REGİONLAR
“QHT İdarəetmə Akademiyası: beynəlxalq təcrübə” layihəsi çərçivəsində Gəncədə sessiya təşkil olunub
Gəncə, 12 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Avropanın Gənclər Paytaxtı Gəncə şəhərində “QHT İdarəetmə Akademiyası: beynəlxalq təcrübə” layihəsi çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Gənclər təşkilatlarının beynəlxalq təmsilçiliyi və gənclər mübadiləsi” mövzusunda panel sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, “QHT İdarəetmə Akademiyası: beynəlxalq təcrübə” layihəsinin əsas məqsədi gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaqdır. Həmçinin iştirakçıları Avropa Gənclər Fondu, Avropa Gənclər Forumu və digər beynəlxalq platformalar ilə daha yaxından tanış etmək, beynəlxalq layihələrin həyata keçirilməsi üçün Avropa Gənclər Fondunun qrant müsabiqələrinə müraciət qaydalarının öyrədilməsi, BMT Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığa dair ətraflı məlumatın verilməsidir.
Panel sessiyasında əvvəlcə layihə haqqında iştirakçılara ümumi məlumat verilib. Daha sonra ekspertlərin iştirakı ilə Avropa Şurasının gənclərlə iş sahəsində təcrübəsi, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və gənclərin DİM-lərin təbliğində iştirakı ilə bağlı müzakirələr aparılıb.
Sonda ekspertlər gəncləri maraqlandıran sualları cavablandırıb, təcrübələrini bölüşüblər.