SİYASƏT
QDİƏT PA-nın müşahidəçiləri: Seçkilər zamanı heç bir qanunazidd hərəkətlə rastlaşmadıq VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyası Azərbaycan Milli Məclisinə seçkilərlə bağlı rəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar noyabrın 2-də “Seçkilər” Media Mərkəzində keçirilən mətbuat konfransında QDİƏT PA-nın üzvü, Yunanıstan parlamentinin deputatı Symeon Kedikoglu müşahidələr zamanı heç bir qanunazidd hərəkətlərlə, seçki prosesinə müdaxilə halları ilə rastlaşmadıqlarını, seçkilərin azad, şəffaf və demokratik keçdiyini bildirib.
O deyib: “Mən seçkiləri müşahidə sahəsində kifayət qədər təcrübəyə malikəm. Azərbaycanda müşahidə apardığım seçki məntəqələrində bir çox insanlarla söhbət etdim, müşahidəçilərlə müzakirələr apardım. Məntəqələrdə hər şey qanunauyğun idi.
QDİƏT PA-nın baş katibi Asəf Hacıyev də Azərbaycanda seçkilərin demokratik və şəffaf keçdiyini vurğulayıb.
Parlament Assambleyasının Bolqarıstandan olan üzvü Petar Georgiev Kanev seçkilərin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. O, noyabrın 1-də Bolqarıstanda bələdiyyə seçkilərinin keçirildiyini bildirərək deyib: “Ölkələrimizdəki seçkilərin nəticələrinə əsasən tam əminliklə deyə bilərəm ki, xalqlarımız dünyada gedən çətin proseslər fonunda düzgün yolu - sabitliyi seçiblər”.
Serbiya parlamentinin vitse-spikeri İqor Becic bir çox seçki məntəqələrində olduğunu, heç bir qanun pozuntusu ilə rastlaşmadığını qeyd edib. O deyib: “Azərbaycanı yüksək səviyyədə təşkil olunmuş, beynəlxalq normalara cavab verən seçkilər münasibətilə təbrik edirəm”.