CƏMİYYƏT


“QHT İdarəetmə Akademiyası: Beynəlxalq təcrübə” layihəsi çərçivəsində silsilə tədbirlərə start verilib

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “QHT İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində noyabrın 25-dən etibarən silsilə tədbirlərə start verilib.

AZƏRTAC xəbər verir ki, QİDA proqramı əsasında reallaşdırılan “QHT İdarəetmə Akademiyası: Beynəlxalq təcrübə” layihəsi ilk dəfə olaraq xarici ekspertlərin iştirakı ilə beynəlxalq təlim kursu formatında təşkil edilir. Noyabrın 28-dək davam edəcək layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilati dəstəyi, Avropa Gənclər Forumunun və “AIESEC Global”ın tərəfdaşlığı ilə keçirilir.

Layihənin məqsədi gənclər təşkilatları üzvlərinin beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq qurumlarda təmsil olunmasını dəstəkləmək, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığına dair ətraflı məlumatlandırma işinin aparılmasıdır.

Beynəlxalq təlimçilərin iştirakı ilə dörd gün ərzində keçiriləcək silsilə tədbirlər “Avropa fondları vasitəsilə fandreyzinq”, “Erasmus+ proqramında gənclərin iştirakı və Gənclər evlərinin rolu”, “Dayanıqlı İnkişaf Məqsədləri və Gənclərin BMT-də rolu” və “Gənclər təşkilatlarının beynəlxalq təmsilçiliyi və gənclər mübadiləsi” mövzularını əhatə edəcək.

Layihə çərçivəsində “Gənclər təşkilatlarının beynəlxalq təmsilçiliyi və gənclər mübadiləsi” mövzusunda ilk tədbir “Avropa Gənclər Paytaxtı” olan Gəncədə keçirilib. Tədbirdə layihə haqqında iştirakçılara ətraflı məlumat verilib, ekspertlərin iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

2013-cü ildən start verilən QİDA proqramı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ARGTMŞ tərəfindən həyata keçirilir. QİDA proqramı çərçivəsində təşkil olunan təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və potensialının artırılmasıdır. Bu günədək 73 gənclər təşkilatından 700-dən çox iştirakçı QİDA proqramı çərçivəsində keçirilən 54 təlimdə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.