomobilləri, güc aqreqatları və avtomobil hissələri istehsal edir, Rusiyanın səkkiz regionunda 13 müəssisəni birləşdirir.